Modern.az

Azərbaycanın boşalan kəndləri - ən kiçik kənddə 2 nəfər yaşayır

Azərbaycanın boşalan kəndləri - ən kiçik kənddə 2 nəfər yaşayır

27 May 2013, 15:47

Azərbaycanda ümumi əhalinin sayı 10 milyona yaxınlaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.

Müstəqillikdən sonra zavod və fabriklərin bağlanması, kənd təsərrüfatında yaranan tənəzzül nəticəsində bir çox insan iş yerlərini itirdi. Onlar dolanışıq üçün əsas çıxış yolunu xaricə, xüsusən Rusiyaya getməkdə tapdılar. Bir çox rayon və kənd əhalisi isə Bakıya və Sumqayıta gəldi. Nəticə etibarı ilə Azərbaycan kəndləri boşaldı. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləyə bilərik.
Düzdür, son illər bu proses xeyli səngiyib, amma kəndlərdən axın hələ də davam etməkdədir. Səbəb isə yenə də iş yerlərinin olmamasıdır.
Buradan qaynaqlanaraq, Modern.az Azərbaycanda əhalisinin sayına görə ən böyük və ən kiçik kəndi araşdırıb. Dövlət Statistika Komitəsinin 2010-cu ildəki hesabatına görə, hazırda Azərbaycanda əhalisi ən çox olan kənd Naxçıvan bölgəsində yerləşir. Bu, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən Nehrəm kəndidir. İndi bu kənddə 13,9 min nəfər yaşayır.
Dövlət Statistika Komitəsinin hesabatında əhalisi ən az olan kəndin də adı açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə və İsmayıllı rayonunun Prəqan kəndlərinin hər birində cəmi 2 nəfər yaşayır. Komitənin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var.

Aytən ƏLİYEVA

P.S. Ciddi cəhdlərimizə baxmayaraq Dövlət Statistika Komitəsinin bu məsələ ilə bağlı 2012-ci il statistik göstəricilərini əldə edə bilmədik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir