Modern.az

Azərbaycan istehsalı olan zövqlü geyimi piştaxtalara Pənah Hüseyn buraxmadı? - Problem

Azərbaycan istehsalı olan zövqlü geyimi piştaxtalara Pənah Hüseyn buraxmadı? - Problem

Aktual

30 May 2013, 15:07

“Volodarski” fabrikinin acı şöhrətindən başqa yerli tekstil məhsullarının inkişafını başqa səbəblər də ləngidir.

  Müstəqillikdən sonra sənayenin bütün sahələrində canlanma, inkişaf özünü göstərsə də, tikiş sənayesi hələ də durğunluq dövrünü yaşayır. Bu günə kimi fəaliyyətində heç bir tərpəniş olmayan geyim sənayemizdə cəmi bir fabrikimiz var ki, o da yalnız məktəbli formasının istehsalı ilə məşğuldur. Yəni gündəlik, ziyafət və s. üçün geyim hazırlayan müəssisələrimiz yoxdur. Səbəb isə yəqin ki, hamıya məlumdur. Belə bir fabrik açılsa və gündəlik, ziyafət geyimləri istehsal olunsa elə, məhsul fabrikdəcə qalacaq. Çünki yerli istehsal bazarda öz alıcısını tapa bilməyəcək. Ona görə də bu günə kimi hələ də öz geyim brendimizi yarada bilməmişik. Bir çox geyim mağazalarında gizli sexlərdə tikilmiş və üzərinə xarici marka, əsasən də türk yarlığı vurulmuş geyimlərin satılması da hamıya məlumdur. Təbii ki, həmin  geyimlərin üzərinə Azərbaycanda istehsal olunduğunu yazılsa, heç kəs yerli istehsala yaxın durmayacaq. Çünki uzun illər ölkədə fəaliyyət göstərən keçmiş Volodarski adına fabrik tikdiyi keyfiyyətsiz paltarları ilə insanların yaddaşında bir növ yerli istehsala keyfiyyətsiz damğası vurub. Sovet dönəmində “Volodarski fabriki”ndə tikilən kostyum bir qolu uzun, biri qısa, şalvarın bir ayağı uzun, o birisi qısa olduğundan heç kim həmin zavodda istehsal olunan paltarlara yaxın düşmürdü. Yəni elə o vaxtdan “Volodarski”nin “hesabına” yerli brendin həm adı, həm də canı çıxıb. Yəni hələ də beynimizdə sözügedən fabrikin istehsal etdiyi keyfiyyətsiz məhsullar qalıb. Hətta parlament seçkiləri zamanı namizədlərdən biri olan Pənah Hüseyn də rəqib namizəd olan sözügedən fabrikin direktoruna bunu xatırlatmışdı. Televiziyadakı debatlar zamanı səslənmiş həmin fikir “Volodarski”nin hafizələrdə indiyədək qaldığını bir daha isbatlayır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, insanların gözü “Volodarski”dən qorxduğundan yerli brend ən yüksək keyfiyyətdə olsa belə, özünə alıcı tapa bilməyəcək. Sovetlər vaxtı ən pis, keyfiyyətsiz, bir ayağı gödək, biri uzun, bir qolu uzun, biri qısa olan geyimləri həmin fabrik istehsal edirdi: “Volodarski 70 il ərzində əhalidə yerli mala ikrah hissi yaradıb. Təbii ki, bizdə də yeraltı gizli sexlər var ki, həmin sexlərdə istehsal olunan məhsullar xarici markalarla markalanır. Ayaqqabıların 60, kostyumların 50 faizi başqa brendlər adı altında Azərbaycanda tikilir. Belə olan halda Azərbaycan öz yerli istehsalını, brendini dünyaya tanıda bilmir. Bu səbəbdən də Ümumdünya Ticarət Təşkilatına daxil olandan sonra Azərbaycan biznesi tamam öləcək. Azərbaycan pambıqçılıq, toxuculuq ölkəsi olduğu halda bu sahələr hamısı çöküb” Dövlətin “Hamı yerli mal alsın, xeyir vətənə qalsın” şüarını millətin beyninə yeritməli olduğunu deyən Eyyub Hüseynovun sözlərinə görə, biznes qurumları milli brendləri ortaya çıxartmalı və bununla fəxr etməlidirlər. Bunun üçünsə ilk olaraq gizli sexlər aşkarlanmalı cərimələnməlidirlər. 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, Azərbaycanda qeyri-neft sektorunda öz brendləri ilə tanınan kifayət qədər məhsulları var. Onun sözlərinə görə, bununla yanaşı həmin məhsulların dünya bazarlarında imicinin formalaşdırılması, daha çox tanıdılması üçün bir sıra tədbirlər görülür: “İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlar, eləcə də AZPROMO tərəfindən tədbirlər təşkil olunur. Yeli məhsulların sərgiləri təşkil olunur. Odur ki, Azərbaycanda istehsal olunan mal brendinin xaricdə tanıdılması üçün işlər görülür”. 

Azərbaycanın geyim sənayesinin inkişafı üçün tədbirlər görüldüyünü söyləyən Abbas Əliyev bildirdi ki, yenicə “Gilan” Tekstil Parkının açılışı oldu. Yəni Azərbaycanda yerli geyim markalarının yaradılması üçün işlərə başlanılıb. Gizli sexlərin fəaliyyətinin isə qanunsuz olduğunu deyən nazirlik rəsmisi bildirdi ki, monitorinqlər zamanı belə halların qarşısı alınır.

Bu gün tekstil, trikotaj inkişafı olduğunu deyən iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, onların fəaliyyəti gizli iqtisadiyyatın payına düşür. İstehsal sektoru vergi, kredit və bu kimi güzəştlərə malik deyil: “Son nəticədə isə vergi, kredit rejimi ilə həmin sektorda müvəffəqiyyət qazanmaq imkanını məhdudlaşdırır. Ona görə də sahibkarlar bu sahədə qeyri-rəsmi fəaliyyətə üstünlük verirlər. Bütövlükdə bu sahənin leqallaşdırılması, inkişafı üçün xaricdən ölkəyə investisiya yatırılması lazımdır. Təbii ki, həmin investisiyalar bu sektorda yeni texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşdirilməsi, innovasiyaların cəlb olunması ilə beynəlxalq və regional bazarlara yerli brendlərlə məhsul çıxara bilərlər”.  

“Emiland” kişi kostyum brendi artıq Rusiyada tanındığını deyən sözügedən moda evinin modelyer dizayneri Seymur Babayev hesab edir ki, Azərbaycan bu yolda ilk addımlarını atır: “İnkişaf getdikcə keyfiyyətli parçalar da istehsal olunur. Yeni texnologiyalar tətbiq olunur. Bu sahə bizdə yenin olduğundan hələ ki, inam yoxdur. Amma zaman keçdikcə hamı görəcək ki, bizim brendlər də İtaliyanın, Türkiyənin geyim markalarından geri qalmır. Sadəcə buna zaman lazımdır”     

Gültəkin ƏLƏSGƏR   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı