Modern.az

"Yanıq Kərəmi" çal

"Yanıq Kərəmi" çal

26 May 2013, 10:35

Əziz Musa

ANAMIN  ŞƏKLİ

Şəklini asmışam başımın üstən,
Hər gecə anama layla çalıram.
Qara saçlarıma çoxdan düşüb dən,
Onun xəyalıyla nəfəs alıram.

Baxıram şəklinə mən səhər, axşam,
Qəlbimə bir həsrət yağışı yağır,
Sönüb yollarıma nur saçan bir şam,
Onun yoxluğunun nisgili ağır,

Bu payız nə yaman qüssəli gəldi,
Ayrılıq gətirdi durna qatarı.
Ömrümə, günümə qəm fəsli gəldi,
Səpdi zirvələrə ağappaq qarı.

Durna qatarına qoşuldu anam,
Qəlbimi yandırdı bu köç harayı.
Vida nəğməsini oxudu sonam,
Dağıldı məhəbbət, sevgi sarayı.

Daha göz yaşına öyrənmişəm mən,
Səslərin içindən səs eşidirəm.
Diksinib yuxudan qalxıram hərdən,
Canımdan, ruhumdan ayrı düşürəm.

Hər gün gözləyərdi yolumu mənim,
Hər gün ötürərdi evdən çıxanda,
Daha soruşan yox halımı mənim,
Gözlərim yaşarır şəklə baxanda.

***

CANIM  QARDAŞ

Babam yoxdu, nənəm yoxdu,
Atam öldü, nənəm köçdü.
Canım qardaş, bu nə dərddi,
Həsrət gəlib bizi seçdi.

Əmim hanı, dayım hanı?
Itib, batdı karvanımız.
Biz yaşda adam qalmayıb,
Can üstəyik qalanımız.

Itirdik çox doğmaları,
Qəm gətirdi aylar, illər.
Azaldı dostların sayı,
Hanı o obalar, ellər?

Vətəni, yurdu sevənlər,
Axıradək döyüşdülər.
Dünən doğulan uşaqlar,
Təzə sevdaya düşdülər.

Yaddan çıxır yurd yerləri,
Indi hamı bakılıdı,
Hardasan ay yurd yiyəsi?
Bu gecə bir qurd uladı.

Kim qarğıdı Qarabağa,
Yolumuzu duman aldı.
Doğma yurda qayıtmağa,
Qardaş, gör kimimiz qaldi?

***

DARIXDIM

Darıxdım, darıxdım, yaman darıxdım,
Sənsiz hər bir anım əzabla keçdi.
Səni həsrət ilə gəzdim, aradım,
Gördüm ki, sən yoxsan, bu həyat heçdi.

Daha mənim deyil, ürəyim, canım,
Sevgi bir aləmdi, bir möcüzədi.
Sənsən ömrüm, günüm, sənsən həyatım,
Indi mən bilmişəm sənsizlik nədi.

Üstümə yeridi dünyanın qəmi,
Saldı dərdə, qəmə ayrılıq məni.
Yummadım gözümü səhərə kimi,
Ruhumu üşütdü gözümün çəni.

Allahın bəlası, sən nə imişsən,
Canımı almısan bircə baxışla.
Indi taleyimin sahibi sənsən,
Sənə zalım desəm, məni bağışla.

Gəl ceyran balası, gəl canımı al,
Sənsiz ömrün, günün mənası yoxdu.
Sən mənim tacım ol, tacidarım ol,
Həsrətin, hicranın cəfası çoxdu.

***
MƏNİM İSTƏDİYİM

Mən də bu dünyanın bir bəndəsiyəm,
Azadlıq aşiqi, haqqın səsiyəm,
Axı nə günahın mən yiyəsiyəm,
Yollarım, izlərim dumandı, çəndi.

Sözüm sərhədləri adlaya bilmir,
Ahım fələkləri odlaya bilmir.
Gözlərim sevınmir, ürəyim gülmür,
Yurd, yuvam dağıldı, ocağım söndü.

Ayrılıq gələndən ömür calaqdı,
Dərd-qəm sinəm üstə qalaq-qalaqdı.
Gözlərim dərd süzən qoşa bulaqdı,
Unuda bilmirəm o doğma kəndi.

Insan qərib yerdə olmaz bəxtiyar,
Hər şeydən əzizdi bu doğma diyar.
Mənim bu dünyadan bir umacağım var,
Mənim istədiyim yurddu,Vətəndi.

***
BU GÖZƏL

Tanrının payıdı, eşqin matahı,
Ağlımı başımdan aldı bu gözəl.
Gözəllik tacıdı, güllərin şahı,
Şirindi, şəkərdi, baldı bu gözəl.

Baharı gətirir hər gəlişiylə,
Adamı mat qoyur şux yerişiylə.
Odlu baxışıyla, xoş yerişiylə,
Canımı odlara saldı bu gözəl.

Düşdüm mən sehrinə gözəl gözlərin,
Qəsdi öldürməkdi bu gözəllərin.
Nazı çox gözəlmiş şəfəqin, zərin,
Qəlbimdə əbədi qaldı bu gözəl.

Nuruyla bəzədi çölü, çəməni,
Qovdu gözlərimdən dumanı, çəni.
Qaşıyla, gözüylə dindirdi məni,
Dedim bəs dilsizdi, laldı bu gözəl.

Cənnət də görməyib belə ceyranı,
Üzdü ürəyimi, yandırdı canı.
Döndərdi məcnuna Əziz Musanı,
Könlümün sultanı oldu bu gözəl.

****
VƏTƏN BOYLANIR

Ayrılıq fikrimi çəkir min yerə,
Həsrətdən, hicrandan ürəyim əsir.
Daha dözmək olmur bu dərdə, sərə,
Ruhum bir quş kimi yurda tələsir.

Sözüm səhər, axşam yollara çıxır,
Sözüm qan ağlayır sərhəd keçəndə.
Bu dərd ürəyimi, qəlbimi sıxır,
Ömrüm ötüb keçir əzab içində.

Canımın ağrısı yurd ağrısıdı,
Mənim istədiyim kənddi, kəsəkdi.
Qarabağ qəlbimin bir parçasıdı,
Şirin arzularım üşüyür indi.

Sinəmin dağları dağlardan betər,
Ağlayan gözlərim qaynar bulaqdı.
Qəm-qüssə gətirir hər gələn səhər,
Dərdim ürəyimdə qalaq-qalaqdı.

Mənim qələmimdən qan süzür hələ,
Ürəyim vərəqin üstündə yanır.
Hərdən söz qoşsam da çiçəyə, gülə,
Hər kəlmə sözümdən Vətən boylanır.

***
QARABAĞ

Tanrı bizi bağışlamaz,
Biz Qarabağa getməsək.
O yurd bizə oğul deməz,
Bu canı fəda etməsək.

Birləşməsək yumruq kimi,
“Cəngi” üstə köklənməsək.
Keçməsək dumandan, çəndən,
Bizim olmaz o kənd, kəsək.

Yaramıza duz basmasaq,
Özgələr bizi oyatmaz.
Atılmasaq döyüşlərə,
Qarabağ bizə qayıtmaz.

***
MƏN ÖLƏNDƏ

İsti nəfəs görməyəndə sönər ocaq,
Məhəbbətdir bu dünyanın tacı ancaq.
Özgə mənim yoxluğumu duymayacaq,
Anam yoxdu, qəbrim üstə özün ağla.

Aylar, illər bir quş kimi ötüb gedər,
Yavaş-yavaş unudular, hər şey itər.
Məndən sonra qoyma solsun xatirələr,
Sözlərimi yaddaşında yaxşı saxla.

Sən güləndə dünya, aləm cənnət olar,
Ürəyimə şirin-şirin nəğmə dolar.
Sənsiz ruhum bu dünyada ağlar qalar,
Mən öləndə gözlərimi özün bağla.

***
GƏLİN

Bəxti kəm yazılıb bizim millətin,
Biz bəxtlə, taleylə barışanlarıq.
Fikrini çəkmirik bu məmləkətin,
Var-dövlət haqqında danışanlarıq.

Bizdən ötüşənə sevinən bizik,
Hələ yol gəlirik yurd verə-verə.
Biz elə düzlərdə qalan düzlərik,
Neyləyək özünü düşünür hərə.

Hər dərdi ələmir vaxtın ələyi,
Yıxır evimizi mənəm-mənəmlik.
Gəlin qınamayaq şox da fələyi,
Bulanıb, durulmur sular hələlik.

Hələ dilimizin altında çöp var,
Ayağa baxırıq biz görüşəndə.
Çəkilmir göylərdən qara buludlar,
Biz kəndir kəsirik imkan düşəndə.

Hamı yaxşı bilir kimik, nəçiyik,
Zəif damarımız yadlara bəlli.
Igid babaların aciz nəsliyik,
Allaha qalıbdı torpağın həlli.

Həsrətdən alışır,qovrulur ürək,
Eşidən olmayır haqq səsimizi.
Gəlin yurd niskilli söhbət eyləyək,
Bəsdi təriflədik öz-özümüzü.

***
İSTƏYİRƏM MƏN

Sönən ocaqların, odun xətrinə,
Solan çiçəklərin, otun xətrinə,
Həsrətlə boylanan yurdun xətrinə,
Bir şeir oxumaq istəyirəm mən.

Düşmən caynağında ilişib qalan,
Vətən deyiləndə gözləri dolan,
Hər sözü ah-nalə, qəm-kədər olan,
Bir şeir oxumaq istəyirəm mən.

Uca zirvələrdə şimşəklər çaxıb,
Dünyanın sel-suyu gözümdən axıb.
Ağlaya-ağlaya göylərə baxıb,
Bir şeir oxumaq istəyirəm mən.

Bir odlu baxışa, bir qara gözə,
Ətirli çöllərə, dərəyə-düzə,
Nazlı bənövşəyə, şehli nərgizə,
Bir şeir oxumaq istəyirəm mən.

Görüşə bilmədim nurlu səhərlə,
Dünyanın dərdinə dözdüm səbirlə.
Yarı hıçqırıqla, yarı qəhərlə,
Bir şeir oxumaq istəyirəm mən.

***
BİRCƏ XOŞ GÜLÜŞÜN

Səpmə saçlarıma ağappaq qarı,
Bölək sevgimizi səninlə yarı.
Neynirəm dövləti, neynirəm varı,
Bircə xoş gülüşün bəsimdi mənim.

Qəlbimdən keçəni açıb demirəm,
Dərdimi heç kimə qaçıb demirəm,
Çiçək istəmirəm, gül istəmirəm,
Bircə xoş gülüşün bəsimdi mənim.

Nə olsun sarayım, bağça-bağım yox,
Qəlbim, gözüm toxdu, bir aclığım yox,
Tanrıdan özgə bir umacağım yox,
Bircə xoş gülüşün bəsimdi mənim.

Kimsə inciməyb hələ dilimdən,
Tanrı ayırmasın məni gülümdən.
Hər şeyi verərəm vallah əlimdən,
Bircə xoş gülüşün bəsimdi mənim.

****
ŞAİRLƏR

Şairlər də əkinçidi,
Söz əkir,şeir bitirir.
Şairin ilham pərisi,
Göylərdən ulduz gətirir.

Şairlər söz xiridarı,
Sözü sevib, sevdirirlər.
Bəzən bir qafiyyə üçün,
Gecə-gündüz yol gedirlər.

Şairlər sevda dəlisi,
Şairlər sözün məcnunu.
Şair sözü sığallayır,
Sözlə doludu xurcunu.

Şair təbi coşqun dərya,
Ruhu sahilə sığışmır.
Xəyalı hey qanadlanır,
Şərlə, yalanla barışmır.

Şairlər çələng toxuyur,
Sözü ipə-sapa düzür.
Azadlıq nəğməsi qoşur,
Vətəni dolaşıb gəzir.

Sözü döndərir inciyə,
Ilham alır vərdişindən.
Şairlərə əzab verib,
Ayırmayın öz işindən.

***
ÜŞÜDÜR

Mən dilimdə “ah” kəlməsi bitirdim,
Eldən-elə qüssə-kədər gətirdim.
Cavanlığı yolda-izdə itirdim,
Saçımdakı ağ qar məni üşüdür.

Bir xəbər yox çəmənimdən, gülümdən,
Arzularım uçub getdi əlimdən.
Ayrı düşdüm Vətənimdən, elimdən,
Aradakı  hasar məni üşüdür.

Od qaladım, özüm yandım közümdə,
Axar sular selə döndü gözümdə.
Ayrılıqdan xəstə düşdüm özüm də,
Həsrət adlı azar məni üşüdür.

Duman gəldi, çən ağlatdı yaylağı,
Bülbül uçdu, talan oldu gül bağı.
Alan aldı, satan satdı torpağı,
Tərəzisiz bazar məni üşüdür.

Bu ayrılıq ürəyimi dağlayır,
Yalan vədlər əl-qolumu bağlayır.
Əziz Musa Vətən deyib, ağlayır,
Əsir torpaq, diyar məni üşüdür.

***
CANI YOX

Zalımın, daş qəlblinin,
Qanı yoxdu, qanı yox.
Haqlının haqdan özgə ,
Xanı yoxdu, xanı yox.

Lal başa düşər lalı,
Az danışar ağıllı.
Kasıbın zər-zibalı,
Donu yoxdu, donu yox.

Çox olsun dostun sənin,
Olmasın bir deyənin.
Sevib, sevilməyənin,
Canı yoxdu, canı yox.

Qədrini bil hər dənin,
Nəfsindi öz düşmənin.
Özünü düşünənin,
Adı yoxdu, sanı yox.

Sözü haqdı Əzizin,
Dərd-qəm qatlamaz dizin.
Imansızsn, dinsizin,
Səmti yoxdu, yönü yox.

***
“YANIQ KƏRƏMİ” ÇAL

Uca zirvələri qoyub gəlmişik,
Həsrətdən, hicrandan doyub gəlmişik.
Ayları, illəri sayıb gəlmişik,
“Yanıq  Kərəmi” çal, ağlayaq aşıq.

Əkdiyi tikanlar bitdi keşişin,
Keşişlər dəyişməz heç vaxt vərdişin.
Bir sonu görünmür hələ bu işin,
“Yanıq Kərəmi” çal, ağlayaq aşıq.

Qovub  çıxartdılar cənnətdən bizi,
Duman, çən bağladı yolları, izi.
Dağlara çırpdılar saf eşqimizi,
“Yanıq Kərəmi” çal, ağlayaq aşıq.

Günəşin nuruyla qalxdıq, oyandıq,
Hər yalançı vədə, sözə inandıq.
Nakam məhəbbətin oduna yandıq,
“Yanıq Kərəmi” çal, ağlayaq aşıq.

Saldı dərdə, qəmə Xan Əsli bizi,
Həsrət kor eylədi  gözlərimizi.
Ayrılıq qatladı dizlərimizi,
“Yanıq Kərəmi” çal, ağlayaq aşıq.

***
HƏLƏ İNANIRIQ

Görünmür bu dərdin axırı, sonu,
Daha ümidimiz tükənib qardaş.
Qalındı həsrətin, hicranın donu,
Qurumur gözümdə bu niskilli yaş.

Gəlmir qulağıma “Cəngi” havası,
Sərhəd məftilləri ağı oxuyur.
Ağırdı qürbətin suyu, havası,
Əsən küləklər də dərd-qəm qoxuyur.

Hanı haqq bağıran ərənlər, ərlər,
Hanı oğuzların kişnəyən atı?
Indi öz başını qoruyur əsgər,
Qalıbdı aranda eli, elatı.

Indi dərdi birdi hər birimizin,
Yatıb el-obanın Qaraçuxası.
Ruhu qaçaq düşüb yurd sevgimizin,
Qalıb yad əllərdə elin yaxası.

Içindən qurd yeyib çox ağacları,
Nə bağımız qalıb, nə qoruğumuz.
Yabılar dolaşır yal-yamacları,
Indi çal-çağırdı hər uğurumuz.

Yurdu verə-verə gəlirik hələ,
Vətən oğul deməz yurd satanlara.
Hələ inanırıq hər şirin dilə,
Hələ sağalmayır bu qanlı yara.

***

AYRILIQ

Işimiz bir müşgül düyünə düşüb,
Deyəsən bu dərdin dərmanı yoxdu.
Xışımız qayaya, daşa ilişib,
Şərin havadarı, köməyi çoxdu.

Hələ eşidilmir hay-harayımız,
Bizi yuyub sərir xəcalət təri.
Yerlə yeksan olub xan sarayımız,
Demə ayrılıqmış dərdin betəri.

Nə vaxtdı bağlanıb işıq gələn yol,
It hürən tərəfə getmək olmayır.
Dumana bürünüb o yamac, o yal,
Daha qayıtmağa ümid qalmayır.

Düşmən yurd eyləyib doğma yerləri,
Dağların tüstüsü başından çıxır.
Həsrətin, hicranın acı yelləri,
Əsəndə adamın  ürəyin sıxır.

Kəndiri kəsilib dərin quyunun,
Daşınıb bağlardan qızıl almalar.
Köhnə dəyirmanın kəsiblər suyun,
Köçübdü yurdundan ellər, obalar.

Çiçəklər batıbdı kədərə, qəmə,
Ayılar dağıdıb arının şanın.
Çoxdan fatihəsi oxunub demə,
Şəhid Xocalının, əsir Şuşanın.

***
DUR  GƏL

Bənövşə açıbdı, nərgiz açıbdı,
Yuxumu gözümdən sən qaçırıb gəl.
Pəncərəm açıqdğ, qapım açıqdı,
Hicran hasarını sən uçurub gəl.

Pəncərəm önündə iydə ağacı,
Dönüb bir kamana inləyir külək.
Dur gəl, ey ömrümün, başımın tacı,
Quş kimi çırpınır sinəmdə ürək.

Gəl gör ki, aşiqin nə şəkir indi,
Tükənən səbrimin əlindən yapış.
Bu canım, ürəyim bil ki, sənindi,
Sevdalı aylardan, illərdən danış.

Sən aylı, ulduzlu uzun gecəyə,
Nur saçan günəşi, səhəri gətir.
Son qoy bu həsrətə, bu işgəncəyə,
Yaman darıxıram, özünü yetir.

Bənövşə ətirli şeirimi dinlə,
Qoy durum dolanım, sənin başına.
Sevinim səninlə, gülüm səninlə,
Səni qərq eyləyim gül yağışına.

***
BİLİRƏM

Çiçəkləri sevirsən,
Çox sevirsən, bilirəm.
Sən özün də çiçəksən,
Səndən ötrü ölürəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir