Modern.az

Mingəçivir rusları və ukraynalıları...

Mingəçivir rusları və ukraynalıları...

Reportaj

31 Mart 2010, 10:20

Mingəçevir müxtəlif millətlərin qovşaq şəhəri kimi tanınır. Bir zamanlar bu şəhərdə rus, ukraynalı, alman, hətta yəhudilər də yaşayıb. Hazırda isə onlardan ancaq rus və ukraynalılar qalır.

1949-cu ildən bu şəhərdə  yaşayan Tanya deyir ki, onlar Mingəçevirin ilk sakinlərindəndir: “Mən ukraynalıyam. Atam burda işləməyə gəlib. Tikintidə çalışırdı. O vaxt hər tərəf meşə idi. Şəhərin çox fərqli görüntüsü var idi. Atam qamışdan özümüzə balaca bir ev tikmişdi. Sonradan bizə də ev verdilər. Mən də burda ərə getdim. Bir oğlum var. Ancaq qohumlarımızın çoxu Ukraynanın Donetsk şəhərində yaşayır”.

Tanya deyir ki, əvvəllər Mingəçevirdə daha çox ruslar və almanlar yaşayıb.

“Onlar tikintidə çalışırdılar. Fikir verin tikdikləri binalar necə gözəldir. Mingəçevir beynəlmiləl şəhərdir. Bu şəhəri  çox sevirəm. Ukraynaya gedən kimi tez bura qayıtmaq istəyirəm”.

Tanya 33 il Toxuculuq fabrikində çalışıb. İndi bazarda xırdavat malları satır: “Fabrikdə çalışanda azərbaycanlılardan çox hörmət görmüşəm. Evdə oturmaqdan yoruluram, bazarda həm çörəkpulu qazanıram, həm də insanlarla ünsiyyətdə oluram. Bizi də incidən yoxdu, pis yaşamırıq”.

Amma Tanyanın sözlərinə görə, son illər Mingəçevirdə aparılan yöndəmsiz tikinti işləri şəhərin əvvəlki gözəlliyinə xələl gətirib.

Əslən Rusiyanın Krasnodar vilayətindən olan və hazırda Mingəçevirdə yaşayan Antonina sovet dövrünün nostaljisi ilə yaşayır: “O vaxtın  Mingəçeviri daha yaxşı idi. Atamı o zaman buradakı sovxoza mühasib göndəriblər. Bir müddət Şəkidə yaşamışıq. Sonra Mingəçevirə köçmüşük. Balıq zavodunda, sonralar isə Şüşə zavodunda çalışdım. İndi də süpürgəçilik edirəm. Zavod, fabrik yoxdu, harda işləyəsən. 85  manat maaş alıram. Bununla təkbaşına 3 uşağı necə dolandırsan...”. Rus milliyətindən olan Rita isə əksinə, Mingəçevirin müasir dövrünü bəyənir: “Şəhər gözəlləşib, inkişaf edib. Başqa millətdən olsaq da, bu şəhərin azərbaycanlı əhalisindən heç fəqlənmiriq”. 94 yaşlı mingəçevirli Qəmər nənə söyləyir ki, qeyri millətlərdən olan insanların ona çox köməyi olub: “1946-cı ildə sovet hökuməti imarətimi əlimdən almaq istəyirdi. Qonşuluğumda yaşayan yəhudilərin köməyi ilə öz evimə sahib çıxa bildim. Burada əvvəllər almanlar, ruslar, yəhudilər çox yaşayırdı”.

Mingəçevir şəhərində yaşayan qeyri millətlərə kömək üçün “Həmrəylik” Cəmiyyəti yaradılıb. Cəmiyyətin sədri Yura İvanoviç cəmiyyətin yaranma tarixindən danışdı:

“Cəmiyyət 1990-cı ilin 20 yanvar hadisəsindən sonra yarandı. O vaxtı rus, ləzgi, gürcü, avar icmaları fəal idi. Sonra gördülər ki, hər icma insanları özünə çəkir. Biz də fikirləşdik ki, bu xalqlara yardım etmək üçün nə etməliyik. Buna görə də belə cəmiyyəti yaratmaq qərarına gəldik. Mingəçevir beynəmiləl şəhər olub, vaxtilə əhalinin 76%-i rus milliyyətindən idi. Ruslar azərbaycanlılardan da çox idi. 20 yanvar hadisəsindən sonra buradan Rusiyaya axın başladı. O vaxt biz fikirləşirdik ki, həmin axının qarşısını necə alaq. Bax “Həmrəylik” Cəmiyyətini də onda yaratdıq və başladıq işləməyə. Başqa millətlərdən olanlar da başa düşdü ki, onları yaddan çıxarmayıblar. Problemlərə görə bizə müraciət edənlər çox olub. Çalışırıq ki, həll edək.

Rusiya, Belarus, Ukraynanın Azərbaycandakı səfirləri, Tatarıstan konsullluğu bizə kömək edir. Böyük Vətən Müharibəsinin veteranlarına qayğı göstərirlər”.

Yura İvanoviç deyir ki, rəhbərlik etdiyi Cəmiyyət gənclərin təhsil almalarına da kömək edir: “Mingəçevirdə rus bölməsində oxumuş 35 gənci Rusiyaya təhsil almağa göndərmişik, bu il daha 17 nəfəri göndərəcəyik. 7 nəfəri Ukraynaya, 10 nəfəri isə Rusiyaya. Bütün bu işləri təmənnasız görürük. Bu bizim böyük qələbəmizdir”.

Yura İvanoviç deyir ki, o, atasız böyüyüb: “Mənə anam baxıb. Qonşuluğumuzda Səfər kişi yaşayıb. Anamı o kişi oxutdurub”.

Y.İvanoviç Azərbaycandan fərqli olaraq Ermənistanda hazırda rusların yaşamadığını, işğalçı ölkənin mono respublikaya çevrildiyini vurğuladı: “Ölkədə başqa millətlər də yaşamalıdır. Millətlər bir-birlərininin mənəviyyatını tanımalıdır. Mən İslamı qəbul etmişəm. “Quran” kitabını düz 9 aya oxumuşam. Onu oxumaq insanı rahatladır. Bunu görüntü xatirinə etməmiləsən, ürəkdən gəlməlidir. Hər səhər yarım saat “Quran” oxuyuram”.

Təhminə Paşayeva Bakı-Mingəçevir-Bakı

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!