Modern.az

Jurnalistlər Milli Kitab Mükafatında kimi qalib gördüklərini açıqladılar - Sorğu

Jurnalistlər Milli Kitab Mükafatında kimi qalib gördüklərini açıqladılar - Sorğu

4 İyun 2013, 11:39

İyunun 5-də Milli Kitab Müsabiqəsinin (MKM) qalibləri müəyyən ediləcək. Hazırda “onluq”da bu müəlliflər təmsil olunublar: Azad Qaradərəli (“Kuma-Manıç çökəkliyi”) Qan Turalı (“Mustafa”), Pərvin Nurəliyeva (“Balerina”), Sayman Aruz (“Yüz il inqilab”), Şəhriyar Del Gerani (“İntihar hörükləri”), Vahid Qazı (“Çamayra. Kuba dəftəri”), Zakir Sadatlı (“Əfqanıstan uçurumu”), Zahid Sarıtorpaq (“Əlifba bayramında qətl”), Gülnarə Qarayeva (“Dve jizni”) və Malik Dursunov (“Kara dayı”).

Modern.az media nümayəndələri arasında qısa bir sorğu keçirib. Onlar bu “onluq”dan kimləri qalib görürlər, yaxud ümumiyyətlə kimlərin əsərlərini oxuyublar?

Elçin Əlibəyli (telejurnalist):Qan Turalını, Əliabbası, Vahid Qazi, Zakir Sadatlını və Pərvini oxumuşam. Şəxsən mən Qan Turalın müəllifi olduğu “Mustafa” romanını seçərdim.

Ceyhun Musaoğlu ( yazıçı-jurnalist): “Qan Turalını, Şəhriyar Del Gerani, Vahid Qazini və Zakir Sadatlını oxumuşam. Mərhum qardaşımız Zakir Sadatlının "Əfqanıstan uçurumu" əla əsərdi. Vahid Qazinin "Kuba dəftəri"ni də dönə-dönə oxuyub ləzzət almışam. Qan Turalı da yaxşı yazır, Şəhriyar Del Gerani oxuduğum şairdir. Siyahıda olan digərlərini tanımıram. Müsabiqə barəsində isə onu deyə bilərəm ki, bu müsabiqə oxumağa həvəs göstərmədiyimi yazıçının əsəri kimidir. Bilirəm ki, oxusam, vaxtımı itirdiyimə və beynimi mənə lazımsız informasiya ilə yüklədiyinə görə, özümü qınayacam”.

Mirmehdi Ağaoğlu (Kulis.az saytının redaktoru): “Qısa siyahıya düşən əsərlərdən Qan Turalın  “Mustafa”  romanını, Zakir Sadatlının "Əfqanstan uçurumu" və Vahid Qazinin "Çamayra" kitablarını oxumuşam. Buna görə daha dərin qərar vermək çox çətindir. “Çamayra” publisitik əsərdir, “Əfqanıstan uçurumu” isə memuar tiplidir. Burda məncə roman meyarlarına daha çox cavab verən Qan Turalın “Mustafa” romanıdır. “Mustafa”nı bəzi məqamlarına görə tənqid etmək olar, ümumilikdə onun roman texnikası bütövlükdə yeni roman texnikasından qidalanır. Üstəlik də ideya baxımından olduqca maraqlı son iyirimi illik bir tarixin bir insan üzərindəki, onun şüurundakı nəticəni "məğlubiyyət"i göstərən bir romandır”. 

Sədaqət Kamal (jurnalist): “Sayman Aruzun “Yüz il inqilab” romanı. Onun çox mükəmməl dili və üslubu var”.

Dilqəm Əhməd (Publika.az saytında redaktor): ““Onluq”dan sadəcə Qan Turalının "Mustafa", Vahid Qazinin "Çamayra" əsərlərini oxumuşam. Hər iki əsər maraqlıdır. "Çamayra" kitabı haqqında yazı yazmışdım. Kubadakı quruluş, rejimə qarşı mübarizə aparan insanların həyatı diqqətçəkici idi. "Mustafa"da eynilə mübarizə aparan gənclərin həyatından bəhs olunur. Digərlərini oxumadığıma görə bu iki əsərdən birini qalib görmək istəyərəm. Amma ən böyük arzum ədalətin qorunmasıdır. Əsas olan budur.

Natiq Adilov (jurnalist): “Təkcə Qan Turalın “Mustafa” romanını oxumuşam. Onu da yarıyacan”.

Zamin Hacı (köşə yazarı): “MKM məninçün maraqlı deyil”. 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi