Modern.az

Kökü dərin, kölgəsi sərin çinar

Kökü dərin, kölgəsi sərin çinar

6 İyun 2013, 11:15

Natiq H. Paşa,
g.-m.e.n., dosent,
Qafqaz Universitetinin Baş Katibi

Müdriklik və mərdlik-bunlar əbədidir və insana əbədiyyət bəxş edir. İnsan daha çox öyrəndikcə, daha çox insan olur; aqil adam qüdrətlidir.

Baltasar Qratsian

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası neft və qaz sənayesinin əməkdar işçisi, Respublika Seysmoloji Xidmət Mərkəzinin sabiq direktoru mərhum Arif Həsənovun doğum günüdür.

Əlimə qələm götürüb ağ vərəqlə xeyli üz-üzə qaldım. Düşündüm, kövrəldim, təəssüf dolu anlar yaşadım. Arif müəllimin yoxluğu haqqında nə isə yazmaq mənə çox ağır gəldi. Onunla bağlı xatirələr yada düşdükcə için-için göynədim.

Arif müəllim olduqca sadə, həlim və xoşxasiyyət, eyni zamanda ağır təbiətli, sakit və təmkinli davranışı, xeyirxahlığı, dərin zəkası və yaddaşı, geniş dünyagörüşü, yorulmaq bilməyən əməksevərliyi və sərrast cavabları, xoş təbəssümü, yüksək yumor hissinə malik olması ilə heç kəsə bənzəməyən sadə və səliqəli, zövqlü geyimi ilə seçilən gözəl bir insan, müdrik bir ağsaqqal idi.

Billur kimi saf qəlbi vardı, Arif müəllimin. Bu ürəkdə kinə, küdurətə bir çimdik də yer yox idi. Daxili saflığı üzündə, gözündə əks olunduğu üçün, həmişə üzügülər, baxışı aydın, dumduru olub. Həssas, qayğıkeş, canıyanan. Üstünə gələni boş qaytarmazdı ömrü boyu. Əli də, qapısı da apaçıq idi onun. Yaxşılıq etmək, hayan durmaq, kölgə salmaq mayasında, qanında, iliyində idi Arif Həsən oğlunun.

Onunla hələ 1990-cı ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA) 4-cü kursunda oxuyarkən tanış olmuşdum. Bizi Universitetdə müəllimim, mərhum professor Hüseyn Hüseynov “...Arif müəllim sənə gələcək kadr yetişdirirəm” deyə tanışdırmışdı. Elə oradaca dərslərimlə, qiymətlərimlə maraqlandı. Əlaçı olduğumu öyrənincə daha isti münasibət göstərdi və sonra “mütləq məzun olunca yanıma gələcəksən” dedi. Elə də oldu 1991-ci ildə universiteti fərqlənmə ilə bitirib Arif müəllimin tələb məktubu ilə, təyinatla TMGE-də işləməyə başladım. İlk gündən Arif müəllim mənə ata qayğısı göstərmiş, qol-qanad gərmişdir. Bakıya daimi qeydiyyatımla, aspirantlar yataqxanasında yer almağımla və s. qayğılarımla belə şəxsən maraqlanmış və hər zaman lazımi köməyini əsirgəməmişdir. Sonra namizədlik dissertasiya işimə də elmi rəhbərlik edən dünya şöhrətli alim professor Arif Həsənovun yüksək tələbkarlığı, dəyərli məsləhətləri və elmin inkişafına xidmət edən dönməz amalları sayəsində mən həm geologiya-mineralogiya, həm də iqtisadiyyat üzrə elmi dərəcə aldım.

Yəqin mənim kimi çoxları bu kimi sözləri deyəcəklər o unudulmaz insan haqqında. Çünki, Arif müəllim hər kəs üçün belə idi, onlarla alim, yüzlərlə mütəxəssis yetişdirmişdir.

Həmişə hər yerdə sakit, təmkinli, səbirli və ciddi, ləngərli-siqlətli görünən Arif Həsən oğlu ilk baxışda hər kəsə qayğısı başından aşan, daim öz daxili aləminə qapanan adam təsiri bağışlayırdı. Sanki, o, nə haqdasa daim düşünür, fikirləşir, götür-qoy edir. Qartal baxışları ilə müsahibini başdan-ayağa süzür, sanki onun daxili dünyasına nəzər yetirir, orada hansı niyyət gizləndiyini görmək istəyir. Və sonra da onu, asta, sakit və həlim səslə sorğu-suala tutur; diqqətlə dinləyirdi.

Arif müəllim böyük insan idi. Deyirlər ki, uca  dağların böyüklüyü uzaqdan daha yaxşı görünür. Arif müəllimin həyat yoluna uzaqdan baxanda onun ucalığının, böyüklüyünün şahidi oluruq və bu böyüklük qarşısında baş əyməmək mümkün deyil.

Üzündə Tanrı nuru, ürəyində Vətən və millət sevgisi vardı deyə həmişə çöhrəsi işıqlı, qəlbi hərarətli, vicdanı pak idi. Qalın ətli dodaqlarından xoş təbəssüm, qaynar qara gözlərindən həyat eşqi çağlayıb axırdı. Baxışları iti, sözləri kəsərli, mükalimələri məntiqli və inanca, həqiqətə söykəncəli idi. Söhbəti şirin, danışığı özü kimi tədbirli-təpərli olardı. Həmişə astadan və inamlı danışardı. Və bu an müsahibinə elə gələrdi ki, O, daxilən qaynayır və asta axan gur sular kimi qaynarı çox dərindən baş alıb, burula-burula üzə çıxırdı və bu burulğan daxili inamla qarışıb qalın, ətli dodaqlar arasından balsayaq süzülürdü.

Kökü dərin, kölgəsi sərin çinara bənzədirdim onu mən, doğrudan da köklü-köməcli, azman gövdəli, şax qamətli, kölgəsinə, sayəsinə bütöv bir el yığışan nəhəng Xan çinara bənzəyirdi. Elə doğma eli Cəbrayıldakı 800 yaşlı çinara.  İsti-qızmar günlərdə ətrafa sərinlik yayan və qarsımış-susamış yolçuları öz sərin kölgəli budaqlarının, nəğməli yarpaqlarının altına yığan Çinar kimi. O da həmişə ona pənah gətirənləri saya salaraq insanlardan kölgəsini əsirgəməzdi.

Bu da təsadüfü deyildi məncə, “Ot kökü üstə bitər”, - deyib atalar-babalar. Arif Həsən oğlu da çinar kimi kökü dərinlərə işləmiş bir nəslin törəməsi olduğuna görə öz şəsti-bəsti, ədəb-ərkanı və ən əsas da kişiliyi-ləyaqəti ilə bu kökə, bu mənəvi dəyərlərə bağlı idi. Onun soyu da – suyu da, mayası və qayəsi də kökdən-kötükdən gəlirdi.

Mən onun rəhmətlik atası Həsən Həsənov haqqında hələ uşaqlıqdan eşitmişdim. Hər kəs adı gələndə böyük ehtiramla, rəhmətlə anardı. Atam həmişə söz düşəndə bir xatirəsini dəfələrlə danışmışdı; deyərdi ki, 1962-ci ildə texnikumda qiyabi şöbəyə qəbul olub, tikintiyə işə girmişdim, elə ilk gündən Cəbrayıllı olduğumu eşidən müdir mənə Həsən Həsənovu soruşdu, mən də qürurla – tanıyıram kəndçimizdir, hələ bir az da dərin baxsan qohumluğumuz da var demişdim. Adamda qəribə bir sevinc vardı, “...nə yaxşı oldu onun bir ellisi, kəndçisi mənə rast gəldi, o kişi mənə elə bir yaxşılıq eləyib ki, onun bütün tanıdığı insanlara mən qulluq eləsəm, yaxşılıq eləsəm əvəzini çıxa bilmərəm deyirdi. Ancaq, elə gətirdi ki, bir ildən sonra mən kəndə qayıtmalı oldum, adam çox israr etdi ki, oğlum getmə, sənə ev verəcəyəm, texnikumu bitirəndən sonra ali təhsil almağına kömək edəcəyəm, vəzifədə də irəli çəkəcəyəm...”

Arif Həsənovun nurlu çöhrəsi gözlərimizdə, təmiz adı dilimizdə, arzusu və idealları ürəyimizdə, müqəddəs ruhu isə başımız üstündə zaman-zaman dolaşacaqdır. Çünki Arif müəllimin ən ülvi sevgisi insana sevgi idi, o bütün insanlari sevirdi. Burada böyük şairimiz Səməd Vurğunun bu misraları gəlir dilimə:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Qəbrin nurla dolsun ey dünyanın bəxtəvər və bəxtiyar kişisi! Bir kişisi! Pir kişisi! Kişiliyi yaşatmaq üçün əsl kişi kimi yaşayan kişi!

Heyf ki, bu qıt-qısır zamanda sənin kimi kişilər azalıb, sozalıb, qıtlaşıb.

Tanrımın nuru üzünə hopmuş bu sayaq kişilərin ömürləri əbədiyyət qədər uzun olur.

Arif Həsən oğlu Həsənov da belə kişilərdəndir!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır