Modern.az

134 yaşlı lerikli Kişi Bəndiyev Azərbaycanın ən yaşlı sakinlərindəndi (fotolar)

134 yaşlı lerikli Kişi Bəndiyev Azərbaycanın ən yaşlı sakinlərindəndi (fotolar)

Reportaj

29 Mart 2010, 13:55

 

Alimlər belə hesab edirlər ki, insana genetik olaraq 150 il yaşamaq təminatı verilsə də, hazırda bəşər övladının ömrü xeyli qısadır. İndi dünyada yetmiş yaşından sonrakı dövr qocalıq sayılır. Halbuki, uzunömürlülüklə bağlı məsələləri araşdıran alimlər-herentoloqlar 80-90 yaşdan sonrakı dövrün əsl qocalıq zamanı olduğunu iddia edir, hətta 200 il yaşamağın mümkün ölduğunu söyləyirlər. Onların fikrincə, insan ömrü sağlam keçibsə, o, qocalanda da fiziki işlə məşğul olmağa qadirdir. İndiyədək dünyada 150 ildən artıq ömür sürmüş xeyli adam tarixə düşüb. Onların arasında azərbaycanlılar da var. Məsələn Lerik rayonundan olan Şirəli Müslümov 168 il yaşayıb. Onun atası 110, anası 90 il ömür sürüb. Maraqlıdır ki, Şirəli Müslümov 136 yaşı olanda 57 yaşlı bir qadınla evlənib və onların qızı dünyaya gəlib.

Ümumiyyətlə Azərbaycanın Lerik rayonu uzunömürlülər diyarı kimi tanınıb. Modern.az-ın bu günlərdə Lerik rayonunda olan əməkdaşı hazırda cənub bölgəsinin ən yaşı sakini olan ixtiyarla görüşərək söhbətləşib. Onu həyat tarixçəsini sizlərə də təqdim edirik.

 

134 yaşlı Bəndiyev Kişi İslam oğlu Lerik rayonun 40-cı kilometr yaşayış məntəqəsində anadan olub. 134 yaşlı Kişi dayı bildirib ki, Sovet hakimiyyəti qurulanda onun 43-44 yaşı olub: “O vaxt mənə pasport veriləndə dişlərimə baxıb təvəllüdümü 1905-ci il yazdılar. Ha çığır-bağır elədim xeri olmadı. 43-44 yaşım olmağına baxmayaraq inanmadılar. Ona görə də sənəddə 1905-ci il yazılması düzgün deyil. Əslində mən təxminən 1877-ci ildə dünyaya gəlmişəm. Sənədimdə bunu yazmayıblar”. Kişi dayı üç dəfə ailə həyatı qurub. Birinci arvadı Məryəm nənədən övladı olmayıb. İkinci arvadını qonşu Vistən kəndindən seçib, Xanənə adlı bir qızla evlənib. Bu izdivacdan Kişi Bəndiyevin bir oğlu olub, adını da Satılla qoyub. Hazırda Satıllanın 83 yaşı var. İkinci arvadı rəhmətə gedəndən Kişi dayı 3-cü dəfə ailə qurub. Bu hadisə 1950-ci ildə baş verib. O, 1921-ci il təvəllüdlü Sona nənə ilə evlənib və bu nikahdan onların 3 oğlu 6 qızı dünyaya gəlib.

Kişi Bəndiyev 134 il yaşaya bilməsinin səbəbini belə izah edir: “Mənim yediyim sud, qatıq, bal olub, təzə tərəvəz olub. Daim təbiətdə-təmiz havada gəzmişəm, yaxşı at çapmağım olub”. Onun sözlərinə görə, heç vaxt hökumət işində işləməyib, ancaq mal-heyvan saxlayıb, at alverilə məşğul olub. Lerik, Masallı, Astara, Lənkəran, Neftçalanı at belində gəzib. Oğlu Aydın Bəndiyev deyir ki, atası bu yaşda da soyuducuda özunə su qoyur, onu buz kimi edib içir, hətta qış aylarında da bundan çəkinmir. 134 yaşlı Kişi dayı indiyə kimi əlinə əsa almayıb, gözləri də yaxşı görür  ancaq bir az ağır eşidir, ağzında isə bircə dişi qalıb. Deyir ki, bircə dişi olmağına baxmayaraq əlinə pul duşən kimi gedib kababxanada özünə kabab sifariş edir: “Hər xörəyi yeyirəm, ancaq qabaqkı ləzzəti vermir”. Kişi Bəndiyevin 115-dən çox nəvəsi, nəticəsi, kötücəsi var. ”Mənimlə ən çox xarici qonaqlar maraqlanırlar” deyən Kişi Bəndiyev yerli mətbuatın diqqətindən kənarda qalmasından inciyib. Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Lerikin icra başçısı ilə birgə ona baş çəkib: "Gəldilər şəkilimi çəkdlər, odun doğratdılar ki, görsünlər bunu edə bilirəm ya yox.  Televizorda Şirəli Müslümovun lentlərini tez-tez göstərirlər. Şirəli kişi ilə yoldaşlığım çox olub”.

Kişi Bəndiyev deyir 2005-ci ildə üçuncu arvadı da rəhmətə gedib. “Ondan sonra mənim üçun çox şey çətinləşib. İndi mənim yeməyimə, təmizliyimə əsasən gəlinim baxır, 13 yaşlı nəvəm Rövşən qabağıma çay-çörəyimi gətirir. Hər buyruğuma bu nəvəm baxır”. Rövşən hətta gecələr babası ilə bir otaqda yatır ki, ona nə isə lazım olsa, tez çatdırsın. Rövşən deyir ki, babası bu yaşında da odun doğrayır: “Gözləri çox yaxşı görur. O,  gecələr evdən bayıra çıxanda məni heç yuxudan oyatmır da”.

Amma Kişi dayının bu yaşda da ürəyindən evlənmək keçir: “Müsəlmançılıqdı bala, hər şeyi, hər dərdimi gəlnimə deyə bilmirəm. Oğluma dedim ki mənim üçun bir arvad tapsın, amma o buna razılıq vermədi. Axı arvad kişinin təmizliyidir. Arvadım olsa, gəlnimə möhtac olmaram. Kişinin hər bir təmizliyinə arvad baxmalıdır. Arvad kişiyə elə qocalanda lazım olur”.

Saçını saqqalını at belində ağartmış Kişi Bəndiyev indi 3 ilə yaxındır atsız qalıb. “Atım olmadan qırağa çıxa bilmirəm, daim evdə oluram. At almaq fikrim var,  ancaq saxlıyanım olmadığıma görə at almıram”.

Kişi dayıdan soruşduq ki, nə qədər təqaud alır, dedi ki, cəmi 75 manat: “Bu da məni təmin etmir bala... Gərək uzunömürlü insanlara belə münasibət göstərilməsin...”.

Kişi Bəndiyevlə söhbətimizn sonunda bir suala da cavab istədik. Soruşduq ki, II Dünya Müharibəsində iştirak edib ya yox. Dedi ki, iştirak etməyib: “O zaman mənim yaşım çox olduğuna görə müharibəyə aparmadılar, dedilər ki, "qoca kişisən, müharibəyə cavanlar getməlidir"”.

 

 

Mail 

Bakı-Lerik-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu