Modern.az

Davam edir YEMƏK-İÇMƏK

Davam edir YEMƏK-İÇMƏK

22 İyun 2020, 11:54

Mahir Qabiloğlu


Unudulmaz  şairimiz Xəlil Rza Ulutürk Lefortovo zindanından azad edildikdən sonra və Bakı şəhərinin Məhkəməsi bu azadlıq mücahidinə tam bəraət verdikdən sonra şairin şərəfinə onun ata-baba ocağı Salyanda – qardaşı Məhəmmədgildə nağıllarda deyildiyi kimi, üç gün – üç gecə camaat süfrəsi açılır, xalq ziyafəti verilir. 1990-cı il noyabrın 7-də Bakıdan dəvət olunmuş dəstədə xalq şairi Qabil də olur.
 
Qabilin həmin ziyafəti təsvirindən:

- Doğrudan da bu nağıl ziyafətdə, hardansa mənim yadıma Xəlil bəyin (mən Xəlilə hələ 60-cı illərdə “bəy” deyirdim) məşhur, çılğın, mübariz, hər sətri göz yaşlarıyla süslənmiş “Davam edir 37...” şeiri yadıma düşdü. Və ziyafətin 2-ci günü şairin Fərhad qardaşının evində yüksək qan təzyiqi altında, səfər zamanı məndən bir addım da, bir dəqiqə də aralanmayan şair dostum Zülfüqar Şahsevənlinin tapıb gətirdiyi dərmanları içə-içə ciddiliyi zarafata, könül xoşluğuna, şuxluğa bürünmüş “Davam edir yemək-içmək” şeirini yazdım. Xeyr, əziz oxucu, bu qətiyyən parodiya (gülməcə) deyil. İndiyə kimi işıq üzü görməyən yazımı Xəlil Rza Ulutürkün əziz xatirəsinə ehtiram kimi üzə çıxarıram. (Qabil “Dostlarım, tanışlarım” kitabı. Şirvannəşr-2002)

Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, dolma gedir,
Nə qədər ki, qutab gəlir.
Nə qədər ki, qutab gedir,
Nə qədər  ki, kabab gəlir...
Nə qədər ki, su şüşəsi,
Durur araq şüşəsilə,
Nə qədər ki, hər yüz atan
Çoşur şeir həvəsilə...
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, Xəlil Rza
Öpüşlərin yağışında
Nə qədər ki, Xəlil Rza
Qonaqların alqışında,
Nə qədər ki, sağlıq deyə
Hamı tərif yarışında,
Nə qədər ki, nemət daşır
Süfrənin hər qarışında,
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, piyalələr
Ağzınacan ləbələbdir,
Nə qədər ki, Xəlil Rza
Söz deməyə dotələbdir,
Nə qədər ki,Məhəmmədin
Təbi bizdən rəvan təbdir,
Nə qədər ki, bu cür görüş,
Bu cür  şənlik çox əcəbdir...
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, beçələrin
Sümüyü də ötürülür.
Nə qədər ki, cücə-plov
Sini-sini gətirilir,
Nə qədər ki, qıtlıq, azlıq
İlim-ilim itirilir,
Nə qədər ki, qovurmanın
İşi fövrən bitirilir.
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, Xəlil bəyə
Həsrət qalan gözlər gülür,
Nə qədər ki, şir ürəyə
Həsrət qalan üzlər gülür.
Nə qədər ki, piyalələr
Cingildəyir...  sözlər gülür,
Nə qədər ki, bu görüşə
Kür boyundan ellər gəlir,
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, qollarını
Ana kimi açır Salyan.
Nə qədər ki, “Xoş gəlmisən,
Balam” deyib uçur Salyan,
Nə qədər ki, Tofiq Rza
Mənzilinə köçür Salyan
Nə qədər ki, Xəlil Rza
Şərəfinə içir Salyan,
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Salyan, 08.11. 1990      

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir