Modern.az

Mingəçevirdə elçiliyə gedəndə, deyirlər ki, "evdə pensiya alan varsa, qızı verə bilərik"

Mingəçevirdə elçiliyə gedəndə, deyirlər ki, "evdə pensiya alan varsa, qızı verə bilərik"

29 Mart 2010, 11:11

47 SAYLI MİNGƏÇEVİR SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ  

«525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı layihəyəsi çərçivəsində millət vəkilinin parlament seçkiləri ərəfəsində seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini, seçicilərlə necə işlədiyini araşdırır, seçki dairəsinin ərazisində yaşayanlardan onu tanıyıb-tanımadıqlarını soruşur, seçiciləri narahat edən məsələləri öyrənirik. Bu dəfəki reportajımızı Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadənin  deputat seçildiyi 47 saylı Mingəçevir seçki dairəsindən hazırladıq. Qeyd edək ki, şəhərə gedişimiz Novruz bayramı günlərinə təsadüf etdi.

”Deputatın sözünü eşidərlər…”  

Mingəçevir şəhərinə daxil olanda ilk həmsöhbətimiz uzunqulaqla yol gedən Əli dayı oldu. Əli dayı uzunqulağı elə yükələmişdi ki, yazıq heyvanın imkanı olsaydı qaçıb gedərdi. “Ay bala, uzunqulaq sevinsin ki, ona mən sahib çıxmışam. Vaxtında otunu, suyunu verirəm. Bəs mənə sahib çıxan varmı...? Nə şəhərdə iş var, nə də kənddə. Dolana bilmirik, aldığım pensiya qəpik-quruşdu, yavan çörəyimizə güclə çatır. Gedin özünüz maraqlanın, görün camaat hansı gündə yaşayır”-deyə həmsöhbətimiz söylədi.
Əli dayını yolundan etməyib şəhərin düz yaxınlığında yerləşən “Yeni Günəşli” qəsəbəsinə üz tutduq.

Qəsəbə sakinləri bizimlə söhbətdə kommunal problemlərdən danışdılar. Onların ilk şikayəti kanalizasiya sisteminin yoxluğu ilə bağlı idi.
Hümbət Abdullayev adlı sakin dedi ki, neçə illərdi aidiyyatı qurumlara müraciət ediblər ki, qəsəbədə kanalizasiya sistemi qurulsun, amma buna əncam çəkən yoxdu. “Yağış yağanda hər tərəf  gölməçəyə çevrilir. Yollarımız da çox bərbad vəziyyətdədi. Neçə maşın bu yollarda qalıb. Mingəçevir bələdiyyəsinin sədri burda bağda olur, öz küçələrinə bu yoldan getməyir. Sən bu boyda Mingəçevirin bələdiyyəsinin sədrisən bu narahat yollara bircə maşın çınqıl töksən, nə olar ki...?”. H.Abdullayev deputatdan bu məsələlərin həllinə kömək göstərməsini xahiş etdi: “Bilirik ki, kanalizasiya, yol problemləri deputatın məşğul olduğu işlər deyil. Amma yenə də Aydın müəllimə buradan müraciət edirik ki, imkan daxilində bu məsələləri müvafiq təşkilatların qarşısında qaldırsın. O, Milli Məclisin aktiv deputatlarındandı, sözünü eşidərlər”.  

Adsız küçələrin sakinləri...

“Yeni Günəşli” qəsəbəsinin sakinləri küçələrin bəzilərinə ad verilməməsindən, adicə yaşayış yeri haqqında arayış ala bilməmələrindən gileyləndilər. H.Abdullayev Mənzil İstismar Sahəsinin yaxşı işləməməsindən şikayət etd: “Aydın müəllim buralara tez-tez gəlir. Gələndə bu məsələ ilə bağlı da ona müraciət edirik. Sağ olsun, köməyimizə çatır. Amma o gedəndən sonra yenə də problemlər yaşayırıq”.  
Seçici İbrahim Kərimov adsız küçələrə tarixi adların, şəhidlərin, Milli qəhrəmanların adlarının verilməsi təkliflərilə çıxış etdiklərini söylədi: “Gətirib düz bizim evin qarşısından keçən küçəyə ad qoyublar -  Paralel küçəsi. Mən deyirəm bu söz rus dilindən keçmədir, nəyimizə lazımdır belə ad. Bizim yazıçılarımız, şairləmiz, şəhidlərimiz, qəhrəmanlarımız var. Onların adlarını küçələrimizə verək, ruhları şad olsun. Cavanlar bu insanları tanısınlar. İnanın ki, məktəblilər şəhidlərimizin, Milli qəhrəmanlarımızın kim olduqlarını bilmirlər. Deputatımızdan çox xahiş edərdik ki, bu məsələni nəzərə alsın, küçələrə şəhidlərin, Milli Qəhrəmanların adlarının verilməsinə kömək etsin”.  

“Yeni Günəşli” qəsəbəsindən çıxıb düz şəhərin mərkəzinə yollandıq. Hava xoş olduğundan hər kəs parklara üz tutmuşdu.
Parkda ağsaqqalların əyləşdiyi skamyaya yaxınlaşıb onları söhbətə tutduq. 65 yaşlı Allaverdi dayı ağsaqqallar adından danışdı. O, dedi ki, depuat Aydın Mirzəzadəni seçki dairəsinə tez-tez gələn görüb: “Məni narahat edən əsas məsələlərdən biri pensiyaların azlığıdır bala. Uzun illər çalışmışıq, hökumətin işində can qoymuşuq. İndi qəpik-quruş alırıq. Aydın Mirzəzadə ağıllı-savadlı adamdı, dərdimizi Milli Məclisdə səsləndirə, yuxarılara çatdıra bilər. Deputat xalqın sözünü deyən şəxsdir. Mən də xalqın bir nümayəndəsi kimi istərdim o, bu məsələni qaldırsın”.
Allahverdi dayı digər problemlərdən də danışdı: “Müslüm Maqomayev küçəsində yaşayıram. Yollarımız pis vəziyyətdədir. Yağış yağanda hətta maşınla da keçmək mümkün deyil. O günü bir tay un alıb gətirirdim, taksini bizim küçəyə sürdürəndə, sürücü dedi ki, “ay dayı bilsəydim belədir kisəni çiynimə alıb gətirərdim”.

“Nurlu şəhər”in qaranlıq qəsəbəsi

Mingəçevir şəhərini burada istehsal olunan elektik enerjisinə görə “Nurlu şəhər” də adlandırırlar. Bakı, Gəncə kimi şəhərlər Mingəçevirdən ötürülən elektrik enerjisindən qidalanır. Amma qəribəsi odur ki, “Nurlu şəhər”inin özündə işıqla bağlı problemlər var. Məsələn, “QRES” qəsəbəsinin küçələrində bir dənə də olsun işıq dirəklərinə rast gəlmədik. Qəsəbə sakinləri deyir ki, küçə işıqlandırmasının olmaması dəfələrlə avtomobil qəzalarına səbəb olub. Bu qəsəbədə də sakinlərin ən çox narazılıq etdiyi problem yolların vəziyyəti ilə bağlı oldu.
Məcnun adlı sakin dedi ki, Qarabağ kanlından götürülən suyun təmizlənmədən içməli su kimi əhaliyə verilməsi də ciddi promlemlərdəndir: “Bir təmizləyici qurğu nədir ki, onu alıb quraşdırmırlar ki, əhali də təmiz su içə bilsin. Hesab edirik ki, deputatımız bu məsələdə bizə kömək edə bilər”.
Qəsəbədə sakinlərə ünvanladığımız “deputatınızı tanıyırsınızmı” sualına demək olar ki, eyni cavab eşitdik: “Tanıyırıq. Aydın Mirzəzadə fəal deputatdı, seçicilərini də unutmur”.

Sovet dövrünün nostaljisi...

Növbəti ünvanımız 47 saylı seçki dairəsinin ərazisinə daxil olan Mingəçevir kəndi oldu. Burada da deputatdan narazılıq edənlər olmadı, əvəzində yerli icra strukturlarınin işi tənqid olundu. Sakinlər işıq və qaz təchizatından razılıq etsələr də, kanalizasiya sisteminin olmamasından, işsizlikdən şikayətləndilər. “Kanalizasiya sistemi yoxdur. Yollarımız da ki, bərbaddır. Yağış yağanda yollarda palçıq dizə çıxır, uzunboğaz rezin çəkmələrlə gəzirik”.
Kənd sakini Yusif Yusifov dedi ki, işsizlikdən cavanlar mənəvi cəhətdən məhv olub gedir: “Sovet dövründə bir nəfər də işsiz deyildi. Qurban olum sovet dövrünə. İndi iş yoxdur, avaraçılıqdır. İşsizlikdən gənclər pis yola düşürlər. 50 qəpik  verib bir yerdə çay içməyə imkanları yoxdur”.
Y.Yusifovun dedi ki, deputatla görüşəndə iş yerlərinin açılmasına kömək göstərilməsini istəyəcək.

İsmət Əliyev adlı sakin də deputatın gənclərin işsizlik promleminə diqqət yetirməsini istədi: “Yaşlılar pis- yaxşı pensiya ilə dolanır. Bəs gənclər neyləsinlər. Əsgərlikdən gəliblər, hamısı əlini əlinin üstə qoyub oturub. Elçiliyə gedirsən, deyirlər ki, "evdə pensiya alan varsa, onda qız verə bilərik". Bilirlər ki, oğlanlar hamısı işsizdir”.

Mingəçevirli gənclər deputatdan kömək umurlar

Mingəçevir gəncləri deyirlər ki, işsizlikdən günləri çayxanalarda keçir. “Əsgərlikdən gəlmişik, işləməyə yer də yoxdur. Evdən nə qədər pul istəyəsən, adamın üzü utanır. Biz indi valideynlərimizə yardımçı olmalıyıq, amma necə? Cibimizdə siçanlar oynayır. Çox istərdik ki, depuatımız bizə yardımçı olsun. İş yerləri ilə təmin olunmağımıza kömək etsin”.

Deputat köməkçisi də işsizlikdən danışdı

Seçki dairəsində olanda imkan tapıb deputat köməkçisi Yura İvanoviçlə də görüşdük. O da Mingəçevir də işsizliyin olmasını təsdiqlədi. “Mingəçevirdə işsizlik var. Bununla bağlı bizə də müraciət edənlər olur. Məşğulluq Mərkəzi ilə daim əlaqə saxlayıram. Siyahını götürürəm ki, nə qədər iş yeri var. Sonra bu yerləri camaata təklif edirik. Aydın müəllim də bacardığını, əlindən gələni edir. Deputat indiyədək xeyli adamın işlə təmin olunmasına kömək edib”.
Yura İvanoviç qeyd etdi ki, Aydın Mirzəzadə 6 tələbəni öz hesabına oxutdurur: “Seçki ərəfəsində deputat demişdi ki, 6 nəfər imkansız tələbəyə kömək edəcək. İndi 4 nəfər artıq məzundur. Əlavə 4 nəfəri də yenə öz hesabına oxudacaq”.

Deputat köməkçisi bildirdi ki, onlara ərizə ilə müraciət edənlərin sayı çoxdur: “Ərizə ilə müraciət edənlər deputata yardımçı olmalıdır. O ərizənin altına yardımçı sənədlər qoymalıdır ki, hansı qurumlara müraciət edib, nə cavab veriblər. Buna da baxanda deputat bilsin ki, hansı ucdan yapışmaq lazımdır ki, problem həll edilsin”.

Yura İvanoviç onu da əlavə etdi ki, Aydın Mirzəzadə hər ay seçicilərlə görüşə gəlir. Yerli telekanal onları görüşə dəvət edir. Deputatın mobil telefonu demək olar ki, bütün seçicilərdə var. Kimin nə istəyi varsa, onun özünə deyə bilir. Martın 30-da da A.Mirzəzadə Mingəçevir şəhərinə gələcək: “Müraciət edənlər çoxdur. Düşünürəm ki, qəbula yazılanların sayı 140 nəfəri keçəcək”.

 

Mingəçevirə giriş

 

Mingəçevir kəndinin işsizləri: ""Bizə iş yeri açsınlar, ailəmizi dolandıraq".

 

Mingəçevirin küçələrindən biri.

 

Deputat köməkçisi Yura İvanoviç: "Bizə edilən müraciətlərə diqqətlə yanaşırıq"

 

"Nurlu şəhər"in işıqsız küçəsi

 

Şəhidlər abidəsi

 

Qapısı qıfıllı mədəniyyət klubu.

 

"Yeni Günəşli" qəsəbəsinin bərbad yolu.


Təhminə Paşayeva
Bakı-Mingəçevir-Bakı
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı