Modern.az

AzTV sərgüzəştləri-2

AzTV sərgüzəştləri-2

30 May 2013, 22:12

Modern.az saytı vaxtilə Azərbaycan Televiziyasında çalışmış jurnalist Mahir Qabiloğlunun “AzTV sərgüzəştləri” adlı silsilə yazılarının təqdimatını davam etdirir.  Bu yazılar “AzTV-nin mətbəxi”ndə baş vermiş və əksəriyyətimizin bilmədiyi gerçək, maraqlı hadisələrin təsviridir. Beləliklə,

MÜXALİFƏT AzTV-yə QURBAN

Müxalifətin növbəti mitinqlərinin birində çıxışları tam çəkmək mənə həvalə olundu. Mitinq təşkilatçıları da ayıq tərpənmişdilər. Hər hansı təxribata yol verməməkçün tribunanın ətrafına ancaq jurnalistləri və çıxışçıları buraxırdılar. Əlbəttə ki, iqtidar jurnalistlərini yox. Özü də vəsiqəylə. Mən də operatorla məcbur olub yaxınlaşdım “keçid-buraxılış məntəqəsinə” - qolunda sarğı olan müxalifətçi nəzarətçilərə. Soruşdular:

-  Hardan gəlmisiniz?

-  Televiziyadan.

-  Hansı?

Özümü itirmədim. Onsuz da üzdən tanıyırdılar. Vəsiqəmi çıxartdım. Az qala gözünə soxaraq:

-  AzTV-dən.

Nəzarətçi bunu gözləmirdi. Hər dəfə prodakşn, özəl televiziya adıyla girirdik mərkəzə. Amma mənim bu sözüm onu lap yandırmışdı:

- Qaqaş, bu lap ağ oldu da. Bizi söyürsən söyürsən. Hələ vəsiqə də göstərirsən?

Başqa birisi gördü ki, yolu bağlamışıq. Yaxınlaşdı:

- Nə problem var ki, hardan gəliblər?

- AzTV-dən.

Bərkdən:

- Ay xoş gəlib, səfa gətirmisiniz. Həmişə Siz gələsiniz. Gözümüz üstə yeriniz var. Yol verin, AzTV gəlib. Gəlin çəkin. Hər cür şərait yaradacağıq Sizə. Sizə qurban olum. Çəkən əliniz yorulmasın. Çəkin hamısın. Verin AzTV-nin arxivinə. Hakimiyyətə gələndə bizə lazım olacaq.

QULAĞININ DALINI GÖRƏRSƏN, AMMA ÜZÜNÜ YOX

Kitab mükafatlarının təqdimatı idi. Düz 32 nəfər laureat vardı. Belə hallarda heç kim inciməsin deyə, nə ad çəkilirdi, nə də iri planlar verilirdi. Bunu bilirdim. Amma tədbirə girəndə laureatlardan o qədər tanış adam çıxdı ki, bu qaydanı pozmalı oldum. Üç cildliyi çıxan bir nəfər vəzifəli adamın müavini isə mənə yuxarıdan aşağı baxdığı üçün onu “cəzalandırmağa” qərar verdim. Yəni efirə elə verəcəkdim ki, nə şiş yansın, nə kabab. Amma əvəzində rəis tutub müavinin “kaznitləyəcəkdi”. Bununla bağlı operatora da təlimat vermişdim. Nə isə materialı çəkib verdim efirə. Üstündən 5 dəqiqə keçmişdi ki, “tufan” qopdu.
“Mahir efir və çəkiliş kassetin də götür get Nizami müəllimin yanına”.

İçəri girən kimi Nizami müəllimin halı dəyişdi. Mən o çəkilişdə digər həmkarımı əvəzləmişdim. Material da efirə yoldaşımın adıyla gedirdi. Demə Nizami müəllim ağzını yaxşı doldurubmuş ki, həmkarımı söyəcək. Məni görəndə bildi ki, işi mən qarışdırmışam – material mənlikdir. Baş redaktorumuz Allahverdi Məmmədova:

- Ə Allahverdi, bilirsən də. Bunun dədasını mən çox istəyirəm. İndi bilirsiniz ki, heç nə eləməyəcəyəm, hər dəfə bunu verirsiz irəli.

- Yox, Nizami müəllim, filankəsin işi olub, Mahir əvəz eləyib.

- Ə Mahir, sən çoxdan işləyirsən, bilmirsən ki, belə tədbirlərdə ad çəkməzlər? Krupnı sifət göstərməzlər? Telefonlar susmur axı? Filan rəis də zəng etmişdi ki, “kitabın adın çəkib, amma mən müəllifin adın çəkməyib. Üzümü də göstərməyib”.

Arzuma çatmışdım. Amma vəziyyətdən də çıxmalıydım.

- Necə yəni  göstərməmişəm. Göstərmişəm axı. Nizami müəllim, məcbur oldum ad çəkməyə. İmkan verin izah edim –lentə baxa-baxa.

-  Göstər bala, göstər.

-  İlk mükafatı akademik Bəkir Nəbiyevə verdilər. Atamın dostudur. Özü də məni qucaqlayıb öpdü. Sonra da dedi ki, atova salam deyərsən.  İkinci millət vəkili Nizami Cəfərov – köhnə qonşumdur. Ramiz Əkbər – qaynımdır. Adın çəkməsəydim arvad evə buraxmayacaqdı. Yanında oturan da qohumdur – professor Telman Vəlixanlı. Bu millət vəkili -  Hüseynbala Mirələmovdur – o boyda tədbirdə yeganə “yaxşı oğlan”.  Bu da ki həmin rəisin 3 cildlik kitabı. Vəssalam. Bir dəqiqəlik süjet doldu da.

-  Mahir sən mənə rəisi göstər.

-  Budur Nizami müəllim. Arxası bizə tərəf olan. Mükafat alan yerdə. Bundan artıq nə verim? Nə çəkilib onu da vermişəm. Arxadan tanımayıb özünü?

Nizami müəllim, dərindən köks ötürərək “get bala, get. Allahverdi, bir də bu uşağı belə məsuliyyətli yerlərə göndərmə”. Otaqdan çıxdım. Rəisin müavininə dediyim sözü ürək eləyib Nizami müəllimə deyə bilmədim. Rəis müavininə demişdim: “Rəisin qulağının dalını görər, amma üzünü heç vaxt”.

APİ, YAXUD DA KATORQA - FƏRQİ YOXDUR.

Çəkilişə gedəndə özümüzü lap padşah sayırdıq. Kim üzümüzə pis baxsaydı, çəkmirdik.  Kimdən xoşumuz gəlirdi üç dəfə verirdik. Azərbaycan Pedaqoji Universitetinə gedəndə isə, elə bil ki, katorqaya gedirdik. Nizami müəllim əvvəllər orda işləmişdi deyə,  günümüzü göy əskiyə bükürdülər. Bir dəqiqəlik süjetdə hamını necə göstərəydik axı? Nizami müəllim də həftəiçi dərsə gedəndə düşürdülər üstünə ki, bəs “məni niyə efirə vermirsən?”. İçindən ona dərs deyənlər olanda, ümumiyyətlə acı danışırdılar: “Ə Nizami, böyümüsən?!”. Nizami müəllim də gəlib acığını tökürdü üstümüzə. Başqa müxbirlər müəllimlərin bu təzyiqinə bir təhər dözürdülər. Mən isə atama güvənib, hərdən cavab da qaytarırdım.
Günlərin bir günü yenə APİ-də çəkilişdəydim. Zala girməyimi gördüm. O başladı ki, məni çək, bu dedi məni göstər. İçərisindən biri lap “uzağa getdi”:

-  Baxın, Sizə görün necə sədr vermişiy e...

Day dözə bilmədim:

-  Ay müəllimlər, Prezident təyin edəndən sonra, Sizin ağzınız nə idi ki, verməyəydiz.

ARİF ALIŞANOV: “MAHİR, SƏNİN QƏLƏMİN YOXDUR!”

Az.TV-dən işdən çıxanda hörmətli sədrimiz Arif Alışanov mənə bir iradın bildirdi. Dedi ki, “Mahir, sənin qələmin yoxdur”. Demə AzTV-də 11 il qələmsiz işləyirmişəm. Bu sözünün üstündən 6 il keçir. Sizə minnətdaram, Arif müəllim. Bu illər ərzində Sizin iradınızla qələmimi itilədim. Bundan sonra çalışacağam ki, yazılarımla, xüsusilə də “AzTV sərgüzəştləri” silsilə yazılarımla Sizin bu “etimadınızı” doğruldum.

Arzu edirəm ki, bu yazılar o  qədər çoxalsın ki, Siz Az.TV-nin çoxmilyonluq büdcəsindən bir damcı ayırıb bu sərgüzəştləri kitab halında çap etdirəsiniz. Yüksək qonorar da versəniz, pis olmaz. Söz verirəm ki, Sizin sədr müavinliyi dövründə və  sədrliyinizin birinci - ən maraqlı ilində baş verən hadisələrin tam dolğun ifadəsini sponsoru olacağınız bu kitabın ön səhifələrində yerləşdirim. Əlbəttə ki, düşündürücü duzlu-məzəli yumorumla, Nizami Xudiyevin şirin Naxçıvan ləhcəsində. Məncə bu yazılara həm AzTV veteranlarının, həm də ictimaiyyətin böyük ehtiyacı var. Xüsusilə də  - atam demişkən- “çörəkverən sədr”imiz Nizami Xudiyevin. Arif müəllim indi deyəcəksiniz ki, Qabil müəllim də söz danışdı da. “Çörəkkəsən sədr” də olur? İnanın ki, olur!  Allah Sizi gələcək sponsorluqdan, köhnə iş yoldaşlarımı isə mənə maraqlı mövzular verməkdən əskik eləməsin. Amin.

Mən də qəribə adamam e... Uşaq dünyaya gəlməmiş, başlamışam dayə axtarışına.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir