Modern.az

AvroNest: siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır

AvroNest: siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır

30 May 2013, 10:49

Elxan Süleymanov
Milli Məclisin deputatı

AvroNest təsis edildiyindən bəri Ermənistan istisna olmaqla, Şərq Tərəfdaşı ölkələri üçün heç bir mühüm siyasi problemi həll edə bilməmişdir. Hətta, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal altında olması faktının olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa mane olmuşdur. Təşkilat yarandığı ilk gündən etibarən sözdə həyati əhəmiyyətli milli maraqlara istinad edən veto hüququnun mövcudluğu, hər hansı fundamental müzakirənin qarşısını almaq üçün yol verirdi. Bu gün, 2013-cü il Brüssel plenar sessiyasında eyni ssenari təkrarlandı. Əsas prinsiplərin yenidən gücləndirilə bilməməsinə baxmayaraq, işğal olunmuş ərazilərlə bağlı  bir neçə təklif də daxil olmaqla ümumilikdə ölkəmiz əleyhinə 25-dən çox qərəzli təklif və düzəlişin verilməsi Azərbaycanın mövqelərinin ciddi zərbə altında  qalması təhlükəsi yaradırdı. Azərbaycan nümayəndə heyəti bütün bu gizli niyyətləri aşkara çıxarmaqla, onlarla mübarizə apardı və həmin düzəlişlərin mətndən çıxarılmasına nail oldu. Bununla da, Ermənistan və onun AP-dəki çoxsaylı müttəffiqləri tərəfindən endirilən zərbələrin qarşısı alındı.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti ümumilikdə AvroNest-in siyasi hakimiyyətinin gücləndirilməsi məqsədilə hər bir təklifə açıq olduğunu və Şərq Tərəfdaşlığı çərçivəsində əsas problemlər üzrə hər hansı müzakirəyə başlamağa hazır olduğunu göstərdi.  

Ermənistan, Avropa İttifaqının körpə və şıltaq balasıdır

Brüssel iclasları zamanı Ermənistanın demək olar ki, bütün Aİ-yə üzv dövlətlər tərəfindən xüsusi himayə edildiyi aydın oldu. Ermənistan, obrazlı şəkildə desək, valideynlərindən töhmət almadan istədiyi kimi davranan, istədiyini danışan şıltaq uşaq ilə müqayisə edilə bilər. Belə ki, irəli sürülən təkliflər mövcud qətnamələrə və ya əsas beynəlxalq prinsiplərə tamamilə zidd olduğu halda belə, AvroNest-də Ermənistanın və onu dəstəkləyən bəzi Avropa Parlamenti deputatlarının  təklifləri və düzəlişləri həqiqətən də kor-koranə dəstək alır. Təəssüf ki, Avropa Parlamenti deputatlarının əksəriyyəti çox zaman faktlar barəsində konkret bilgiyə malik olmadan aldıqları təlimatlara əsasən səs verirlər.

Bu baxımdan Ermənistanın Avropa ölkələrindən və onların nümayəndələrindən belə kor-koranə dəstəyə malik olmasının səbəblərini təhqiq etmək və anlamağa çalışmaq maraqlı olar.

a) Diasporanın seçki gücü 

Avropanın əksər paytaxtlarında güclü Ermənistan diasporası yerli siyasi partiyalara böyük təsir göstərir və AP-nin üzvlərini erməni maraqlarını dəstəkləməyə məcbur etmə vasitəsi kimi yerli səviyyədə mümkün seçki təsirindən sui-istifadə edir. Bu erməni emiqrantların yerli erməni sakinlərdən daha çox ekstremist olduqlarını göstərən ictimai sirrdir. Avropa siyasi partiyalarının və onların AP-dəki nümayəndələrinin əksəriyyəti bu erməni diasporasının seçki təhdidləri qarşısında təslim olur.

b) Tarixi-dini amil

Ermənistan bütün hallarda qondarma ümumi Avropa xristian irsinə müraciət edir və “düşmən Müsəlman ölkələri” tərəfindən əhatə olunduğunu vurğulayaraq, qədim Xristian Avropasında şəfqət hissi oyatmağa çalışır. Bu baxımdan mövcud geosiyasi gərginliklər çərçivəsində bir çox Avropa siyasətçilərinin kor-koranə şəkildə bu təəssüfləndirici məntiq ilə addımladığı açıq-aşkardır. Avropa siyasətçiləri daha dəqiq araşdırma aparsalar Azərbaycanda dini dözümlülüyün Ermənistana nisbətən daha çox olduğunu öyrənərdilər.

c) Azərbaycanın iqtisadi uğuruna qısqanclıq

Avropa İttifaqının prinsiplərindən biri üzvlər arasında həmrəyliyin olmasıdır, baxmayaraq ki, təcrübədə bu gün Avropanın valyuta böhranında müşahidə etdiyimiz kimi, bunun əksi görünür. Bununla belə, bir çox Avropa siyasətçiləri Cənubi Qafqazın açıq-aşkar ən çiçəklənən ölkəsi olan Azərbaycandan belə həmrəylik gözləyirlər və mövcud vəziyyəti tamamilə eyniləşdirirlər. İlk baxışda bu prinsip yaxşı və doğru görünür, lakin əlbəttə ki, real şərtlər daxilində qəbuledilməzdir. Aydındır ki, Azərbaycan regionda aparıcı ölkə rolunu oynamağa hazırdır, lakin o da aydın olmalıdır ki, Azərbaycanın mühüm hissəsini zorakı və hərbi yolla işğal edən qonşu ölkəyə münasibətdə heç bir həmrəylik gözləmək olmaz. Ermənistan-Azərbaycan münasibətlərində ən böyük problem odur ki, avropalılar bu münasibətlərin kökünü nəzərə almırlar. Avropalılar və Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu münaqişə deyil, bu ermənilərin silahlı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının hərbi işğalıdır.

Azərbaycan heç bir baxımdan Ermənistanın Avropa İttifaqı tərəfindən qorunmasının səbəb və nəticələrinə görə məsuliyyət daşıya bilməz. Bundan əlavə, Azərbaycan belə münasibətə qarşı kifayət qədər müdafiəsizdir. Erməni diasporası, tarixi-dini amilin mövcudluğu, qısqanclıq – bütün bunlar Azərbaycanın siyasi məsuliyyətində olan faktorlar deyildir.

2. Qətnamə layihəsində Azərbaycana qərəzli hücumlar:

a) Avropa İttifaqı rəsmilərinin Dağlıq Qarabağa maneəsiz səfər edə bilməsi təklifi

Aydındır ki, Azərbaycan Avropa İttifaqı rəsmilərinin işğal edilmiş ərazilərə rəsmi səfərlər etməklə, hal-hazırda o əraziləri idarə edən qeyri-qanuni separatçı qüvvələrə haqq verilməsini qəbul edə bilməz. Bu təklif hər hansı qayda və ya prinsipi qüvvəyə mindirmək gücü olmayan Avronest-in həmin qayda ya prinsipləri pozan belə liberal hərəkətlərə yol verərək, necə təhlükəli ola biləcəyinə ən yaxşı nümunədir.

b) İşğal edilmiş ərazilərlə sərhədlərin açılması

Dəhşətli hal odur ki, bəzi Avropa deputatları Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbini səsləndirmək əvəzinə ermənilərlə sərhədlərin açılmasını tələb edirlər. Təqdim olunan sənəddə 10-a qədər belə düzəliş təklifi var idi. Beynəlxalq qanundan kənar qüvvələr tərəfindən idarə olunan ərazi ilə sərhədlər necə açıla bilər? Buna baxmayaraq, bəzi AP üzvləri bu təklifin qəbul edilməsinə çağırırdılar. Bu təklif bütün beynəlxalq standartlara və təcrübələrə zidd olduğundan Azərbaycan nümayəndə heyəti bir daha onun qarşısını almağa müvəffəq oldu.

c)  Avropa İttifaqı və işğal altında olan ərazilərin “de-fakto idarəçiləri” arasında əməkdaşlıq edilməsinə çağırışlar

Eyni zamanda bir sıra AP üzvləri bu təklifi imzalayaraq, hətta bu işə maliyyə resurslarının ayrılmasını da təklif edirdilər. Belə təkliflər açıq-aydın beynəlxalq ictimaiyyətin qəbul etdiyi bütün qətnamələrə ziddir. Bu gün işğal edilmiş torpaqları “de-fakto” idarə edən insanlar beynəlxalq səviyyədə tanınmayıb, onlar qeyri-qanuni hesab edilirlər. Bundan başqa, onları rəsmi şəkildə torpaqları işğaldan azad etməyə çağıran Qətnamələr vardır. Aİ-nın bu qeyri-qanuni və separatçı rejimlə  əməkdaşlıq qurmaq istəyi, həqiqətən də, təhqirdir. Bu, absurd, həm də təhlükəli təklif də rədd edildi.

d) Dərhal ticarət əlaqələrinin qurulması

Aydındır ki, ərazisi qonşusunun silahlı işğalı altında olduğu zaman hər hansı bir ölkənin təcavüzkar ölkə ilə ticarət əlaqələrinə başlaması mümkünsüzdür. Azərbaycan hər hansı ticarət əlaqələrinə açıq ölkə olduğunu, azad bazar iqtisadiyyatına malik, istənilən ölkə ilə ticarət əlaqələrini inkişaf etdirməyə hazır müasir ölkə olduğunu nümayiş etdirmişdir. Lakin Aİ, əlbəttə, Azərbaycanın ərazisinin beşdə birini işğal etmiş və hüquqları pozulmuş bir milyona yaxın insanın öz yurd-yuvasından didərgin düşməsinə səbəb olan ölkə ilə ticarət əlaqələrinə başlamasını gözləyə bilməz. 

e) Öz müqəddəratını təyin etmə hüququ

Ermənilər beynəlxalq hüququn öz müqəddəratını təyin etmə hüququ prinsipini Qətnamədə xüsusi olaraq vurğulamaq istəyirdilər. Lakin Dağlıq Qarabağa dair bütün beynəlxalq qətnamələr açıq-aydın Azərbaycan dövlətinin ərazi bütövlüyü prinsipinə əsaslanır. Şübhəsiz, Azərbaycan heç bir zaman bu fundamental beynəlxalq prinsipin sual altına qoyulmasına razılıq verə bilməz. Ermənistan bir sıra AP üzvlərinə öz müqəddəratını təyin etmə prinsipi vurğulanmazsa, milli maraqları ilə uyğun olmadığına görə öz veto qoymaq hüquqlarından istifadə və ya daha çox sui-istifadə edəcəkləri barədə hədə-qorxu gəlmişdilər. Lakin, Azərbaycan burada da qələbə qazandı, belə ki, bu məsələ qətnaməyə  daxil edilmədi.

Eyni zamanda,  Ermənistan həmişə “münaqişə tərəfi” adlandırılmaqdan imtina etmişdir. Belə ki, onlar bu məsələyə birbaşa aidiyyatları olmadığlarını və məsuliyyət daşımamalı olduqlarını iddia edirlər. Lakin burada riyakarlıq üzə çıxır, çünki çox qəribədir ki, işğal edilmiş ərazilərdə Ermənistan muxtariyyatçılarının maraqlarına xələl yetirə biləcək təkliflər olduqda Ermənistan həmişə hansısa “milli Erməni maraqlarını” ortaya atır.  

f) İfadə tərzindən daha çox

Ermənilərin və onların bəzi avropalı tərəfdaşlarının təklif etdiyi mətnlərin çoxunda Cənubi Qafqazdakı münaqişələrin “Gürcüstan və Dağlıq Qarabağdakı münaqişələr” kimi təsvir olunduğu aşkar olunmuşdu. Bu, əlbəttə ki, yanlışdır və rəqiblər bunu məmnuniyyətlə sadəcə ifadə tərzinin müzakirəsi adlandıracaqlar. Əlbəttə, məsələ belə deyil. Bu ifadə əslində belə yazılmalı idi: “Gürcüstan və Azərbaycana təsir edən münaqişələr”, çünki münaqişə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağın deyil, birbaşa Azərbaycanın ərazi bütövlüyünə təsir edir.

Avronest PA-da zərərsiz görünən, lakin Azərbaycanın hüquqi və qanuni mövqeyinə ciddi xələl yetirə biləcək belə hiyləgər təkliflərə qarşı həmişə ayıq-sayıq olmaq lazımdır. Xoşbəxtlikdən, Ermənistanın təklif etdiyi bu düzəlişi də Azərbaycan nümayəndə heyəti tərəfindən ləğv edildi.

 g) Münaqişə ərazilərindən olan QHT və fəalların dəvət olunması

AP üzvlərinin bu təklifi də geri götürüldü, belə ki, Azərbaycan nümayəndə heyəti diqqəti təklifin qərəzli olmasına yönəltdi. Aydındır ki, bəzi fərdi fəallar, çətin ki, xalqı belə fundamental məsələ ilə bağlı istənilən tərəfdən təmsil edə bilsin. Bu, bütöv bir xaos yaradar və indi olduğundan daha pis formada sülh prosesinə təhlükə törədər. Əlbəttə, bu təklifin arxasında duran yeganə məqsəd mövqeləri qeyri-siyasi hesab edildiyindən, bəzi vətəndaşların daha çox etibarlı olduqlarını iddia edərək, onların Azərbaycanın mövqeyini fəal şəkildə korlamalarına imkan yaratmaqdır.

Nəticə

Təəssüf ki, Ermənistan böyük göy və sarı ulduzlu Avropa İttifaqının çətiri altında gizlənən açıq-aydın şıltaq uşaq olduğu səbəbindən, müzakirə və mümkün səsvermələrin nəticəsi Azərbaycan üçün çox riskli idi. Biz ermənilərin və onlara dəstək verən bızi AP üzvlərinin bütün qeyri-obyektiv təkliflərini və birbaşa Azərbaycanın suverenliyini sual altında qoyan təklifləri silməyə müvəffəq olaraq, milli maraqlarımızı təmin edə bildik. Bundan başqa, bizim əleyhimizə olan hər hansı səsvermə nəticəsi bizə qarşı sanksiya və yeni siyasi təzyiqlərlə nəticələnə bilərdi.

Biz həmçinin dərk etməliyik ki, Brüsseldə Avronest PA-da qarşı tərəfin bütün bu siyasi fəaliyyətinin mühüm gizli məqsədi var və bu məqsəd hətta bizim üzdə gördüyümüzdən daha mühümdür: düşmənlərimizin açıq şəkildə təşkil edilmiş hücumlarının əsl niyyəti Azərbaycanın son illərdə Avropa ilə müsbət və səmimi açıq münasibətlərinin inkişafına əngəl törədilməsini təmin etməkdir. Son illərdə Azərbaycana qarşı insan hüquqları ilə bağlı bütün əvvəlki hücumlar da eyni strategiyaya əsaslanır.

Bu gün düşmənimiz olan ermənilər öz müttəfiqləri olan AP üzvlərinin dəstəyi ilə hətta Azərbaycanda da dəstək axtarırlar. Onlar ölkəmizi sarsıtmaq prosesində onların tərəfində duracaq Azərbaycanın vətəndaş cəmiyyəti, QHT-lər, fəallar və s. arasında tərəfdaşlar tapmağa ümid edirlər.

AvroNest PA-nın yaz sessiyasının nəticısindən belə qənaətə gəlmək olar ki, Azərbaycan Ermənistandan işğal altında olan torpaqlarını tələb etməməlidir. Bu tələb Beynəlxalq qurumları nəinki qıcıqlandırır, hətta qəzəbləndirir. Ədalətli tələbimizə görə Beynəlxalq qurumlar açıq-aydın Azərbaycanı susdurmaq üçün müxtəlif üsullara əl atırlar. Bəli, Azərbaycan hədəfdədir. Bu barədə düşünməyə dəyər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?