Modern.az

Manaf Ağayev: “İbrahim Tatlısəs Manafın mahnısını niyə oxumur?” - MÜSAHİBƏ

Manaf Ağayev: “İbrahim Tatlısəs Manafın mahnısını niyə oxumur?” - MÜSAHİBƏ

Mədəni̇yyət

6 İyun 2013, 12:16

Tanınmış müğənni Manaf Ağayev Modern.az-ın suallarını cavablandırıb.

 –Yeni mahnılarım var, onları yazdıracam. Rusiyadan toydan təzə qayıtmışam. Yalandan konsertə getdiyimi deyə bilmərəm.

– Oxuduğunuz bəstəkar mahnılarıdır?

– Hamısından var. Bəstəkar mahnıları, muğam, oyun havaları. Camaat nə istəyirsə, onu da oxuyuruq.

– Hansı bəstəkarlarla işləmisiniz?

– Adlarını demək istəmirəm. Çıxanda görəcəksiniz. Hazırda aranjeman olunur, Ramazan ayında təqdim edəcəm.

– “Ay canı yanmış”dan sonra “tutan” mahnınız yoxdur.

– Ondan sonra yaxşı mahnılar oxumuşam. Amma “Ay canı yanmış” kimi “tutmayıb”. Ondan da güclü mahnılarım olub. Sadəcə xalq tərəfindən daha çox bəyənilən həmin mahnı oldu. Mən xalqın adından danışa bilmərəm.

– Bu mahnını vizit kartınız hesab edirsiniz?

– Bu mahnı mənim vizit kartımdır, bu gün də tələb olunan mahnıdır. Hara gedirəmsə, istəyirlər.

– Sizcə, yeni mahnılarınızdan bu səviyyədə tanınanı olacaq?

– İstəyir lap bəstəkar mahnısı olsun, ona çatanı olmayacaq. O bir iş idi xalq tərəfindən sevildi, getdi. Elə bir mahnı olar ki, yenə də sevilər. Bax görürsən Nadir Qafarzadə o cür klassika oxumuşdu, heç kimin yadında qalmırdı. Amma bir dənə “Maral” oxudu, bu gün hara gedirsən, o mahnını istəyirlər.

– Siz toylarda o mahnını oxuyursunuz?

– Bəli, oxuyuram.

– Sizcə o necə mahnıdır?

– Gözəl mahnıdır, mənim janrımdır. Vaxt var idi hamı deyirdi ki, bəstəkar mahnısı. Gördü ki, xalq sevir, oxudu. Nadir o cür əsərlər oxumuşdu. Özü də etiraf elədi bunu. İndiyə kimmi Nadirin hansı mahnısını toyda istəyiblər? Amma bu gün istəyirlər.

– Yaşlı sənətkarlar deyirlər ki, müğənni dinləyicinin ardınca getməməlidir.

– Qardaş, mən həmişə demişəm ki, var xalq artisti, var xalqın artisti. Xalq artisti var ki, heç sevilmir. Amma xalqın oxuyanları var ki, hər yerdə sevilir. Allah o xalq sevgisini məndən almasın. Bu gün el şənliklərinə gedirəmsə, deməli, xalq sevilir. Elin gözü tərəzidir.

– Belə başa düşürəm ki, fəxri ad sizin üçün o qədər də önəmli deyil.

– Fəxri adı təbii ki, hamı istəyir. Onun təqdimatı elə bəsdir. Amma oxumaq ona baxmır. Elələri var ki, oxuya bilmir, amma xalq artistidir. Mənim haqqımda Habil Əliyev kimi dünya səviyyəli sənətkar necə sözlər deyib. Onun dedikləri mənim üçün xalq artisti adıdır. Dünya səviyyəli musiqiçi gör mənim haqqımda nələr deyir. Elə məcburdur ki, bir kağız versinlər? O boyda kişi yalandan demir ki. Amma təbii ki, adı hamı istəyir. Kim “istəmirəm” deyirsə, yalan sözdür.

– Yəqin ki, populyarlaşmaq toy qiymətinizə təsir elədi.

– Əlbəttə təsir elədi, tanınandan sonra qiyməti də artırırsan, sevilirsən. Tanınmayanda sonra qorxundan qiymət deyə bilirsən ki?

– Tanınmayan Manaf Ağayevlə populyar Manaf Ağayevin ifası arasında nə fərq var idi ki?

– Vaxt var idi ansamblla toylara 500-1000 dollara gedirdim. Tədricən qiymət 5 minə qədər qalxdı. Sevilirsən, tanınırsan, qiymət də qalxır. Necə oxuyursan oxu, tanınmırsansa, nə əhəmiyyəti var ki?

– Belə çıxır ki, populyarlıq böyük önəm daşıyır sizin üçün...

– İki cür populyarlıq var. Ola bilər tanınarsan. Çıx bir dənə dava elə, bütün respublika tanısın. Amma oxuya bilmirsənsə, nə qədər tanınırsan tanın. Sənət öndə olmalıdır.

– Dava demişkən, xeyli müddət öncə davanız olmuşdu jurnalistlə. Tanınan insanın belə qalmaqallar etməsi nə dərəcədə doğrudur?

– Hamı bilir ki, qalmaqaldan kənar adamam. Toyum da var, tanınıram da, yaşım da əllidir. Uşaq deyiləm ki qalmaqal yaradam. Hərənin öz imici var. O elə suallar verir ki... Evdə bizim qohumumuz bacımız, qızımız baxır. Durub mənə suallar verir ki, “başqasıyla cinsi əlaqədə olursan-olmursan?”. Efir olmasaydı onun cavabı başqa şey olardı. İndi mən durum deyim ki, kiminləsə yatıram, kiminləsə dururam. Axı mənim evdə qızım var, bacım var, arvadım var, tamaşaçılar var. Bu hörmətsizlikdir. Onun cavabı odur. Ona başa salıram ki, gör qabağında kim oturub. Mən onu qınamıram. Verilişin formatı belədir. Amma mən bəzi müğənnilərdən deyiləm ki. Adamına baxıb hərəkət eləmək lazımdır. Hələ küçədə olsaydı, lap başqa şey olardı.

– Bəzən belə qalmaqalların reklam olunmasında mətbuatı qınayırlar. Sizcə təqsir sənət adamlarındadır, yoxsa mətbuatda?

– Sənət adamlarının özündə də var, jurnalistlərdə də. Müğənni var deyir ki, gəl qalmaqal yaradaq. Sonra düşürlər jurnalistin üstünə. Mənə qalmaqal lazım deyil, gedib işimi görüb, toyumu oxuyuram. Hələ mənim yerimə kim olsa, şillə təpiyin altına salardı onu.

– Duet oxumaq fikriniz var?

– Konkret belə bir fikir yoxdur. Amma hər şey ola bilər.

– Azərbaycanda ən çox toyda olduğunuz iki rayon hansıdır?

– Şəmkir və Zərdabda daha çox oluram. Amma ən çox Şəmkirdə oluram. Gəncədə də toylarım var, Masallı Lənkəranda da. Amma Şəmkir pulunda da fərq eləyir. Azərbaycandan çox Rusiyada toy oxuyuram.

– Sizin siyasətdə olan dostlarınız da var. Məsələn, deputat İqbal Ağazadə ilə dostsunuz. Doğrudur?

– Mənim üçün dostumun vəzifəsi önəmli deyil. Mənə qarşı səmimi və sadə davranan insanları xoşlayıram. İqbal Ağazadəni körpəliyindən tanıyıram, dostumdur. Prokuror dostlarım var ki, əsgərlikdə bir yerdə olmuşuq.

– Bəs idmançı dostlarınız?

– İdmançı dostlarım daha çoxdur.

– Oğlanlarınız nə işlə məşğuldurlar?

– İki oğlum, bir qızım var. İkisi bankda işləyir, biri də yaxın vaxtlarda əsgərliyə getməlidir. Universiteti yenicə bitirdi.

– Sizcə yaşlı sənətkarlar niyə dava-dalaş edirlər. Cavanlar onlardan nə görüb götürə bilər?

– Vallah hamısı belə deyil axı. Eləsi var düşüncəsi odur. Birdən gəlib məndən soruşurlar ki, filankəs necə sənətkardır. İnanın ki, onun haqında nəsə deməyə utanıram. Mən Alim Qasımov haqda durum nə danışım? Axı yaşım çatmır ona. İndi yaşlı sənətkarlara durum nə deyim? Mən belə bilirəm ki, yaşlı sənətkarlar öyüd-nəsihət verib öyrətməlidirlər. Bu elə bir sənətdir ki, hamı gəlib gedir. Bir-birimizə kömək etməliyik, paxıllıq olmamalıdır. Amma hərənin bir cür düşüncəsi var. Ay bun toyu çox oldu, mənimki  az oldu. Ay qardaş sən Allahın işinə niyə qarışırsan? Ruzini verən Allahdır.

– Ayda neçə gün toyda olursunuz?

– 10 gün də olur, 20 də, 3 də. Elə olur ki, bir gündə 10 yerdən toy dəvəti gəlir. Bəzən toyun vaxtı dəyişilir, yaxud da imtina olunur. Rayonda olanda toyun vaxtını dəyişə bilirlər. Bəzən də olur ki, başqa gün boş olursan. Yalandan deyə bilmərəm ki, ayda 30 gün toydayam.

– Yarım saatlığa toya gedirsiniz?

– Yox. Gedəndə də bilirsiniz necə gedirəm? Məsələn biri mənə zəng edir. Deyirəm ki, həmin gün zəng vur, boş olsam gələrəm. Yarım saatlıq toya bir ay əvvəldən söz vermirəm. Ansamblı boş qoya bilmərəm axı.

– Yarım saata qonorar nə qədər olur?

– 1500-1300 olur.

– Nə vaxtsa ciddi əsərlər oxumağınız mümkündür?

– Onu da oxumuşuq. İntəhası hər oxuyanın öz janrı, öz stili var. Nəyinsə xətrinə onu oxuyursan, alındıra bilmirsənsə, niyə özünə əziyyət verirsən? Bizdə bir dənə şeyi ayıra bilmirlər ki, janrlar başqadır. Adam var xalq artistidir, toyxanaya girəndə əsir. Deyir ki, “burda nə oxuyum?”. Bizdə bunu araşdıra bilmirlər. İbrahim Tatlısəsi bura gətirib “Bu Leyli” oxutmurlar ki. O da öz mahnılarını oxuyur. İbrahimi gətirib Cahangir Cahangirovdan niyə oxutmurlar? Yaxud da İbrahim Tatlısəs Manafın mahnısını niyə oxumur? Çünki onun öz janrı var və biz də qəbul edirik. Tarkan bura toya gəlib İbrahimin mahnılarını oxumaz ha...

 

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür