Modern.az

DSMF-nin internet saytında keçirilən sorğu başa çatıb

 DSMF-nin internet saytında keçirilən sorğu başa çatıb

Ölkə

31 Mart 2010, 10:56

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə növbəti interaktiv sorğu keçirilib. Bu dəfəki sorğu zamanı respondentlərə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualı ünvanlanıb. Sorğunun yekun nəticələrinə əsasən, rerspondentlərin 51,6 faizi sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1 faizi isə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualına “xeyr”, 10,3 faizi isə “ehtiyac görmürəm” cavabını veriblər.

Fonddan Modern.az-a verilən məlumata görə, sorğunun nəticələri göstərir ki, ümumilikdə respondentlərin sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirənlərlə (51,6 faiz), ümumilikdə bunun əksini vurğulayanlar (48,4 faiz - 38,1 faiz “xeyr”; 10,3 faiz “ehtiyac görmürəm”) arasında fərq o qədər də böyük deyil.

“Nəzərə çatdıraq ki, hər bir insan harada çalışmasıнdan asılı olmayaraq, sosial sığortaolunmağa çalışmalı və maraq göstərməlidir. Sosial sığortalanma bütün gəlir əldə edən əhalinin sosial risklərdən sığortalanmasını ifadə edir. Ona görə də hər bir çalışan vətəndaş dövlət sosial müdafiə orqanlarında uçota durmalı və onun üçün qanunla müəyyən olunmuş sosial sığorta normativlərinə uyğun, vaxtlı-vaxtında sosial sığorta haqlarını ödəməlidir”. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki,  pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır. İşlədiyiniz dövrlər üçün məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalı, gəlirlərinizi düzgün göstərməlisiniz. Hamı bilməlidir ki, məcburi dövlət sosial sığortalanma onların özü və gələcəyi üçün ən etibarlı təminatdır. Şəxsi fərdi hesablarda toplanmış məbləğ daim inflyasiya göstəricilərinə uyğun indeksləşdirilir, gələcəkdə daha böyük məbləğ şəklində həmin insanların təminatında rol oynayır. Sığortaolunan sosial risklərlə üzləşdikdə - pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti, işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) -  qanunvericiliyin verdiyi üstünlüklərdən bəhrələnə bilər.

Sosial sığorta “Sosial sığorta haqqında” Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Bu qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olan, kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri və digər qruplar üçün sosial sığorta dərəcələri ayrı-ayrılıqda müəyyən olunub. Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi