Modern.az

Sabir dərdi

Sabir dərdi

30 May 2013, 17:25

(30 may Sabirin doğum günüdür)

Azərbaycanda məşhur satirik şair Sabirin imzası ağlı söz kəsən hər kəsə yaxşı tanışdır. Özəlliklə yaşlı və orta nəsildən çox az adam tapmaq olar ki, onun şeirlərindən ən azı bir parça əzbər söyləməsin. Hətta Sabirdən sitat gətirməklə adamlar dərdlərinə təskinlik tapırlar.

Yalnız dərdi deməklə insanın xilas olması mümkün deyil. Dərdi Sabir kimi deyənlərin dərdi yenmək gücünə yetmələri gərəkdir. Dərdin də ki, çeşidləri bitməz-tükənməzdir:

İş görmək əvəzinə söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə!

Əgər dərddən danışan kimsə zaman, şərait məntiqiylə yaşayırsa, onun dərdi yenəcəyi mümkün deyil.

Çox hallarda dərdi demək, yazmaq adamları şövqləndirir, ancaq böyük ümidə çatdırmır. İnsanilik ümidini yaratmaq isə dəyişməz, yenilməz inam əsasında mümkündür.

*** 


Sabir dərd şairidir. Onda dərdi şeirlə bənzərsiz demək ustalığı var, dərdi ümidlə anlamaq var. Sabir səviyyəsində dərddən danışmaq – millətlə həmdərdlikdir, ruhən həmdəmlikdir. Sabirdən bundan böyük hünər ummaq düz olmazdı. O, bacardığını elədi. Basqılara tuş gəldi:

Nuri-çeşmanımmısan, ey pul, canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
...Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

***

20-ci yüzilin başlanğıcında dünyanın halında bir oyanma vardı: inqilabların yeni, daha fəlakətli mərhələsi başlayırdı. İnqilabın oyatmaq istəyi çox hallarda idraka əsaslanmır, üzdəkini görür, içdəkini görmür, yaranmadan yaratmaq istəyir, hər şeyi baş-ayaq edir, düzəltmir, belədə bütün uğurlara baxmayaraq insan xilas olmur.

Sabirlər milləti maariflənmə yoluyla dəyişdirməyə, yönləndirməyə çalışırdılar. Ayrıca bir konsepsiya, fəaliyyət proqramı isə yox idi.

Sabirin satirasında sərtlik var, kəskin tənqid var, güzəştsizlik var. Onun şairliyi çağında heç kəsin şairliyinə oxşamırdı. Bənzərsizlik budur:

Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm!

***

Ötən yüzilin başlanğıcında dərdi göstərməyin özü də (Sabir, Mirzə Cəlil kimi) hünər idi. İndi çağımızın çatışmazlıqlarını Sabir kimi şeirdə göstərmək, ifadə etmək ənənəmiz niyə səngiyib görəsən? Əksinə, Sabirin, Mirzə Cəlilin kölgəsini qılınclayanlar, onlara lağ edənlər, zəngin özgəçilik çeşidləri əsasında var olmaq istəyənlər (əslində yox olanlar), bir sözlə, özünü aldadanlar artıb.

Yoxluğa yetənin təskinliyi – yox olmaqdır. Qəzetlər, jurnallar, kitablar  özümlüyündən, milliyindən, deməli, bəşəriliyindən ayrılmış ədəbiyyat çeşidləri ilə doludur. Kürəsəlləşmə ruhsuzluğu ədəbiyyatı böyük bir səylə insana, millətə qarşı qoyur.

Özgəliklər əsasında inkişaf olmur. Deməli, millət daim hər sahədə irəliyə (özümlüyə) doğru getməli, özümlük üzərində inkişaf etməlidir.

***

Sabirin dərdi – millətin çatışmazlıqlardan qurtulması idi. O, Avropaya ümidlə baxırdı. Bu cəhət o dönəmdə bir çox düşüncə adamlarında (Mirzə Cəlildə, Hadidə və b.) vardı. Sabir məşhur taziyanəsində yazırdı:

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.

Maşınlı olmaq insanı xoşbəxt edə bilməz, bilmədi də. Sabir Qərbin maddi yüksəlişini onun elmə olan həvəsində görürdü. Şərqi zamanın gerçəkliyinə bərabər saymaq oçağkı düşüncə adamlarımızın yanlışı idi. Çünki Şərqin mahiyyəti təkcə despotçuluqdan ibarət deyil. Şərqin əzəli bəşəri imkanları hələ də tam aşkarlanmayıb...

*** 

Sabirin tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə edir, ancaq onu aradan qaldırmaq isə insanlardan hünər istəyir.

Sabirin sənətkarlığının bir cəhəti də onun meyxananın imkanlarından bacarıqla yararlanması idi. Biz Asif Ata Ocağı olaraq sənətin insaniliyə çatmasını istəyirik. Sənət daim İnsanı ucalığa səsləməli, onun İnam, İdrak, Mənəviyyat, İradə imkanının üzə çıxarılması baxımından borcunu yerinə yetirməlidir.

Sənət Həqiqət üçündür və o, insanı insaniliyinə çatdırmaqda yardımçı olmalıdır. Yoxsa ki, bər-bəzəkli, insana çatmayan, adamlıq səviyyəsini aşmayan zövqlər nəinki hər kəsin fərdi mənəvi yetkinliyini yaratmasını əngəlləyəcək, insanlığa, milliliyə ziyanlı amillərin qaynağı olacaq, habelə bütövlükdə insani inkişafı ləngidəcək. 

Asif Ata yazır: «Dedilər: pis şair olub yaxşı şeir yazmaq olar. Dedim pis şairin yaxşı şeirinə inanmazlar». Deməli, yaradıcı adam dediyinə bərabər olmalıdır. Bədahətənlik gözəl cəhətdir, ancaq görəsən, bu gün daha da dəbləşən meyxanalar niyə bu qədər adamları cəlb edir? Bu, ilk növbədə meyxananın mahiyyətindəki əyləncəvilik xarakteri ilə bağlıdır. Bir çox janrlardan yararlanan, sənət sahələri ilə bağlı olan meyxana sözün gerçək anlamında zamanı aşa bilmir, zaman əhvalını ifadə edir.

Bədahətənlik çətinliyə, məsuliyyətə dayanmayanda asanlıq təsdiq olunur. Bu gün hamı ağıl öyrədir, ancaq heç kəs dediyi kimi yaşamaq istəmir. Meyxananın xilası onun əyləncəvilikdən qurtulması, ciddiliyə yön almasında olacaq. 

Sabir meyxananın imkanlarından yararlansa da, meyxanaçı olmadı. Düz elədi.

***

Ümumiyyətlə, bütün dönəmlər üçün Sabirin satiraları aktual olacaq. O zaman ki, Sabirin tipləri yalnız ədəbiyyatda qalacaq, həyatda olmayacaq, biləyəcəyik ki, artıq şairin dərdi “dərmanını tapıb”. Ancaq Sabirlərin dərdinin dərmanı asan tapılmayacaq. Zaman-zaman bu dərd Sabirləri öldürdü. İndi dərdli özündə o dərəcədə güc tapmalıdır ki, dərdi öldürsün, dərddən uca olsun. Bu, o deməkdir ki, insan özüylə üz-üzə qalmalı, özünü yaratmağı bacarmalıdır. O zaman dərd də yeniləcək. Fərdin içində yenilən dərd cəmiyyətdə də yoxa çıxacaq. Sabirləri yaşatmağın, bundan öncə isə Sabirlərin xalqı yaşatmasının yolu budur.

Ümumən dünyanın, çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxış gərəkdir. Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur.

*** 

Sabir duyğuları, düşüncləri ilə qərib idi. Bu gün də qəribdir. Onu qəriblikdən çıxarmaq gərək.

İnam Atanın (Asif Atanın) Sabir haqqında yazdığı “Ölməyən dərd” adlı fəlsəfi-bədii məqamı var. Atanın ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Hadisi, Cavidi var.

İnam Ata Sabiri dünya satirasında bənzərsiz şair sayırdı. Sabirin yaradıcılığı üstə yazdığı “Ölməyən dərd” əsərində şairin insan dərdinin mahiyyətini açır, çıxış yolunu göstərir: nə qədər ki, millət olaraq ayılmamışıq, var ola bilməyəcəyik. Var olmaq imkanımız isə var. O imkanı üzə çıxarmalıyıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır