Modern.az

Azərbaycanda mitinqə çıxmaq istəyən müğənnilər kimlərdir? – Siyahı

Azərbaycanda mitinqə çıxmaq istəyən müğənnilər kimlərdir? – Siyahı

Mədəni̇yyət

5 İyun 2013, 11:28

Türkiyənin bir sıra tanınmış sənətçiləri ölkədə davam edən aksiyalara qoşulublar. “Hürriyet” qəzetinin yazdığına görə, artıq “Muhteşem Yüzyıl” serialının yaradıcı heyəti kollektiv formada aksiyaya qatılıb.
Məlumata görə, öncə çəkiliş pavilyonunda bir araya gələn aktyorlar belə bir şəraitdə yaradıcılıqla məşğul olmağın mümkünsüzlüyünü deyərək ümumi qərarla “Taksim” meydanına yollanıblar.
Aktyorların “Aksiya fasiləsi”nin nə qədər davam edəcəyi bilinmir.
Maraqlıdır, Azərbaycanda belə bir aksiya olacağı halda sənət adamlarının reaksiyası necə olar? Onlar belə aksiyalara qoşularlarmı?

Modern.az bu sualla bir neçə sənətçiyə müraciət edib. 

 

Öncədən qeyd edim ki, sualdan yayınanlar da olub, fikrini açıq şəkildə ifadə edənlər də. Müğənni Rüfət Axundov deyib ki, dəstəklədiyi bir partiya var və vətəndaşın mövqeyi ona maraqlı deyil: “Mən gözümü açıb həyatı başa düşəndən Ulu öndərimizi görmüşəm. Onun davamçısı İlham Əliyevi dəstəkləyirəm. Ondan başqa heç kimi də dəstəkləmək fikrim yoxdur, olmayacaq da. Heç bir aksiyaya qoşulmaq fikrim yoxdur. Yeni Azərbaycan Partiyasının yolunda nəyisə dəstəkləmək lazım gələrsə, dəstəkləyərəm. İnsanlar nə aksiya keçirirlər, keçirsinlər. Mənim üçün yalnız və yalnız Yeni Azərbaycan Partiyası önəmlidir”.

Müğənni Samirə Allahverdi isə əvvəlcə sualdan yayınıb: “Məşğulam”. Ardınca isə bunları deyib: “Bu siyasi söhbətlərdir, siz mənə siyasi suallar verirsiniz. Türkiyədə baş verənin mənə dəxli yoxdur. Bu hadisələrdən o qədər də məlumatlı deyiləm”.
“Hanısa etiraz aksiyasına qoşularsınız” sualına isə sənətçi qısa cavab verib: “Şükür Allaha bizim dövlətimizə hələ ki hər şey normaldır”.

Əməkdar artist Baloğlan Əşrəfov isə siyasətə qarışmadığını deyir: “Hərənin öz dünyagörüşü, həyata baxışı var. Mən bir sənətçi kimi qətiyyən dövlət siyasətinə qarışmıram. Özüm ali savadlı oğlanam, proseslərlə maraqlanıram. Amma müdaxilə edə bilmərəm. Musiqi sahəsi ilə bağlı nəsə baş versə, yaxşı mənada mən də qoşularam. Siyasətə qarışmıram. Ümumiyyətlə sənət adamının siyasətə qarışmasını doğru hesab etmirəm. Hər kəs öz işi ilə məşğul olsun da. Mən mahnılar üzərində işləmək haqda düşünməliyəm. Nəinki Türkiyədə, heç Azərbaycanda da sənətçi aksiyalara qoşulmamalıdır”.

Əli Mirəliyev öncə sualı anlamasa da, sonradan ürəyini boşaldıb: “Bizim özümüzün o qədər problemlərimiz var ki, Türkiyənin problemlərinə qoşulmaq istəmirəm. Azərbaycanda o qədər haqsızlıqlar, o qədər problemlərimiz var ki. Hər bir aksiyaya qoşulmağa hazıram. Təki xalqımız üçün yaxşı olsun. İndi insanların 5 faizi yağ bal içində yaşayır, qalanları sürünür. Ona görə də bütün aksiyalara qoşularam. Təki torpağımız azad olsun, maaşlar qalxsın, zavod fabrik açılsın. Bütün sahələrdə iş olsa, yaxşı olar. Hamı polis, jurnalist, həkim, müğənni olmaq istəyir. Ay kişi, müğənni kimdir ki, iş adamı olsun? Ona görə də bütün aksiyalara iştirakım mütləqdir”.

Xalq artisti Aygün Bayramova isə 90-cı illərdə aksiyalarda iştirak edib: “Hamı kimi mən də etiraz aksiyalarında iştirak eləmişəm. Amma son illər heç bir mitinqdə olmamışam. Vallah əvvəldən söz deməyi xoşlamıram. Konkret cavab verə bilmərəm. Baxır o aksiya nədən ibarətdir. Əgər lazım olsa, hami kimi mən də iştirak edərəm”.

Bir zamanlar müxalifətin bütün mitinqlərinin “musiqili qonağı” olan xalq artisti Azər Zeynalov isə iki cəhddə sualımızdan yayınmağa nail oldu. Əvvəlcə dərsdə, sonra məşqdə olduğunu bildirən sənətçinin “ağıllandığı” hiss olunur. Məsələ burasındadır ki, A. Zeynalov sualımızı eşidəndən sonra “yox” dedi. 


İntiqam Valehoğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!