Modern.az

İpoteka kreditləri kimlərə verilə bilər?

İpoteka kreditləri kimlərə verilə bilər?

29 May 2013, 10:40


Ölkəmizdə ipoteka kreditinin geniş yayılmasına baxmayaraq, hələ də bu imkandan lazımi səviyyədə yararlana bilməyən vətəndaşlarımız kifayət qədərdir. Məsələ burasındadır ki, əksər vətəndaşlar ipoteka kreditinin şərtləri, onun üstünlükləri və məsuliyyəti barədə məlumatlardan xəbərsizdirlər.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, ipoteka kreditlərinin iki növü fərqləndirilməlidir. Onlardan biri ümumi ipoteka krediti, digəri isə güzəştli ipoteka kreditidir.

“Güzəştli ipoteka əsasən aşağı faizlə (4%) müəyyən kateqoriya (şəhid ailələrinin üzvlərinə, dövlət qulluqçularına, elmi dərəcəsi olanlara və s.) şəxslərə verilir. Burada “gənc ailə” dedikdə, yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə başa düşülməlidir”, Alıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda ipoteka kreditləşməsindən istifadə edən əhalinin əksəriyyəti bu krediti ümumi qaydlar əsasında alırlar və onlara 25 il müddətinədək illik 8 faiz olmaqla 50.000 manata qədər ipoteka krediti verilir.

Alıyev bildirib ki, qaydalara əsasən, şəxsə ipoteka krediti verilərkən onun aylıq maaşının məbləği mühüm əhəmiyyət kəsb edir. Belə ki, kredit üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq gəlirinin 70%-dən çox olduqda, ipoteka kreditinin verilməsindən imtina olunur.

İpoteka kreditinin verilməsi şərtlərinə əsasən, kredit Azərbaycan vətəndaşlarına, yalnız mənzil və ya fərdi yaşayış evinin alınması üçün, pensiya yaşına çatmamış, əmək müqaviləsi ilə işləyən və stabil maaşı olan şəxslərə verilir.

Hüquqşünas ipoteka kreditləri almaq üçün minimal əmək haqqına tələblə bağlı qaydalarda dəqiq göstəriş olmadığını deyib.

“Çünki kredit alan şəxslər aldıqları evin qiymətlərindən asılı olaraq müxtəlif məbləğlərdə aylıq kredit borcu ödəyirlər. Ona görə də həmin şəxslərə münasibətdə aylıq maaşları ilə bağlı minimum tələblər müxtəlifdir”, Alıyev qeyd edib.

Kreditin alınmasında yaş məhdudiyyəti ilə bağlı məsələyə toxunan hüquqşünas bildirib ki, Qaydlara əsasən, kreditin son ödəniş tarixinə kredit götürənin yaşı pensiya yaşı həddindən çox olmamalıdır.

“Burada söhbət 64 yaşına çatmış kişilər və 59 yaşına çatmış qadınlardan gedir. Bunu əyani bir misalla göstərək. Əgər ipoteka krediti götürən qadın 40 yaşında 20 illik müddətə kredit götürmək istəyirsə və nəzərə alsaq ki, 20 illik dövr qadının 60 yaşında tamam olacaqsa, həmin qadına kreditin verilməsindən imtina olunacaqdır”, o deyib.

Alıyevin sözlərinə görə, mülkiyyətində yaşayış sahəsi olan şəxsin ipoteka krediti ala bilməsi ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"nın 3.1-ci bəndində ipoteka kreditinin cavab verməl olduğu tələblər sadalanmışdır. Həmin tələblər sırasında mülkiyyətində yaşayış sahəsi olan şəxslərə ipoteka kreditinin verilməsindən imtina edilməli olmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır”.

Onun sözlərinə görə, alınacaq mənzilin harada yerləşməsi ilə bağlı qanunda məcburi göstəriş yoxdur.

“İpoteka krediti vermək bankın hüququdur və minimum tələblərə cavab verən istənilən şəxsə ölkə daxilindəki mənzillə bağlı kredit verə bilər. Məsələn, əgər bank müəyyənləşdirsə ki, ucqar bir rayonda mənzillə bağlı ipoteka krediti vermək onun maliyyə vəziyyəti ilə uyğun gəlmir və ya bankın həmin bölgədə filialı yoxdursa, bundan imtina oluna bilər. Ümumiyyətlə, burada müxtəlif faktorlar sadalana bilər. Lakin bununla belə, qaydalara əsasən, kredit üçün müraciət etmiş şəxslə bağlı zəruri sənədlər Azərbaycan İpoteka Fonduna (AİF) göndərilməlidir. AİF verilmiş ipoteka kreditlərinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka yazılı qaydada razılığını və ya imtina etdiyini 10 iş günü ərzində bildirir. Dolayısilə kreditin verilməsi ilə bağlı son sözü AİF deyir və AİF-in kreditin ayrılması ilə bağlı öz cavabını əsaslandırma öhdəliyi yoxdur”, o bildirib.

İlkin ödənişlə bağlı məsələyə toxunan Alıyev qeyd edib ki, Qaydalara görə ilkin ödəniş - borcalanın (birgə borcalanın) yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir.

“İlkin ödəniş ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyəri ilə ipoteka kreditinin həcmi arasında olan fərqə bərabərdir. Yəni borcalan aldığı yaşayış sahəsinin qiymətinin ipoteka krediti hesabına ödənilməyən hissəsini öz şəxsi vəsaiti hesabına ödəməlidir. Burada söhbət ipoteka kreditinin geri qaytarılması ilə bağlı ilkin ödənişdən getmir”.

Hüquqşünasın sözlərinə görə, "İpoteka haqqında" qanunun tələbinə görə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.

“Həmçinin Mülki Məcəllədə qeyd olunur ki, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə bərabər vəzifələri də daxildir. Həmin Məcəllənin digər tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bir sözlə, ipoteka krediti götürmüş şəxs vəfat etdikdə, onun borclarına görə onun vərəsəsi və ya vərəsələri (paylarına uyğun olan hissədə) məsuliyyət daşıyırlar”, o deyib.

Alıyevin sözlərinə görə, ipoteka krediti ev tikdirmək istəyənlərə də verilə bilər. Belə ki, "İpoteka haqqında" Qanunda birmənalı şəkildə qeyd olunmuşdur ki, yaşayış evinin evin tikintisi üçün kredit verilərkən ipoteka müqaviləsində öhdəliyin başa çatdırılmamış tikinti ilə təmin olunması nəzərdə tutula bilər.

İpoteka krediti ilə alınmış mənzilin satılmasının mümkünlüyünə toxunan Alıyev bildirib ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, şəxs ipoteka ilə yüklü edilmiş yaşayış evini və ya mənzilini yalnız ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirə bilər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir