Modern.az

Müğənni Bilal Əliyev: “Toy qiymətimi 150 min manata qaldırdım” - MÜSAHİBƏ

Müğənni Bilal Əliyev: “Toy qiymətimi 150 min manata qaldırdım” - MÜSAHİBƏ

Mədəni̇yyət

31 May 2013, 11:59

“Necə yəni televiziyada görünmürəm, hər gün televiziyadayam” 

Xalq artisti Bilal Əliyevlə Modern.az üçün müsahibəyə hazırlaşanda söhbətimizi “Biri var idi” rubrikamız üçün nəzərdə tutmuşdum. Çünki Bilal Əliyev uzun müddətdir efirlərdə görünmür. Amma gedişatdan məlum oldu ki...

– Yaradıcılığımda çox yeniliklər var. Bir neçə mahnı üzərində işləmişik. “Vətən bayrağı” adlı gözəl əsər yaranıb. Ramiz Mirişlinin, Nadir Əzimovun, Rauf Hacıyevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Üzeyir Hacıbəyovun hərəsindən bir mahnı oxumuşam.

– Nə üçün həmin mahnılar efirdə oxunmur?

Bu mahnılar bir həftə əvvəl yazılıb. Ondan öncə də səfərdə olmuşam.

– Səfəriniz hara idi?

Avropanın bir neçə ölkəsində, o cümlədən Almaniyada oldum.

Solo konsertiniz idi?

– Almaniyadan sonra Naxçıvanda oldum, altı solo konsert verdim. Həmçinin Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlərdə iştirak elədim.

– Sonuncu dəfə efirdə nə vaxt olmusunuz?

Təxminən bir aydır ki, hər gün efirlərdə məni göstərirlər. Bölgələrdə iştirak elədiyim tədbirlər müxtəlif telekanallar vasitəsilə yayımlanıb.
– Bu bayram konsertidir və ora hər kəs dəvət olunur. Mən konkret olaraq verilişləri nəzərdə tuturam.

Kütləvi tədbirlərin hamısında iştirak edirəm. Mən verilişlərə getmirəm. Ola bilər ki, çox gözəl bir verilişdən imtina edim.

– Niyə?

Bu, mənim şəxsi istəyimdir. İstəyirəm ki, səhnədə ancaq müğənni, xanəndə, vokaliz kimi görünüm. Başqa söhbətlərə qarışmaq istəməmişəm. Sən sualı düz vermirsən. Deyirsən ki, “sən televiziyada görünmürsən”. Necə yəni televiziyada görünmürəm? Hər gün televiziyadayam. Bu sənin nöqsanındır ki, televiziyaya baxmırsan.

– Teatrda işləriniz necədir?

Çox gözəl. Bu tədbirlərin əksəriyyətində Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi ilə bərabər çıxış eləmişəm.

– Bir zamanlar demişdiniz ki, toylara 100 min manata gedirsiniz. Qiymət indi nə qədərdir?

 Görürsünüz, siz nə televiziyaya baxmısınız, nə də internet oxumusunuz. İnternetdə məlumat verdim ki, 130 minə qaldırmışam. Ondan sonra da ATV-dən Nanə xanım zəng vurdu. Masallıda oteldə idim, dedim ki, mənim fikrim bir az da dəyişib-qiyməti 150 minə qaldırmışam. Heç kimə bir söz demirəm. Ola bilsin ki, kimsə məndən artıq qiymətə gedir. İstəyirəm ki, toylara az və keyfiyyətli gedim, şəxsi orkestrimi aparım. Toy ənənələrimizi başqa insanlara doğru-dürüst göstərmək istəyirəm. İstəyirəm kollektivim hər toyda yeni, modern geyim geyinsin, yaxşı pul qazanıb ailəsini yaxşı dolandıra bilsin, sırf musiqi ilə məşğul olsun.

– Bu qiymətə getdiyiniz toy olub?

Olub, ancaq xarici ölkələrdə.

– Yəni xaricdə yaşayan soydaşlarımızın toyunu oxumusnuz?

Bəli, orda mənim menecerlərim, prodüserlərim var. İşləyirlər, düzəldirlər, həmin dövlətin vergisini də verirlər, gedib çıxış edirəm.

– Məsələn ən çox neçə manat almısınız?

125 min dollara qədər almışıq.

– Yəqin ki, çox böyük heyətlə getmisiniz.

Bəli, bəli.

– Azərbaycanda kiminsə sizə 130 min manat qonorar ödəməsi ehtimalı yoxdur axı. Çox güman ki, burda toylara getmirsiniz.

– Mən sizə bir şey deyim, ola bilər ki, bizdə gücü çatanlar var. Amma xarici ölkələrdən həvəs göstərirlər. Bizimkilər xaricdən sənətkar gətirirlər, xaricilər də Azərbaycandan sənətkar dəvət edirlər.

– Yerli toylara getmirsiniz?

Gedirəm.

– Sizə kim 150 min verib toya aparar?

Bilirəm ki, yuxarıdır. Bu yaxınlarda bir nəfər mənə müraciət elədi. İyirmi günə yaxın zəng vururdu, xahiş edirdi ki, dedi ki, “övladım arzu edir siz onun toyunda olasınız”. Gördüm ki, bu əl çəkmir, telefonda ağlayır. Ondan sonra həmin adamla görüşdüm. Bir yerdə oturub danışanda onun səmimiliyini, düz danışmağını hiss elədim. Mənə dedi ki, “bizim cəmi 5 min manat pulumuz var”. Həmin adama dedim ki, gedin arxayın oturun, o 5 min manatı da biz sizə bağışlayırıq. Gedin, camaatınıza elan verin ki, “Bilal Əliyev öz dəstəsi ilə bizim toyumuzda iştirak edəcək”. Həmin toyda gedib təmənnasız iştirak elədim.

– Dəstənizin pulunu öz cibinizdən verdiniz?

Dəstəm də pul götürmədi. Çünki onlara başqa toylarda yaxşı pul vermişdim.

– Bu nə vaxt olub?

Təzəlikcə.

– 12-13 il əvvvəl “Parni iz Bakku” ilə rep demişdiniz. İndi də repçilər var, Hüseyn Dərya, Elşad Xose. Bəlkə onlarla bir duet edəsiniz.

– O vaxt xəyalıma gətirməzdim ki, belə bir fikir olacaq, oldu. İndi də nə olacağını bilmirəm.

– Yaxşı səs imkanlarınız var. Nə üçün xarici şou-biznesə qoşulmursunuz?

Mən azərbaycanlıyam, Azərbaycanda yaşayıram. Vətənimi hər yandan çox sevirəm. Ulu öndərimizin çox gözəl bir kəlamı var: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. İstəyirəm Azərbaycan musiqisini, mədəniyyətini bütün dünyada yayım. Dünyanın bir çox yerlərində, həmçinin Türkiyənin Qırıqqala şəhərində solo konsertlərim olub. Bursada ustadım Rəşid Behbudovla bərabər böyük idman zalında konsert vermişik. Həmçinin Mədəniyyət Nazirliyinin xətti ilə təxminən 50 dəfə Türkiyədə səfərlərdə olmuşam.

– Tələbələriniz var?

Məndən çox adam öyrənmək istəyir. Amma oturub dərs keçməyə vaxtım yoxdur. Məndən öyrənmək istəyənlərin içərisində xalq artistləri də var. Həm dostluq edirik, həm də gəlib məndən öyrənirlər.

– Məsələn kimlər?

Ad çəkmək istəmirəm. Bəlkə sənətin o zirvəsində adının açıqlanmasını istəmir. Mən də başqa sənətkarlardan öyrənirəm.

– Siz kimdən öyrənirsiniz?

Dünya musiqisinə müraciət edirəm. Yaşımın bu vaxtımda harmoniya, solfecio öyrənirik, təkrar edirik.

– Siz kimləri dinləyib öyrənirsiniz?

Bir-iki nəfər deyil axı.

– Bir-iki ad bəs edər.

– Azərbaycandan Rəşid Behbudova, Rübabə Muradovaya, Şövkət Ələkbərovaya çox qulaq asıram. Ərəb ölkəsindən Ümmü Gülsüm deyiləm bir sənətkar var, onu dinləyirəm. O ərəb dünyasının kraliça oxuyanıdır.

– Kimisə öyrədəndə pul alırsınız?

Xeyr. Mənə pedaqoq kimi fəaliyyət göstərmək üçün müraciət edilib. Amma imkanım olmayıb. Bir ayın 15-20 gününü xarici ölkələrdə oluram.

– Yəqin ki, ona görə burda efirə çıxa bilmirsiniz.

Siz bayaq imkan vermədiniz fikrimi izah edim. Naxçıvanda 6 solo konsert verdim, iki kütləvi tədbirdə iştirak elədim. Sonra bölgələrdə konsertlər verdik. Arada yenidən Almaniyaya qayıdıb bir konsert vermişəm. Almaniyadan sonra Danimarkaya gedib solo konsert üçün menecerimlə danışmışam. İsveçdə bir konsert verdik. Ondan sonra Malmö şəhərində Azərbaycan televiziyasının açılışında iştirak etmişik. “Eurovison” yarışması keçiriləndə biz də orda idik.

– Yetərincə güclü səsiniz var. Səsiniz neçə oktavadır?

Nə qədər olduğunu desəm bəzi insanlar düzgün başa düşməz. Bəzi insanlar deyirlər ki, “3 oktava səsim var”. Azərbaycanda belə sənətkar yoxdur. Mənim səsim 3 oktavaya yaxındır və Azərbaycanda böyük vokalistlər deyirlər ki, “sənin səs diapazonun bizimkindən daha böyükdür”.

– Amma mən eşitdiyimə görə, Flora Kərimovanın, rəhmətlik Elçin Cəlilovun 4 oktavaya yaxın səsi olub.

– Dünyada 4 oktava səs olmayıb. Heç 3.5 oktava səs yoxdur. Bunlar gülməli şeylərdir. Ölən inək həmişə südlü olar. Həmişə deyərlər ki, “mənim inəyim gündə bir ton süd verdi”. Amma insan özü başa düşməlidir ki, inək bir ton süd verə bilməz.

– Azərbaycanda sizdən zil səsi olanlar var?

Əlbəttə. Soprano səslər var ki, möcüzədir.

– Kimlərdir onlar?

Mən ad çəkə bilmərəm. Özünüz araşdırın.

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir