Modern.az

Lalə Dadaşova: “Bacım Brilyanta görə fəxri addan imtina etdim” - MÜSAHİBƏ

Lalə Dadaşova: “Bacım Brilyanta görə fəxri addan imtina etdim” - MÜSAHİBƏ

Mədəni̇yyət

4 İyun 2013, 10:47

Təxminən on il öncə bu xanım daha məşhur idi, hər gün olmasa da, mütəmadi olaraq efirdə görünürdü. Amma təxminən 7-8 ildir ki, çox nadir halda tamaşaçıları ilə mavi ekran vasitəsilə görüşür. Onu təxminən 5 il əvvəl şadlıq saraylarını birində məclis apararkən gördüm və bir neçə ay əvvəl yenidən həmin məkanda iştirak elədiyim məcliisdə oxuyurdu. Beləliklə, Modern.az-da “Biri var idi” rubrikasının üçüncü qonağı tanınmış müğənni, xalq artisti Brilyant Dadaşovanın bacısı Lalə Dadaşovadır.

– Nəyə görə son illərdə efirlərdə seyrək görünürsünüz?

– Özünüz də gördünüz ki, son 8 ildə musiqi aləmində nələr baş verdi. Düzdür, gənclərə yol vermək lazımdır. Yaxşı ifaçılar da gəldi, uğur da qazandılar. Amma elə bil səhnə bazara çevrildi. Ona görə də mən də, İradə də çəkilib durduq kənarda. Brilyant heç, o tamam başqa bir sənətkardır. Bizim efirdən kənarlaşmağımızın səbəblərindən biri budur. Ortada çox maneələr oldu, elə bil ki küsdüm. Demirəm ki, böyük sənətkaram. Özümə görə musiqiçiyəm, müğənniyəm, ali təhsilim var. Onlarla eyni səhnədə, onların yanında olmağı özümə ar bildim. Dedim ki, kənara çəkilək, qoy xalqın beynini qurdalasınlar. Dünən konsertdə Brilyant xanım bir yaxşı söz işlətdi. Dedi ki, şükürlər olsun tədricən elə bir dövr gəlir ki, incəsənəti başa düşənlər, musiqini bilənlər səhnəyə qayıdırlar...

– Bilirəm ki, həm də 8 il öncə keçmiş həyat yoldaşınız Elçin Cəlilov dünyasını dəyişmişdi. Bu amilin efirdən uzaq düşməyinizdə rolu nə dərəcədədir?

– Elçin rəhmətə getməmişdən bir qədər əvvəl, 2005-ci ilin may ayında Dövlət Televiziyasından dəvət eləmişdilər. Təklif olundu ki, həftədə bir dəfə musiqi verilişi aparım. İlk qonaqlarım Abbas Bağırov, meyxanaçıVüqar və İradə Dadaşova idi. Təsəvvür edin ki, mayın 10-da Elçin dünyasını dəyişdi, bir gün sonra həmin veriliş efirə getdi. Bilirsiniz bu nə deməkdir? Elə çıxdı ki, dünən Elçin rəhmətə gedib, bu gün mən oxuyub oynayıram. Camaat bilmir ki, bu lent yazısıdır. Ondan sonra qəzetdə məni biabır elədilər. Bilirdim ki, o yazıları kimlər yazdırır.

– Kimlər idi?

– Düşmənlər çoxdur. Heç onların adını çəkmək də istəmirəm.

– Bir verilişdə sizin meyxana dediyinizi gördüm.

– Hə, ötən il olub. O musiqili meyxananı rəhmətlik Nizami Rəmzi yazıb.

– Yəqin ki həmin məsələ sizə çox pis təsir eləmişdi.

– Əlbəttə. Redaksiyaya zəng vurdum, dedim ki, ya məni bir az gözləyin, ya da çəkilişlərdə iştirak edə bilməyəcəyəm. Keçmiş də olsa, həyat yoldaşımdır. Təsəvvür edin ki, bizim verilişi, ardınca isə Elçinin lent yazılarını verdilər. Elə bil ki, bunu qəsdən eləmişdilər. Yəni bax, bu ölüb e. Bu sanki əvvəlcədən hazırlanmışdı. Çünki mənə demişdilər ki, veriliş mayın 10-dan sonra efirə gedəcək.  

– Ola bilərmi ki, bir qədər kənarda qalmağınızda həmin insanların rolu var?

– Kənarda deyiləm.

– Efirdən kənarda.

– Dövlət televiziyasına gedirəm. Ora başqa telekanallar kimi alverxana deyil. Gəncə, Xaçmaz, Quba televiziyalarına dəvət edirlər, məmnuniyyətlə gedirəm. Özü də məni elə qarşılayıb, yola salırlar ki... Mən hər gün işləyirəm. Toylardaoluram, hər gün insanlarla ünsiyyətdəyəm. Bəzən toyda yaxınlaşırlar ki, Lalə xanım, sizi niyə efirdə görmürük? Zarafatca deyirəm ki, məni burda görürsünüz bəsdir. Efiri etalon eləmək lazım deyil.

– Fəxri ad umursunuz?

– Hələ 2004-cü ildə mənə fəxri ad verirdilər. Əl Oyunları sarayında Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə konsert oldu. Xalq artistləri, əməkdar artistlərin iştirak elədiyi tədbirə məni də dəvət eləmişdilər. Orda dedilər ki, sizin adınızı fəxri ada təqdim eləmək istəyirik. O vaxt Brilyant əməkdar artist idi. Dedim, nə danışırsınız, Brilyant da əməkdar artist, mən də? Elə şey ola bilməz. Düşündüm ki, bacım xalq artisti olandan sonra mən əməkdar artist ola bilərəm. Yəni Brilyanta görə fəxri addan imtina etdim. Önəmli olan fəxri ad yox, insanların məni sevməyidir.

– İndi peşmansınızmı? Çünki artıq Brilyant Dadaşova xalq artistidir.

– Brilyant xalq artisti olandan sonra da bu söhbətlər oldu. İki il əvvəl mənə dedilər ki, material toplayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməlisiniz.

– Nə materiallar?

– Konsertlər barədə hesabat xarakterli material. Mən də dedim ki, nə qədər uşaq evlərində, əsgərlərin qarşısında konsertlər vermişəm, amma heç birini çəkdirməmişəm. Əlimdə olan təkcə diplomlardır. Dünən çıxan müğənni kamera alır çiyinə, gedir əlil uşaqların qarşısında oxuyub verir televiziyaya. Mən elə şeyləri ayıb bilirəm. Başqasının xəstəliyi üzərində özümə karyera quran adam deyiləm. Heç vaxt xəstə uşaqlara görə özümü reklam eləmərəm.

– Deyəsən, bu yaxınlarda yubileyinizdir.

– Bəli, iyunun 28-də ad günümdür. Amma yaşımı demək istəmirəm.

– Toya neçəyə gedirsiniz?

– Heç vaxt qiymət danışmıram. Hər gün işlədiyim yerdən maaşımı alıram, kənar yerə gedəndə də pul danışmıram. Ümumiyyətlə, puldan danışmağı ayıb bilirəm.

– Belə fikir var ki, Lalə Dadaşova daha yaxşı musiqiçidir, nəinki müğənni. Razılaşırsınız?

– Kim deyir onu?

– Həmkarlarınız.

– Üç yaşım olanda atam məni oxutdurub və səsimi yazıb. Özü də başımdan çox böyük bir mahnı oxumuşam. Hamı da məəttəl qalıb ki, üç yaşlı uşaq bu mahnını  necə oxuya bilər?

– Hansı mahnını?

– “Bəyənmir məni”. Özü də dilim topuq vururmuş. Böyüyəndən sonra həmin yazıya qulaq asmışdım. Atam deyirdi ki, bilirdim ki sən oxuyacaqsan.

– Oxuduğunuz mahnılarda instrumental ifalarını özünüz edirsiniz?

– Mən musiqiçiyəm, aranjiman edirəm, pianoçu və qarmon ifaçısıyam. Bununla da fəxr edirəm. Mahnılarımın çoxunda ifaları da özüm eləmişəm. Əlbəttə, yanımda köməkçi musiqiçilər də olub.

– İndi verəcəyim suala tam neytral cavab verməyinizi istərdim. Aygün Kazımova ilə Brilyant Dadaşova arasında baş verənlərə münasibətiniz necədir?

– Yaxşı baxdığımı desəm, doğru olmaz. Çünki biz sənətkarlar xalqın simasıyıq. Sənət aləmində olan insanlar davranışlarına fikir verməlidirlər. Mənim bacım çox səbirli və ağıllı insandır. Ona çoxları həqarət edib, cavab verməyib. Bilirsiniz niyə? Düşünüb ki, bəlkə o insanın içində nəsə ağrısı, problemi var. Jurnalistlərin bu məsələni şişirtməyini istəmirəm. Adicə bir dəfə dedi ki, qadınlar siqaret çəkəndə xoşum gəlmir. Nisə Qasımova durdu Brilyantla qalmaqala başladı, özünə PR elədi. Çünki qalmışdı kənarda.

İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı