Modern.az

Tahir Əmiraslanov: “Mətbəx verilişlərində kim gəldi aşpazlıqdan dərs deyir”

Tahir Əmiraslanov: “Mətbəx verilişlərində kim gəldi aşpazlıqdan dərs deyir”

Aktual

30 May 2013, 11:02

Keçmişdə aşpazlıq bir sənət, xüsusi bir bacarıq və təhsil tələb edən peşə sayılırdı. Amma indi kimi dindirsən, yetən özünü aşpaz hesab edir, elə bir ağızdan deyir ki, yemək bişirməyə nə var ki. Ya üç adamın yeməyini, bişirdin, ya yüz nə fərqi var ki? Elə ona görə də iş tapa bilməyənlər, dünənin evdar xanımı da sabah şadlıq evində aşpaz kimi fəaliyyət göstərir.

“Şadlıq saraylarının təsnifatı və qaydalar” adlı dövlət standartının mayın 1-dən qüvvəyə minib. Artıq bununla bağlı iyun ayında yoxlamalara başlanılacaq. “Təsnifat və qaydalar” adlı dövlət standartında şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb. Standartda xidmət göstərən heyətə də ciddi tələblər müəyyənləşdirilib. Mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan inzibatçı, barmen, somelye, aşpazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır. Standartda personal üçün ayrı-ayrılıqda tələblər və məhdudiyyətlər də göstərilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Modern.az-a verdiyi məlumat görə, son monitorinqlərin nəticələrinə görə, şadlıq saraylarında aşpazların xüsusi standartları pozması ilə bağlı 10 fakt qeydə alınıb: “Təbii ki, yağ ilə əti bir birinə qatıb nə isə hazırlayana aşpaz demək olmaz. Aşpazlıq bir sənətdir. Dövlət standartında da aşpazların təhsilli olması göstərilib. Ona görə də bununla bağlı tədbirlər görülür. İyun ayında da yoxlamalar davam etdiriləcək. Hesab edirəm ki, sahibkarlar illərlə əziyyət çəkdikləri müəssisədə istehlakçı itirmək qorxusunu hiss etmədən heç bir şey bacarmayan bir nəfəri gətirib aşpaz etsin”.    

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da restoranlar qarşısında tələblər qoyublar. Mart ayına qədər ya personal müvafiq kurslardan keçməli, ya da onlarla əmək müqaviləsinə xitam verilməlidir. Həmçinin işə götürülən yeni işçilərin də müvafiq təhsilinin olması vacibdir. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə bildirir ki, ictimai iaşədə işləyən bütün personal, o cümlədən aşpazlar peşəkar olmalıdırlar: “Çünki təhsilsiz adamların insanlara xidmət etməsi, onların sağlamlığı ilə oynaması yolverilməzdir. Əgər şəxsin aşpazlıq təhsili yoxdursa, heç bir restoran onunla müqavilə bağlayıb işə götürə bilməz. Bu müqaviləyə görə rəhbərlik cərimə oluna bilər”.
T. Əmiraslanovun sözlərinə görə, dövlət tərəfindən aşpazlıq kursları təşkil olunur ki, restoranlarda işləyən aşpazların bu kurslardan keçməsi vacibdir. Sonunda aşpazlar Respublika Kulinariya Şurasında imtahan verib üçüncü dərəcəli aşpaz sertifikatı ala bilərlər. Baş aşpazlar isə gərək usta dərəcəsinə malik olsun: “Yoxsa sertifikatsız-filansız televiziyaya çıxırlar, bilmirsən ki, bu, kimdir, nəçidir? Camaata dərs deyir, bilmədiklərini öyrədirlər. Bunun qarşısını almaq üçün dövlət müvafiq addımlar atır. Biz bu tədbirləri alqışlayırıq və kömək etməyə hazırıq”.
T. Əmiraslanov bildirdi ki, ölkədəki bütün aşpazlara qısa müddətdə yüksək səviyyədə təhsil vermək mümkünsüzdür: “Təhsil 3-5 aydır. Bizim kurslarımız var ki, ixtisas artırmaq üçündür. Bir neçə il aşpaz işləmiş şəxslər bu kurslardan keçə bilərlər. Onları normaya gətirmək üçün ixtisasartırma kurslarımız fəaliyyət göstərir. Kursun sonunda Respublika Kulinariya Şurasında ixtisas komissiyası tərəfindən aşpazlardan imtahan götürülür. İmtahanları keçə bilməyənlərə sertifikat verilmir. Yəni təkcə kursu keçmək şərt deyil, imtahanları da verə bilməlisən. Yoxsa ki, təhsilsiz aşpazlar insanların sağlamlığına zərbə vururlar”.
Onun sözlərinə görə, həmin kurslar pulludur. On günlük kursun qiyməti 500-1000 manat arasında dəyişir: “Kim istəsə, bu kursları Türkiyədə keçib gələ bilər. Türkiyədə on günlük kurslar 3500 avrodur. Bizdə diplomların tanınması üçün xüsusi komissiya var ki, onlar aşpazlardan imtahan götürürlər. Kim normal şəkildə qaydaları bilmirsə, imtahandan keçmir və təkrar oxumalıdır”.  

Bu sahədə problemlərin olduğunu söyləyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanun iaşə obyektlərində çalışan aşpazların mütləq təhsilli olması ilə bağlı sahibkarların qarşısında heç bir tələb qoymur. Odur ki, qanunla tənzimlənməyən şeylərdə deməli hər şeyə icazə var: “Liberal bazarda şəraitində buna toxunulmur və kim necə istəyir elə də fəaliyyət göstərir. Belə olan halda insanlar zəhərlənə, keyfiyyətsiz hazırlanmış qidadan hansısa xəstəlik tapa bilərlər. Xüsusi aşpazlar hazırlayan institutlar olmasa da peşə məktəblərində Turizm və Kooperasiya Universitetlərində bununla bağlı iş aparılır. Amma ayrıca aşpaz hazırlayan institutlar yoxdur. Dünyada isə biznes elə qurulub ki, orada biznes, istehlakçıların zəhərlənməsi, bankrot olmaq məsuliyyəti var. Ona görə də bir çox ölkələrdə də bu məsələ liberal üsulla həll olunub. Bizdə də bu problem öz həllini liberal üsulla həll edilə bilər”.  

 

Gültəkin ƏLƏSGƏR      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı