Modern.az

Rəşad Məcid AYB-dən istefalar haqda: “Mən təkəm, onlar çoxdur”

Rəşad Məcid AYB-dən istefalar haqda: “Mən təkəm, onlar çoxdur”

7 İyun 2013, 11:49

Yazıçı Şərif Ağayarın AYB-dən qovulmasına etiraz olaraq bir qrup gənc yazarlar ədəbi qurumadan istefa verdilər. İstefa vermiş şəxslər Elnaz Eyvazlı, Rəbiqə Nazimqızı, Qismət, Ayxan Ayvaz, Mövlud Mövlud, Aysel Əlizadə və Babək Göyüşdür. AYB-ni tərk edənlərin əksəri Rəşad Məcidin yetirmələri, onun himayə etdiyi şəxslərdir. Onların demək olar ki, hamısı AYB xətti ilə təqaüdlər alıblar. Bununla bağlı AYB-nin gənclər üzrə katibi Rəşad Məcid istefaların AYB-də soyuqqanlılıqla qarşılandığını dilə gətirib. O, Modern.az-a açıqlamasında deyib:

“Yazıçı sənəti masa arxasında özü-özü ilə baş-başa qalaraq yaranan bir sənətdir. Mən də istəyirəm ki, Azərbaycandan gələcəkdə böyük yazarlar çıxsın. Ən ümid etdiyim gənc yazarlardan biri də Elxan Qaraqan idi. Sonradan onunla incikliyimiz oldu. Amma onun son əsərin oxumuşam. O vaxt ona demişdim ki, sən 30 ilə Nobel mükafatı alacaqsan. Onun iki ili gedib, qalıb 28 ili. Növbəti gənc ədiblərdən Pərvinin də “Balerina” əsəri demək olar ki, MKM-də qalib olub. Mən ona da inanıram. İnanıram ki, o da gələcəkdə uğurlar qazanacaq və Azərbaycan ədəbiyyatının təbliğatçısı olacaq. İstefa verənlərin içində də inandığım gənc yazarlar var. Amma mən onlara deyə bilmərəm ki, siz niyə istefa verirsiniz. Bu onların öz işləridir. 20 ildir ki, həm gənc jurnalistlərə, həm də gənc yazarlara dəstək olmuşam. Seymur Baycanı, Qan Turalını, Əli Əkbəri, bütün modernist yazarları qəzetimdə çap etmişəm. İndi çıxıb gedirlərsə öz qərarlarıdır. Nə edə bilərəm ki? Rəşad Məcid həmişə onların yanında olub! Mən təkəm, onlar çoxdur. Mən onların azadlığına heç bir məhdudiyyət qoya bilmərəm. Ən çox güvəndiyim gənclərdən biri Zərdüşt idi. O ada rəhmətə getdi. Yəni taleyin işidir. Allahın qərarlarını dəyişə bilmərik ki. Amma yenə də yeni gənclər var. Yazıçılar Birliyinin üzvi olub-olmamaq heç nəyi həll etmir. Təki onlar yaxşı əsərlər yaratsınlar”

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir