Modern.az

AzTV sərgüzəştləri-1

AzTV sərgüzəştləri-1

Aktual

29 May 2013, 20:10

Modern.az saytı vaxtilə Azərbaycan Televiziyasında çalışmış jurnalist Mahir Qabiloğlunun “AzTV sərgüzəştləri” adlı silsilə yazılarının təqdimatına başlayır.  Bu yazılar “AzTV-nin mətbəxi”ndə baş vermiş və əksəriyyətimizin bilmədiyi gerçək, maraqlı hadisələrin təsviri olacaq. Beləliklə,

AzTV-yə gəlişim

Şamaxıdaydıq. Atam,  mən, əmoğlu Malik, qohumlar yeyib-içirdik. Birdən Azərbaycan Televiziyasının “Xəbərlər” proqramında Prezident Heydər Əliyevin sərəncamı oxundu: “Nizami Mənaf oğlu Xudiyev Azərbaycan Televiziya və Radio verilişləri Şirkətinin sədri təyin edilsin”.
Atam “hə... tanıyıram. Yaxşı oğlandır. APİ-də rektor idi. Bizim Hikmət Ziyanın da kürəkənidir” dedi.

İşsiz idim. Elə bil ki, çiçəyim çırtladı:

-  Papa, məni ora işə düzəlt.
- Yox.
- Niyə? Filologiyanı qurtarmamışam?

Nəsə çox höcət elədik. Yola gətirə bilmədim. Səhəri gün şəhərə qayıtdıq. Evdəydim. Bir də gördüm zəng gəlir. Atam idi.

- Nahid əmivin – Nahid Hacızadənin yanından  danışıram. Nizamini də təbrik etdim. Səni də dedim. Sabah səhər gəl. Dedi ki, işə götürəcək səni.

Səhər tezdən  AzTV-dəydim. Nizami müəllim qəbul etdi. Əmək kitabçama baxdı. Bircə sual verdi:

- Bala, iki ildir niyə işsizsən?

- Nizami müəllim, hara işə girmişəm, oranı “ağ günə” çıxarmışam.

Qəribə-qəribə baxdı.  İzahını soruşsaydı deyəcəkdim. Deyəcəkdim ki, Nizami müəllim,  “Azərkitab”da işləyirdim – bağlandı. Yazıçılar Birliyinin “Dədə Qorqud ensiklopediyası”nda işləyirdim- bağlandı. Bakı Süd Kombinatında işləyirdim – bağlandı. Nərimanov rayon ticarət və ictimai iaşə idarəsində işləyirdim – bağlandı. “Saro” çay  firmasında işləyirdim – bağlandı. İndi də gəlmişəm AzTV-ni ağ günə çıxarmağa.

Nəsə. Heç nə demədi. Axı, ortada Qabil vardı. İşə qəbul olundum. “Xəbərlər” proqramına  keçəndə orda 70-80 adam vardı. İki aydan sonra 20 adam qalmışdı. 4-5 ildən sonra isə  AzTV ləğv olundu, yerində Qapalı Səhmdar Cəmiyyət yaradıldı. 11 ildən sonra isə ordan uzaqlaşanda köhnə heyətdən cəmi 20 faiz qalardı, ya yox? AzTV-ni də ağ günə çıxartmışdım.

40 dərəcə istidə adam da anadan olar? 

Ən maraqlı anlarımız  çəkilişlər idi. “Xəbərlər” olduğuna görə bütün sahələri əhatə edirdik. Əvvəl günlər əsasən humanitar sahələri çəkirdim. Həm iş prosesinə uyğunlaşır, öyrənirdim, həm də  akademiya, muzeydən, yazıçı, rəssam, bəstəkar təşkilatlarından, sərgidən, konsertdən adama ziyan gəlmirdi. Səhv eləsəydim də belə. Düzdür, xeyir də yox idi.

Yayın cırhacır vaxtı idi. Bakıda 40 dərəcə isti hökm sürürdü. Bu istidə 70 yaşlı operatorumuz Muxtar Məmmədovla 3 çəkilişə getmişdik. Üçü də biri-birindən “gözəl”: muzey, sərgi, uşaq bağçası. Qayıtdıq. Montaj elədim. Baş redaktorumuz Həsən Həsənova dedim ki, “materiallar hazırdır. Filan kasetdədir. Başqa bir tapşırığınız  yoxdursa, mən gedim”. Soruşdu ki, “hara gedirsən?” Dedim ki, atamgilə. Onların Hüsü Hacıyev küçəsində - mərkəzdə yaşadıqlarını yaxşı bilən Həsən müəllim qabağıma bir məktub qoydu: ““Vahid  Poeziya Evi”ndə bir yubiley var, yolüstü onu da çək. Maşın qapıda gözləyir”.

Nə isə operator üçün “zayavka” verib çıxdım qapıya. Köhnə, tökülmüş sarı “QAZ-24” bizi gözləyirdi. Qoca bir şofer yaxınlaşdı. Bizim dalımızca gəldiyini dedi. Bir də gördüm ki, üç çəkilişdən sonra 70 yaşlı Muxtar dayı bir əlində 20 kiloqramlıq kamera, o biri  əlində anton akkumlyatorlarla dolu qara çantası dilinin altında nəsə deyinə-deyinə, təri axa-axa gəlir.  Maşında mən qabaqda, o isə arxada əyləşdi. Peşman oldum Muxtar dayıdan soruşum:

- Muxtar dayı, necəsən?

- Necə olacam?  Denən ay oğraş köppək oğlu,  q...ə balağından düşmüş g......n . Sənin var-yoxunu.... , sənin nəslini...... Adam da bu istidə anadan olar? Ay...., ay ......İndi anadan olmusan, olmusan da. Bu istidə də yubiley keçirərlər. Keçirirsən keçir e. Day bizi niyə dartıb gətizdirirsən. Ay sənin..................

İki dəqiqə dözdüm. Sakitləşmədi. Sanki bulaq idi – söyüş bulağı. Qaynayırdı. Şofer də yaşlı adam. Ayıbdır. Nə deyər axı? Necə olsa AzTV-ni təmsil edirik. Çımxırdım Muxtar dayının üstünə. Çəkilişin rəhbəri mən sayılırdım, yaşda cavan olmağıma baxmayaraq. Muxtar dayı səsini kəsdi. “Baksovet”ə çatanda sürücüdən soruşdum ki, əmi yubiley kimindir?

- Ay bala, mənim yubileyimdir. Adım da şair Ş.F.-dir.

Arxaya çevrilib Muxtar dayıya baxdım. Dodaqaltı gülürdü. Bu istidə dörd çəkilişin hayfını bir nəfərdən çıxmışdı. Heç üzr  istəmək fikri də yox idi.

Ayağım Fərhad Əliyevə düşdü 

Axşam saat 6 olardı. Növbətçi idik - rəhmətlik Gülsəfa Əhmədova, mən, Bahadır Şəfi və Əli Nəcəfxanlı. Həsən müəllim otağa girib Əliyə xitabən “Ticarət Nazirliyində mətbuat konfransı var. Get çək” dedi. Əli nəsə tutarlı bəhanə gətirdi. Onda Həsən müəllim Bahadıra müraciət etdi. Bahadır daha da tutarlı dəlil gətirdi: “Əli getmirsə, deməli nəsə bilir ki, getmir də... Özü də Miri Qəmbərov gedəndən sonra nazir təyin olunmayıb”. Həsən müəllim gülə-gülə məktubu mənə uzatdı. Bu dəfə amiranə: “Get, çək!”.
Mən də “boş kasetim yoxdur” deməyimi eşitdim. Əli də, Bahadır da hərəyə cibindən bir kaset çıxarıb uzatdılar mənə. Yəni ki, təzə gəlmisən, “molodoysan”, yerini bil. Deyirlər çək, deməli çək.

Mətbuat konfransına gecikmişdik. Biz gecikdiyimizə görə də başlamırdılar. Bir saat oturub  gözləyirlərmiş. AzərTAc-dan bir qadın müxbir vardı. Başladı deyinməyə. “Bu nazir harda qaldı ye. Doluyub bizi barmağına? Başlayırsan başla, başlamırsan -  de işimizi bilək də. Özü də kimdir e, bu nazir?”  Düz onun böyründə, jurnalistlərin içində oturan bir cavan oğlan dilləndi:

- Nazir yoxdur. Naziri əvəz edən isə mənəm.

- Adın nədir?

- Fərhad Əliyev.

Demə bir saat ərzində jurnalistlər dalıyca nə danışıblar Fərhad Əliyev hamısını eşidibmiş. Sadəcə onu üzdən tanımadıqlarına görə bilməyiblər ki, yanlarında oturan kimdir? Müxbir özün itirmədi:

- Onda mənim yanımda  niyə oturmusan? Get yuxarı başda – öz yerində əyləş də...

- Xanım, ora nazirin yeridir. Mən isə nazir müavini – naziri müvəqqəti əvəz edənəm.

Hamımız gülüşdük. Sonda Fərhad müəllim məni və Azərbaycanın ilk qadın operatoru  Esmira xanımı qəbul etdi. Şokoladla çay gətirtdi. Hörmət-izzətlə yola saldı.  Çəkilişdən geri qayıtdım. Üç gündən sonra isə Fərhad Əliyev ticarət naziri təyin olundu, sonra isə iqtisadi inkişaf naziri. Debüt süjetim - ayağım yüngül olduğundan çəkilişlərə şəxsən məni çağırırdılar.

“Lider” yalançı, AzTV saxtadır

Müxalifətin mitinqlərinə əsasən mən gedirdim. Necə deyərlər ixtisaslaşmışdım. Ordakılar da öyrəşmişdilər mənə. Üç istiqamətdən çəkirdik. Birinci 20 Yanvardan “Qələbə” dairəsinədək olan yürüşü.  Sonra “Qələbə” meydanındakı mitinqi. Və bunun fonunda müsahibələr. Meydandakı mitinq də üç nöqtədən çəkilirdi: bütövlükdə, kinoteatrın damından və  dairədən.

Müxalifətin də AzTV-dən və “Lider”dən zəhləsi gedirdi. Xüsusilə də “Lider”in “Kuklalar” verilişinə görə. Müxalifətçi gənclər yürüşdə bir kolonna təşkil edirdi.
Bir dəfə kameramızla onlara yaxınlaşdıq. Kameranı görcək başladılar qızışmağa, bərk-bərk qışqırmağa:
- "Lider" yalançı, AzTV saxtakar! "Lider" yalançı, AzTV saxtakar!
Amma bilmirdilər ki, biz hardanıq. Sadəcə “tarixə” – daha doğrusu arxivə düşmək istəyirdilər. Beləcə hayqırırdılar. Birdən AzTV-nin vəsiqəsini boğazıma keçirtdim. Getdim dayandım düz bunların qabağında. Gənc müxalifətçilərin bu qışqırığına dirijorluq edən başçıları vəsiqəni gördü. Vəsiqəyə baxıb gülə-gülə valı dəyişdi:

- “Lider” yalançı, “Lider” saxtakar! “Lider” yalançı, “Lider” saxtakar!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?