Modern.az

Müşfiqlə cənnətdən "MÜSAHİBƏ"

Müşfiqlə cənnətdən "MÜSAHİBƏ"

25 May 2013, 14:17



Modern.az öz orijinal layihəsinə başlayır. Klassiklərlə müsahibə silsiləsinsən ilk müsahibimiz Mikayıl Müşfiqdir.

- Şair,  gənc yaşda  öldünüz...
-

 Ey şanlı ölkəmin şanlı ustası,
   Düşdümü əlindən həyat fırçası?
   Ey söz üzüyünün yanar alması,
   Ürəyin tutulub ləkələndimi ?!.
   Öldü bir usta ki, ustalar başı,
   Öldü,ağlamayan gözlər ağlasın,
   Qələmlər,kağızlar,sözlər ağlasın !


- Qarabağ dərdimizdən halisizmi ?


 -Çox deyil, on beş il bundan qabaqdı,
  O il Qarabağda qandan sel axdı.
  Dağlara, daşlara yaman səs düşdü,
 Vurhavur,qırhaqır,kəshakəs düşdü...
..Sizi əsir etdi bir dəstə daşnaq,
Birisi nağanı şaqqıldadaraq,
Sərdi qan içində ananı yerə,
Qoy cıxsın yadından həmin mənzərə...


-Şair, Qarabağ öz dərdindən halidirmi ?


Yenə keçmişin andı Qarabağ.
   Nə deyim,bir zaman candı Qarabağ.
   Uydu məliklərə,uydu bəylərə,
   Bir axşam fəryadı cıxdı göylərə.
   Neçin ilqarını dandı Qarabağ ?
   Pozdu bir əzəli andı Qarabağ ?
  Müsavat atəşi, erməni fitnəsi.


Sizin üçün Qafqaz hansı mənanı kəsb edir ?


Həp sənsin deyilmi olanım ,olmazım,
  Qafqazım,Qafqazım,qazanclı Qafqazım.
  Olmasın kimsədən minnətim,niyazım,
  Şişəcək Kür çayım, coşacaq Arazım,
   Qafqazım, Qafqazım...


 – Şair, sənə xoş xəbərim var, tar sənin arzuladığın layiqli
  məqamına muğamla birgə çatdı...


Oxu , tar, oxu, tar !..
   Səsindən ən lətif şeirlər dinləyim.
   Oxu ,tar,bir qadar !..
    Nəğməni su kimi alışan RUHUMA çiləyim,
    Oxu, tar ,
    Səni kim unutar ?


–  Tezliklə yay gəlir..


Yenə o bağ olaydı, yenə yığışaraq siz
          O bağa köcəydiniz.

Qaçılmaz bir sual, şəhər kənd münasibətləri...


-      Şəhəri görməyə kəndim tələsib
        Kəndə qovuşmağa şəhərim gəlsin !


Zamanımız skayp, videotelofon zamanıdır, otuzuncu illərdə bu ağılabatan idimi ?


Əvət, böylə qalmaz yarın bu ölkə,
         Telefonda fikrimi açarkən sənə,
          Həsrətlə baxdığım üzün də bəlkə
         Uzaqdan uzağa görünər mənə.

          Məhəbbətin dərin, xəyalın dərin,
          Nə çıxar sözlərə könlümü versəm ?!
          Əslinə varmaqçın bu söhbətlərin,
          Nolur gözlərini telfonda görsəm ?!


 – Yeni göydələnlərin inşası Bakını tozanaq edib...


       –Yenə toz...aman, bu toz buludları nə istər
          Bilməm səndən, ey Bakı, sən ey atəş diyarı !
          Sən ey birdən dirçəlib, birdən boy atan şəhər,
          Üzərindən qovsana bu iynəli ruzgarı !


Son illərdə şəhərimizdə çoxlu bağlar salınır...


          Mən istərəm dörd yanın ormanlarla qapansın,
          Nəfəs alıb verəsən göy yarpaqlar içində,
          Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın
          Gəzdikcə zövqə dalsın kölgə bağlar içində.


Həyat nədir ?
          

 –       Həyat nədir? Sual verdim özümə,
           Mənasını çiçəklərdən öyrəndim...
       ...Həyat nədir ? Ölüm nədir ? Boş sual!
           Sevda nədir ?  Hicran nədir ? Bir xəyal !


Qonşularımızın hamısı vətənimzdən nə isə umur...


           Vətənimdə yadların,
           Qan içən cəlladların
           Ta əzəldən gözü var.
           Ömrümdə, həyatımda,
           Ağımda, bayatımda,
           Min bir dərdin izi var.
           O keçən dövranımda,
           Hankı " dostun " yanımda
           Danışmağa üzü var ?
           Hər gələn çapdı məni,
           Oyuncaq yapdı məni,
           Buna kimin sözü var ?


Şairin sabahımıza inamı ?


Dayan , könül, bir qədər !
        Hər gecənin demişlər :
        Bir aydın gündüzü var.


Gənclərimizə hansı tövsiyyəniz var ?


 –
            Hər dərdə dözə dözə,
           Düşmənimlə üz üzə
           Duran sən olacaqsan !
           Bizi irəli atan ,
           Uyğumuzu sarsıtan
           Boran sən olacaqsan.


  Müşfiq xalqına nə arzulayardı ?
       
– Mənim könlüm deyir ki,
                              hələ bunlar nədir ki...
                 Böyük günlər, şanlı günlər , şən günlər
                              Yoluna düşən günlər
                              hələ qarşımızdadır !

 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı