Modern.az

Şamo İsayev: “Mən necə ara müğənnisi ola bilərəm ki?!” - MÜSAHİBƏ

Şamo İsayev: “Mən necə ara müğənnisi ola bilərəm ki?!” - MÜSAHİBƏ

29 May 2013, 19:40


Modern.az
-ın “Gözdən iraq” rubrikasının ikinci qonağı bir zamanların populyar müğənnisi  Şamo İsayevdir.

– Şamo müəllim, necəsiniz?

– Təşəkkür edirəm, sağ olun.

– Niyə görünmürsünüz?

– 1997-ci ildən səhhətimdə problemlər var. Qrip oldum, səhhətimdə ağırlaşma baş verdi. Ona görə də efirlərə getmirəm.

– Deyəsən bir müddət də boğazınızda problem var idi.

– Yox. Sadəcə olaraq qripin ağırlaşması baş vermişdi.

– İndi özünüzü necə hiss edirsiniz?

– Şükür, yavaş-yavaş özümü idarə edirəm.

– İxtisasca həkimsiniz.

– Bəli, Tibb Universitetini bitirmişəm. Bitirdiyim vaxtdan 2005-ci ilə qədər təcili yardım sistemində işləmişəm.

– Yəni məşhur vaxtlarınızda da təcili yardımda işləyirdiniz?

– Bəli. Növbəli iş rejimi idi. Bir gün işdə olurdum, üç sutka evdə . Bu rejim mənə münasib olduğuna görə işləyirdim.

– Bəs təcili yardımdakı işinizlə hansısa çəkiliş üst-üstə düşəndə necə olurdu?

– Çalışırdım ki, iş toqquşmasın. Operativ şöbənin böyük həkimi idim. Növbədə iki həkim olurduq. Bir-iki saatlıq rəhbərlikdən icazə alırdım, çəkilişə gedirdim.

– Bir vaxtlar oxuduqlarınız çox populyar idi.

– 1981-ci ilin may ayında ilk kasetim çıxdı. O vaxt şəkilli kaset yox idi. Cəmi bir səsyazma studiyası var idi. Mahnılarımız bir studiyada yazılırdı və səsyazma məntəqələrində köçürüb camaat arasında yayırdılar. İlk kasetim bir həftəyə Azərbaycanın bütün nöqtələrinə yayıldı. Oxuduqlarımın əksəriyyəti toy mahnıları idi.

– Musiqidə “ara mahnıları” deyilən anlayış var. Sizin də oxuduqlarınızın əksəriyyəti toy mahnılarıdır. Sizcə, musiqinin bu bölgüsü doğrudur?

– O mahnılar efirdə səslənmədiyinə görə deyirdilər ki, “ara mahnılarıdır, bunları oxumayın”. Vallah indi görürsən ki, kasetlərdə, efirlərdə kim hansı mahnını istəyir, çıxardır da, oxuyur da. O vaxt ara mahnıları çox sevilirdi.

– İndi həmin mahnılara “bozbaş mahnılar” deyirlər.                                      

– Bilirsiniz, illər ötdükcə, insan yaşlandıqca fərqli düşünməyə başlayır. İnsan yaşlananda istəyir ki, bəstəkar mahnıları, aşıq mahnıları, muğamlar oxusun ki, qınamasınlar. İstəyirəm deməsinlər ki, “bu nədir oxuyur”. Həmişə çalışmışam ki haqqımda belə sözlər deməsinlər. O cür yüngül mahnılardan özüm də  qaçmışam. Sadəcə həmin illərdə kasetdə oxuduğun toy mahnılarını məclislərdə də istəyirdilər, məcbur olurdun ki, oxuyasan.

– Özünüzü ara müğənnisi hesab edirsiniz?

– Mən necə ara müğənnisi ola bilərəm ki?!

– Demirəm, soruşuram.

– 1981-ci ildən peşəkar müğənni kimi ayda bir dəfə, bəzən iki-üç dəfə Dövlət Televiziyasının müxtəlif konsert proqramlarında çıxış eləmişəm. Otuz beş mahnım Azərbaycan radiosunun fondunda qorunur. Peşəkar müğənniyəm, böyük saraylarda oxumuşam.

– Son dəfə efirdə nə vaxt olmusunuz?

– Təxminən iki il əvvəl “Ay Zaur” proqramına çəkilmişəm.

– Yenilikləriniz var?

– İndi belədir ki, efirə getdinsə, təzə mahnıların olmalıdır.

– Köhnə mahnılarınızı da yeni aranjimanda ifa edə bilərsiniz.

– Əlbəttə, bu da yaxşıdır.

– Deyirlər ki, indi efirlər pulludur. “Ay Zaur”a çəkilmək üçün pul vermişdiniz?

– Zaur sağ olsun, neçə dəfələrlə təkid elədi. Mən də məcbur oldum, ansamblın uşaqlarından xahiş elədim, bizim evdə neçə dəfə məşq elədik. O da gəlib çox çətinliklə evimizi tapdı, çəkdi. Qonaqlarımın biri Nüşabə xanım idi, digəri gənc muğam ifaçısı Elməddin.

– Nə vaxtsa efirə çıxanda pul vermisiniz?

– Hələ ki AzTV-dən başqa heç bir telekanala getməmişəm.

– Bəs mahnılarınızın efirdə verilməsinə?

– Ay kişi, mən niyə pul verməliyəm? Özəl telekanalların proqramından xəbərsizəm.

– Sizi efirə dəvət etmirlər, yoxsa özünüz getmirsiniz?

– Düzünü deyim ki, “Xəzər” telekanalından üç dəfə zəng edib verilişlərə çağırıblar. Amma səhhətimə görə getməmişəm.

– İndi toylara gedirsiniz?

– Bəli.

– Neçəyə gedirsiniz?

– 2000-ci ildən Yasamaldakı “Elit” şadlıq evində işləyirəm. Allah bərəkət versin, pis qazanmıram. Kim də neçəyə gedirsə, xeyirli olsun.

– Onlar məlumdur. Mən sizin toy qiymətinizi soruşuram.

– Mən qıraq toylara az-az gedirəm. Gedəndə də razı yola salırlar.

– Sizin razı qalmağınız üçün nə qədər pul olmalıdır?

– Onu deyə bilmərəm.

– 500-1000 manat arası?

– Allah bərəkət versin. Azı bilməyən çoxu heç bilməz.

– Deməli, 1000 manat azdır?

– Az deyil.

– Gənc ifaçıları dinləyirsinizmi?

– Televiziyada konsertlər olanda qulaq asıram.

– Kimləri bəyənirsiniz?

– Muğam ifaçıları xoşuma gəlir.

– Bəs estrada?

–Estrada da istedadlılar çoxdur.

– Sənət dostlarınızla ünsiyyətiniz varmı?

– Telefonla əlaqə saxlayırıq. Çox vaxt Vasif Məhərrəmli ilə. Nüşabə Ələsgərli bizim ailə dostumuzdur, evimizin qızıdır. Başqa sənət yoldaşlarımla da ya məclislərdə görüşüb hal-əhval soruşuruq, ya da telefonda.

– Telefon demişkən, deyəsən mobil telefon da işlətmirsiniz.

– Mobil telefonum var e. Sadəcə oğlumun maşınında qalır. Zəng olanda da oğlum cavab verir.

– İnternetə girə bilirisiniz?

– Özüm yox, oğlum bacarır.

– Nə əcəb öyrənməmisiniz? Həkimlər də, müğənnilər də internetə girə bilirlər. Siz isə həm həkimsiniz, həm müğənni...

– Özüm maraqlanmıram. Ə, nə var e orda?

– Elə bil nədənsə küskünsünüz.

– Nədən?

– Səhnədən, efirdən?

– Allaha min şükür ki heç nədən narazı deyiləm. Tanrının verdiyi qismətdir ki, səhhətimdə problem yaranmışdı. İndi işimə gedib gəlirəm. Ailəmin, övladlarımın, nəvələrimin arasındayam.

 

İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir