Modern.az

Canavar qanunu

Canavar qanunu

Ədəbi̇yyat

1 İyun 2013, 01:20

Uuuuuuuuuu....uuuuuuuuuu... Acmışam. Guya tox vaxtım var idi ki, hələ bir acam da. Bezmişəm. Yalquzaqlıq lap məni bezdirib. Nəvaxtacan tək gəzəcəyəm. Ov da yoxdur. Heç  nə  də gözümə dəymir. Kənd camaatı da  məni vecinə almır. Kəndin itləri də saymırlar. Yanlarından keçirəm e... Hörmət əlaməti olaraq heç hürmürlər də. Qoyun-keçi isə lap yandırıb-tökür məni. Dillərin göstərib mələşirlər. Sanki yanmışlıq verirlər. Bilirlər ki, onlarla işim olmayacaq. Ən dəhşətlisi isə xoruzların üstümə xoruzlanmasıdır. Mən isə kəndin həndəvərində fırlana-fırlana qalmışam ki, bəlkə sümük tapdım. Özü də nə sümük. İtlərin sümürdüyü və iliyini çıxartdığı sümük. Gör nə günə qaldım. İt artığına qaldım. 

O gün görürəm ki, kənd camaatı kimisinin əlində yaba, kimisinin  də əlində  tüfəng gəlirlər mənə tərəf. Əvvəlcə məəttəl qaldım ki, uuuu... bunlardan nə əcəb qeyrətə gəliblər. Kəndin həndəvərində gəzirəm əl nədir, heç çırtma da vurmurlar. İndi isə əziyyət çəkib üstümə gəliblər. Nə isə odla-alovla gəlib çatdılar yuvama. Mən də ac-yalavac  uzanmışam. Heyim də yoxdur ki, qaçam. Biri yabanı başının üstünə qaldırdı. Gözümü yumdum. İstəmədim ki, kəlləmin ağ zərrəciklərini gözümlə görüm sonra ölüm. Amma bu olmadı. Kimsənin səsi gəldi: ”Dəymə bu o canavar deyil – bu qonşu canavardır”. Gözümü açdım. Gördüm ki, camaat məndən uzaqlaşır. Meşənin ənginliyinə doğru gedirlər. Nə isə baş açmadım bunların işindən. Qonşu canavar olanda nə olar? Qonşu canavar canavar sayılmır bəyəm? Mən isə sevinirdim ki, öldürəcəklər, canım qurtaracaq bu fani dünyadan. Öldürmədilər. Niyə? Bilmirəm.

Nəsə axşam olur. Durum bir-iki ağız ulayım. Kənddən uşaq ağlamağının səsi gəlir. Onsuz da bir işə yaramıram. Heç olmasa anaların işinə yarayım. Mənim ulamaq səsimlə körpələrini qorxudub – “Bax yat. Yoxsa canavar gəlib səni yeyər” -  desinlər.  Mənim də anam olub axı? Mənə ulamaq öyrədib. Ov eləməyi isə  öyrədə bilmədi. Günlərin bir günü sözünə qulaq asmadım. Yuvadan xeyli uzağa getdim. Elə bildim ki, sərbəst olmaq  asandır. Əlimə də heç nə keçmədi. Dovşanlar belə gülürdülər mənə. Kukla kimi oynadırdılar.  Qaranlıq düşürdü, vahimə basırdı məni.  Qayıdanda gördüm ki,  atam, anam, bacı və qardaşlarım qanına boyanmış halda uzanıblar. Can verirlər. Nəsə demək istədilər mənə. Amma  çatdırmadılar. Öldülər. O vaxtdan beləcə  tək, yalquzaq qalmışam. Qonşu canavar sürüləri isə məni dəstələrinə götürmədilər. Əyri-əyri baxırdılar mənə. Səbəbin də demirdilər. Sadəcə nifrətlə baxırdılar. Sanki ailəmi mən qətlə yetirmişdim.  Bizim sürünün ərazisinə də girmirdilər. Yenə də sağ olsunlar.

Uuuuuuuuuuuuuuuuu... Nəsə yaman acmışam. Kəndin camaatı da deyəsən kasıblayıb. Əvvəllər zibillikdə dişimə bir şey keçirdi. İndi  o da yoxdu. Konserv qabları yaman çoxalıb. Bəlkə gedim qonşu  canavar dəstələrinə yenə müraciət edim, birdən yazıqları gəlib götürdülər məni sürülərinə?  Evdə qarıyıb qalmış canavarlarından birini  mənlə evləndirsələr də razıyam? Yox inanmıram. Yaman əsilli-köklü canavar nəslidir. Onlarda ən kifir canavar belə, evdə qalmır. Eybi yox, dul da olar. Qoy bir az da veyillənim bəlkə əlimə cəsəddən zaddan keçə.

Digər heyvanlar da ərazimdən üz döndəriblər e... - ceyranlar, cüyürlər, dovşanlar, çaqqallar, tülkülər. O gün bir yerə yığışıb hay-qışqırıq salmışdılar.  Məni başqa əraziyə köçmələriylə hədələyirdilər. Dedim ki, ay heyvanlar, nədən narazısınız? Sizə toxunmuram, gözünüzün qabağında balanızı parçalayıb ana ürəyinizə dağ çəkmirəm. Mənim qorxumdan da bir canavar da əraziyə girib sizə dəymir. Günü-gündən artıb çoxalırsınız. Bundan artıq nə edim ki sizə? Nə desələr yaxşıdır?  Dedilər ki, ay canavar, artıq yavaş-yavaş heyvanlıqdan çıxırıq. Nə qorxumuz qalıb, nə hürkümüz. Sənin qorxundan ərazidə olan çaqqal-çuqqal da bizə yaxın gəlmir. Qovulmamaqdan, qaçmamaqdan dizlərimizi duz tutub. O qədər artmışıq ki, yeməyimiz də tükənib. Kənd cammatı olmasaydı nəslimiz çoxdan  kəsilmişdi. Yaxşı ki, ac qalanda ov tüfəngi götürüb üstümüzə gəlirlər. Onda özümüzü bir an da olsa əsl heyvan kimi hiss edirik.  Canavar, insanlar səndən çox qeyrətlidirlər. Çünki özlərini lap adam kimi aparırlar. Sən isə özün canavarlıqdan çıxmısan, bizi də heyvanlıqdan çıxartmaq istəyirsən. Ax, sənin anana, atana nə deyim, sənə ov ovlamağı öyrətməyib ölən yerdə...

Bunları deyib, keçdilər qonşu əraziyə. Mən də qaldım tək. İndi neyləyim bilmirəm.  Onlar gedəndən sonra ərazimdə siçan-siçovul da artıb. Alaq dizə çıxıb. Parazitlər çoxalıb.  Heç ormanda gəzməli  deyil. Nə isə bezdim təklikdən. Nə olur-olsun, keçirəm qonşu əraziyə. Qəbul edərlər edərlər, etməsələr də ovlarının artığı ilə birtəhər dolanaram.

Bu yol da heç qurtarmaq bilmir. Bir xeyli getmişəm. Bir o qədər də qalıb yəqin. Bir canavar da gözə dəymir. O biri heyvanlar da nəsə qəmgin-qəmgin gəzirlər. Elə bil yasa batıblar. Nəsə burnuma doğma iy gəlir – canavar iyi. Qan iyi də dəyir. Yəqin ov ediblər. Qaynanam məni çox istəyir. Mən də bu insanlardan söz öyrəndim də. Biri yemək üstünə çıxanda deyirlər: “Qaynanan  səni çox istəyir” Bəlkə birinin qaynanası yoxdur?  O saat söz tapırlar: “Gələcək qaynanan səni çox istəyir” Bəlkə qaynanam ölüb? Ona da söz tapırlar: “Rəhmətlik qaynanan  yaman çox istəyibmiş a, səni” Oğlanın da qoltuqlarının altı şişir: “Mənim kimi kürəkəni istəyərlər də... qızına yaxşı baxıram axı... işini vaxtlı-vaxtında görürəm”.

Yox, bu qan iyi nəsə açmır məni. Nəsə bu qan o qandan deyil. Yaman çəkir məni – qan çəkir məni. Aman, bu nədir? Bütün sürünü qanına qəltan ediblər ki... Mənim son ümidim  bunlar idi.. Bunlar da belə. Yox, deyəsən dəstə başçısının nəfəsi hələ də gedib-gəlir.

-         Nə olub, bu nədir başınıza gətiriblər?

-         Qurd bala, son nəfəsimdi.  Sözlərimə diqqətlə qulaq as. Sözümü kəsmə.  Mənim nəslimi kəsdilər. Sizin nəsildən isə heç olmasa sən qalmısan. Bu sözlərimi gələcək nəsillərimizə çatdır. Sənə əyri-əyri baxmağımızın, ögeyliyimizin səbəblərini deyəcəyəm. Sənin nəslin “Canavar qanunu”nu pozmuşdu. Cəzasını da aldı. Yaxşı ki, insanlar səni tapa bilmədilər. Biz də ailən  qanunu pozduğunuza görə səni lənətlədik. Səndən üz döndərdik. Çünki canavarlar üçün “Canavar qanunu” ən şərəfli və yeganə qanundur. Onu pozmaq olmaz. Pozanı bax bizim, sizin aqibətiniz gözləyir. İnsanlar da bu qanunu yaxşı bilirlər. Sən isə  körpə idin, balaca idin. Və bu qanunlardan xəbərin yox idi.  Ona görə də  manqurtlaşdın. Ov etməyi bacarmadın. Atanı, ananı, bacı-qardaşlarını öldürənlərin zibilliyə atdığı artıqlara möhtac qaldın. Hətta sənə ölümü belə, çox gördülər. Cismani yox, mənən öldürdülər. Canavar qürurunu öldürdülər.

-         Bu nə qanundur axı?

-         Sözümü kəsmə.

Dəstə başçısı xırıldayır.  Cavan canavar yalvarmağa başlayır:

-         De bu qanunu, de. Yalvarıram.

-         Canavar  yuvasına yaxın, qonşu  olan   kəndə  ova getməz. Bunu siz də etdiniz, biz də. İnsanlar bizi cəzalandırdılar.  İnsanlar da kəndin yaxınlığında yerləşən canavar yuvasına dəyməzlər. Çünki bilirlər... canavarların da qisası çox pis olur. Bizim bir balamızı öldürsələr, biz onların iki balasını öldürərik. Qanun budur. Pozmaq olmaz. Qurd balam, heç olmasa  gələcək nəsillərimizi bu bəladan qoru.

Qoca canavar ölür.Yalquzaq isə ulaya-ulaya qalır. Canavar qanununun sirlərini axır ki, öyrənmişdi. Amma bunu miraslamağa canavar qalmamışdı. 

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı