Modern.az

İnam Atasız 16 il

İnam Atasız 16 il

5 İyun 2013, 10:30

(5 iyun – İnam Atanın ölümündən 16 il ötür)

İnam Atasız 16 il… 

İnam Ata ölməyib mənim üçün. Çünki onu daim Ruhumda gördüm, hiss etdim, sözümdə, yazımda, ömrümdə yaşatdım.

Mənim öz İnam Atam var və bu ilahi obraz milyonlarla adamın tanıdığı Asif Ata obrazının mütləq şəkildə tanınması, ömürləşməsi üçündür. 

Adam halı adətən gerçəkliyi aşmağa o qədər də meyilli olmur. Adam öz çağında baş verən möhtəşəm hadisələri anlaya, doğru qənaət çıxara bilmir. 

İnam Ata Gəlişiylə müqəddəsliyin mütləq ölçüsünü, İnsana, Xalqa, Vətənə, Bəşərə münasibətin ilahiliyini yaratdı. Bu ölçü hamıya bəlli olsa da, hələ ki, bir qom adamın ağlında, ürəyində, yaşamında təsdiqini tapmaqdadır.

Cismən insan biçimində doğulmaq olar, ruhani var olmaq üçünsə yalnız Mütləqə İnama yetmək gərəkdir. Ata özünəqədərki Bəşər Ruhaniyyatının gözəlliklərini qətiyyən gözardı etmir. Ata Fəlsəfəsində özünəqədərki mənəvi-insani gözəllik, hünər daşıyıcılarının halı yaşadılır, təsdiq olunur. Ancaq Ata deyir ki, Bəşərin ruhaniyyat süfrəsindəkilər azdır. Çünki insan yenə də xilas ola bilmir. İnsanı var etmək indi daha da çətinləşib. Bundan ötrü ona elə bir İnam gərəkdir ki, tam xilas olsun. Yarımçıq xilas – xilas deyil. Bu üzdən də İnam Ata Din əvəzinə İnam yaratdı. 

İnam Atanın Mütləqə İnam Yaradıcılığının ən böyük sübutu özüdür. Onun Əsərlərinin baş qəhrəmanı olan İnsan obrazı – Özüdür. İnam Ata İnsanın xilasını özündən başladı: özünü diqqətlə öyrəndi, nöqsanlarıyla döyüşdü, onları yox etdi, Kamilləşdi. Bu səbəbdən də onun Kamil İnsan obrazı tarixdən, insanın xəyalından, hətta xülyasından doğan bir obraz deyil, gerçək, başqalarının da insanilik obrazına yetə, idealı təsdiq edə biləcəyi ruhani imkandır. Onun İnamını – Dünyabaxışını qaçılmaz, vazkeçilməz edən bu amildir. 

İdeal İnsan haqqında minillərdir yazılır, danışılır. Bəşər təəssüf ki, çox hallarda sözdən o yana gedə bilmir. İnam Atanın şəxsində mən İdeal İnsanı gördüm, ömrümün mənası saydım. 

İnam Ata 62 illik zəngin ömrüylə, ölümündən sonra ardıcıllarında yaşamıyla bir həqiqəti təsdiq etdi: Dünyada Mütləqdən başqa heç nə yoxdur! 

İnsan Kamilləşə, Mütləqləşə – var ola bilər! Şəraitə, Mühitə, Zamana, Dünyaya sığmayan İnsan Vətənə sığır! İnsanı xoşbəxt etmək üçün ona ruhani (insani) həyat tərzi gərəkdir. Bu da yalnız Mütləqə İnam Ocağının təqdim etdiyi İnam Fəlsəfəsi əsasında mümkündür.

Bu gün Azərbaycan ictimai mühitində İnam Ata obrazı daha ciddi, ardıcıl şəkildə tanınmaqda, bilinməkdədir. Aydınlarımızın şəxsində bu daha ciddi görünür. Xalqımızın özünəməxsus İnam yönü, Dünyabaxışı və onun əsasında yaşam kuralları, ömür gələnəyi yaranır. Xalq olaraq özgəliklərdən gözümüz yığışır, özümüz olmaq imkanımız yaranır. Dünyada ümidsizliyin aşırı həddə çatdığı, insan adına ən eybəcər oyunların quraşdırıldığı, bəşərin can verdiyi bir çağda Azərbaycanımıza mütləq nikbinlik, insanilik ümidi, qaynağı və təsdiqi olan Mütləqə İnam Dünyabaxışının sorağıyla üz tutacaqlar! Nəhayət ki, sözün böyük anlamında xalq olmaq imkanımız təsdiq olunur.

Əzəldən bəri Türkün heç bir xalqa qarşı insansızlığı olmayıb. İnamımız İnsanlığın – Bəşərin xilası üçündür. Hər bir xalq Mütləqə İnam dünyabaxışından yararlana, özünün milli özəlliklərini inkişaf etdirə biləcək. Çünki Mütləqə İnam xalqların özünəməxsusluğunu ciddi şəkildə qoruyur, bəşər mədəniyyətinin, düşüncəsinin əlvanlığını – Mütləq yönünü təsdiq edir. 

Mütləqə İnamın Gəlişiylə İnsanlığın imkanları xalqların örnəyində təsəvvürəgəlməz dərəcədə artacaq, şərin imkanları azalacaq. Mütləqə İnamın ilahi imkanlarını ilk olaraq İnam Atanın xalqı öz yaşamında təsdiq edəcək. 

Bu gün ictimai mühitdə müstəqil ruhani boyu ciddi şəkildə bilinən İnam Atanın Mütləqə İnam Ocağı bu sorağın mahiyyətinin qoruyucusu və yiyəsidir. İnam Ata yenilməz bir İnam yaradıb. Uca ulusum, Mütləqə İnama üz tutmaq vaxtıdır! İnamla yaşamaq – Sabahla yaşamaqır, Sabahı qurmaqdır.

Mütləq gücümü səndən alıram, İnam Ata! Ruhun Ruhumdadır! 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır