Modern.az

“İstanbuldakı Boğaz körpüsünə Şah İsmayılın adı verilsin!”

“İstanbuldakı Boğaz körpüsünə Şah İsmayılın adı verilsin!”

3 İyun 2013, 16:34
“Türküstan” qəzeti bu təkliflə çıxış edib  

Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində dünyanın üçüncü böyük köprüsü tikilir. Prezident Abdullah Gül təməlqoyma mərasimində yeni körpünün adının Yavuz Sultan Səlim olacağını açıqlayıb. Ancaq körpüyə Yavuz Sultan Səlim adının verilməsi qardaş ölkədə böyük diskussiyaya yol açıb. Bu ada qarşı çıxan tanınmış tarixçi professor Yusuf Halaçoğlu bildirib ki, Şah İsmayıl ilə Yavuz Sultan Səlim arasındakı Çaldıran döyüşü tariximizin ən acı səhifələrindən biridir. Çünki bu döyüşdə iki türk dövləti bir-birini qırdı". “Türküstan” qəzeti isə son sayında “Tarixi anlaşma üçün tarixi təklif - İstanbuldakı Boğaz körpüsünə Şah İsmayılın adı verilsin!” başlığını manşet verib.

Bununla bağlı Modern.az saytına açıqlama verən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, məlum təkliflə qəzetin türkiyəli yazarı Selcuk Düzgün çıxış edib:

“Bu mövzu gündəmə gələrkən türkiyəli yazarımız Selcuk bey geniş bir yazı yazdı. Biz də bu təklifi qəzetin əsas yazısı kimi təqdim etməyi qərara aldıq. Xüsusən də, ona görə ki, təklifi səsləndirən müəllif Türkiyədəndir”. A.Camal hesab edir ki, hazırda başı daxili təbəddülatlara qarışan Türkiyə qarşıda bu təklif üzərində düşünə bilər: “Bir zamanlar Türkiyə tarixçiliyində Səfəvilər İran, fars dövləti, Şah İsmayıl fars hökümdarı, şiə lideri kimi qəbul olunmuşdu. Ancaq son dövrlər Türkiyə tarixçiləri Səfəvilərə, Şah İsmayıla fərqli baxış sərgiləməyə başlayıblar. Səfəviləri Azərbaycan-türk imperatorluğu, Şah İsmayılı Azərbaycan-türk hökmdarı hesab edirlər. Eyni zamanda, Azərbaycanda da son vaxtlar bu mövzuda yazılan məqalələrdə, kitablarda Çaldıran döyüşü iki məzhəb və ya xalq arasında deyil, bölgədə nüfuzunu gücləndirməyə çalışan iki türk imperatorluğu  arasında mübarizə kimi dəyərləndirirlər. Bu mövzuda hər iki ölkədə sağlam mərama xidmət edən elmi konfranslar keçirilir. Bu mənada hesab edirik ki, mədəniyyətlərin, dinlərin qovşağı olan İstanbul şəhərinin simvolu sayılan boğaz körpülərindən birinə Şah İsmayılın adının verilməsi, düşmənlərin daim Azərbaycanla Türkiyənin arasını vurmaq üçün istifadə etdiyi “məzhəb təəssübkeşliyi” kartına ciddi zərbə vurulmuş olar”. Baş redaktor Boğaz körpüsünün bu seçim üçün uğurlu olacağını vurğulayıb: “Yazarımız Selcuk bey də  Boğaz körpüsünü məqbul sayıb. Onsuz da elə bir məna kəsb etməyən “Boğaz” adındansa, körpüyə Şah İsmayılın adı verilə bilər. Hər iki sərkərdənin adı həm də bir körpü salmalıdır könüllərə. Bununla da, yüzillərcə sürən məzhəb təəssübkeşliyindən doğan gərəksiz söz-söhbət tarixə gömülməlidir”.  


Modern.az
     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?