Modern.az

Biz o şəhərə qayıdacağıq…

Biz o şəhərə qayıdacağıq…

27 May 2013, 14:34

İndi demək olar ki, hər əli qələm tutan kitab yazır. Mətbəələr də nə gəldi, necə gəldi çap edirlər. Sən də açıb bir -iki sətrinə baxandan sonra mənasız olanlarını kənara atmaqdan başqa çarə tapmırsan. Bu dəfə belə olmadı. Masamın üzərinə qoyulmuş kitabın adı da, üz qabığındakı gözoxşayan şəkil də diqqətimi çəkdi. Kitabı açanda Akif Cabbarlının xoş siması ilə qarşılaşdım. Onunla lap yaxınlarda görüşsək də şəklilə illər həsrətlisi kimi xeyli baxışdıq. Çünki Akif müəllim, öz ifadəsilə desək, qənimət adamdır. Bu azman qələm əhlinin yaradıcılığı haqqında söz demək mənə düşməz. Çünki Akif Cabbarlı öz peşəkar dəst -xətti, nəzakətlı davranışı, şəxsi ləyaqəti, mənəvi keyfiyyətləri, hətta ağayana yerişi, duruşu ilə də çoxlarımıza örnəkdir.

“Şur” nəşriyyatında yenicə çapdan çıxmış “Biz o şəhərə qayıdacağıq” kitabı mənə bir az şans verdi ki, onun haqqında ürəyimdən keçənləri oxucularımızla bölüşəm. Kitabın elə ilk sətrindəcə yazılıb: “Adam var ki arxasınca gedirsən, deyir, yəqin çəkinirsən. Qarşısına keçirsən, fikirləşir ki,saymırsan. Yanaşı, çiyin-çiyinə addımlayırsan, düşünür ki,nə isə təmənnan var.” Onu iyirmi ilə yaxındır tanıdığım üçün cəsarətlə deyirəm ki, dünyanın ən təmənnasız kişilərindən biridir. Akif Cabbarlı kimsənin qarşısına keçmək iddiasına, kimsədən qabaqda getmək həvəsinə düşən əxlaq sahibi deyil. Elə bu mənəvi keyfiyyətlərinə görə onun arxasınca qürurla gedərəm və əminəm ki, nə qədər çox getsəm, o qədər də çox öyrənərəm. Akif müəllim özünün dünyagörüşünə, ədəb-ərkanına, qarşısındakı ilə davranış tərzinə, bütün hallardakı təmənnasızlığına görə müdrik bir şəxsiyyət məktəbidir. O,vəzifədə olanda da, tabeçilikdə işləyəndə də bütün meyarlar üzrə nümunəvidir. Jurnalist peşəmizin şərəfini qoruya –qoruya ləyaqətli bir ömür yolu keçib. Yazdığı kitablar isə o yollarda qalan silinməz izlərdir. Xasiyyətindəki təmkin, təbiətindəki həlimlik yazılarına da sirayət edir. Fikirlərini o qədər səlis ifadə edir, o qədər səliqəli cilalayır ki, hansısa bir yazısında yersiz işlədilmiş bir söz tapmağa çalışsan belə əlin boşa çıxar. Akif Cabbarlının “Bulud kölgəsi, yoxsa xan çinarın çətiri?! sərlövhəli yazısından sətirlər: “Ağaclar da eynilə insanlar kimidir – arxasızı, kimsəsizi, xoşbəxti, yetimi olur. Oxucularımız müşahidə etməmiş olmazlar –paytaxtın müxtəlif yerlərində, imkanlı idarə və müəssisələrin, biznes strukturlarının, ali məktəblərin qarşısında, yaxud həyətində hasara alınmış ağaclar hər gün suvarılır, qurumuş budaqları kəsilir, bağbanların qulluğu üstlərindən əskik olmur. Bu ağaclar sürətlə boy atır, qol-qanad açır, necə deyərlər, “yarpaqlarından qan damır”. Yiyəsiz ərazilərdə, yol kənarlarında vaxtilə iməciliklər yolu ilə, yaxud yaşıllaşdırma təsərrüfatlarının səyi ilə əkilən ağaclar isə yetim kimi boynubükük, səhra saksaulları təki cılız vəziyyətdə insanların yolunu gözləməkdədir”. Bu sətirlər sadəcə jurnalistin yazısının bir parçası deyil. Burda humanist bir insanın dünyaya baxışı, cəmiyyətimizdəki qütbləşməyə münasibəti, yanağından qan daman məmur balası ilə çadırlarda zillət çəkən qaçqın uşağının həyatının müqayisəsi öz əksini tapıb. Zənnimcə müəllifin vətəndaş yanğısını öz qələminin məşəlində daha aydın hiss edərik: “…Quş uçuşu səviyyəsindən Bakı ötən illərdə olduğu qədər axarlı –baxarlı, gözəgəlimli görünmür, 314 metr ucalıqdan hərəsi bir üslubda, rəngdə, ölçü –biçidə yan –yana sıralanan “göydələnlər”in paytaxtın yaşıl köynəyində xaotik bir görkəm yaratdığı açıq-aşkar müşahidə olunur. Əlbəttə, söylədiklərim hansısa memarın, şəhərsalma üzrə mütəxəssisin rəyi kimi deyil, adicə vətəndaşın, Bakını və bakılıları sevən, taleyini bu şəhərə əbədi bağlayan bir vətəndaşın duyğuları təki yozulmalıdır”.

Bəli, bu bir vətəndaşın duyğularıdır. Amma sıradan bir vətəndaşın deyil, Azərbaycanımızın hər bir uğuruna sevinən, uğursuzluğuna məyus olan, ömrünü –gününü yalnız yaradıcılığa , xeyirxah əməllərə həsr etmiş, başdan –başa milli mənəvı dəyərlərə və bəşəri duyğulara köklənmiş, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, sözün urvatlanmasına, insanların bir –birinə daha yaxın, dogma olmasına çalışan böyük bir Azərbaycan ziyalısının duyğularıdır. Akif Cabbarlının son kitabının adı müəllifin Şuşa nisgilindən doğulub. O yazır ki, Şuşa 21 ildir ki, düşmən əsarətində üzü bizə sarı inləməkdədir. Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Zöhrabbəyovların malikanəsi, Cümə məscidinin minarələri, yamyaşıl Qala düzü, İlin bu vaxtları salxımlanan boy-boya söyüdlər bizi soraqlayır, yolumuzu gözləyir. Erməni işğalı nəticəsində Şuşada 279 dini, tarixi və mədəniyyət abidəsi yerlə yeksan edilib. Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın güllələnmiş heykəlləri uzun, əzablı yollar keçərək Azərbaycan paytaxtına gəlib çıxıb. Şuşaya nə vaxt qayıdacağıq?! İllər uzunudur ki, bu dilemma ilə üzbəüzdəyik. Nəvəm Kənan bizə gələndə həmişə məni şuşaya aparacağına söz verir. Mən də ona vəd etmişəm ki, Şuşa azad olunanda mütləq nəvəmin Şuşadakı dədə -baba evinə köçəcəyəm...Bu şəhərdə yaşamaq çoxdandır ki, arzumdur. Gedəcəyik, inşallah! Amma Kənan kimi balaların böyüməyini , biz i o şəhərə aparmalarını gözləməməliyik. O uşaqları öz əzəli yurdlarına biz böyüklər götürüb getməliyik. Şuşaya gedən yollar isə Ağdamdan, Xocalıdan keçir...

Bildiyim odur ki, bu millətin ağrı-acısı da Akif Cabbarl kimi oğulların ürəyini dəlib keçir. Akif müəəlim, sizə yeni –yeni yaradıcılıq uğurları , bir də səbr diləyirəm. Səbrli olun ki, Kənanlarımız böyüsün. Kənanlarımız böyüsün ki, arzularımız çin olsun. Mən Şuşanı heç görməmişəm. Kənan balaya de ki məni də Şuşaya aparsın, amma orda saxlamasın. Zəngəzura-öz dədə -baba yurduma yola salsın. Mən haqqa orda –doğulduğum torpaqda qovuşmaq arzusundayam . Çünki yaşamaq hüququm da, ölmək haqqım da ordadı . Siz deyirsiniz biz balaların böyüməsini gözləməməliyik. Əslində elədir. Amma həqiqət bambaşqadır, qardaş. Nə qədər ki Azərbaycanın dövlət dilini bilməyən xarici işlər nazırimiz, Dövlətimizin himnini ya bilməyən, ya da oxumağa utanan generallarımız var bizi Şuşaya aparan olmayacaq.



Tamxil Ziyəddinoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu