Modern.az

Milli Kitab Mükafatı qaliblərinin adları açıqlanacaq

Milli Kitab Mükafatı qaliblərinin adları açıqlanacaq

3 İyun 2013, 09:49

İyunun 5-də saat 19:00-da Milli Kitab Mükafatı (MKM) qaliblərinin adları açıqlanacaq. Bu barədə MKM-in Təşkilat Komitəsindən məlumat verilib.

1-ci yerin qalibi 3 min, 2-ci yerin qalibi 2 min, 3-cü yerin qalibi isə 1 min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək. 

Tədbir Park İnn otelinin “Dan Ulduzu” zalında keçiriləcək. 

Xarırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər. MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb. 

Martın 1-də Ekspertlər Şurası 20-liyi elan etdilər. Martın 15-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) elan olundu və Münsiflər Heyətinə təqdim olundu. 

Mükafatın münsiflər heyəti belədir:

Çingiz Abdullayev
Pərviz Cəbrayıl
Nərgiz Cəlilova
Rafiq Əliyev
Mehriban Ələkbərzadə
Əkrəm Əylisli
Ramiz Fətəliyev
Cəmil Həsənlı
Şahbaz Xuduoğlu
Rüstəm İbrahimbəyov
Hamlet İsaxanlı
Elxan Qaraqan
Niyazi Mehdi
Rəşad Məcid
Afaq Məsud
Qənirə Paşayeva
Sabir Rüstəmxanlı
Ayaz Salayev
Elçin Şıxlinski

MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi