Modern.az

Xalq artisti Bəsti Cəfərova: “Mən o tərbiyənin yiyəsi deyiləm axı…” - MÜSAHİBƏ

Xalq artisti Bəsti Cəfərova: “Mən o tərbiyənin yiyəsi deyiləm axı…” - MÜSAHİBƏ

Mədəni̇yyət

8 İyun 2013, 14:00

“Aktyorlar arasında döyüşlərimiz də olur, vuruşlarımız da...”

Akademik Milli Dram Teatrının aktriisası, xalq artisti Bəsti Cəfərova Modern.az saytının  suallarını cavablandırıb.

 -Universitetdə dərs deyirəm, tamaşalarımı oynayıram. Repertuarda iki tamaşam var - Saqarellinin “Xanuma”sında Xanumanı, “Kuraj və uşaqları”nda Kuraj ananı oynayıram.

 - Yeni məşq elədiyiniz hansısa tamaşa var?

 - Bu il “Kuraj və uşaqları”nı verdim. Allah qoysa, yeni mövsümdə təzə bir əsər, təzə bir rol olacaq. Axırıncı tamaşalarıma gəlib izləyən tamaşaçılar varsa, onlar da yəqin gözləyirlər. Nəysə yaxşı bir iş olmalıdır.

- Siz rusdillisiniz, yoxsa rus dilini sadəcə bilirsiniz?

 - Rusdilli deyiləm, Azərbaycan təhsili görmüşəm. Rus dilini bilirəm.

 - Yüksək səviyyədə, yoxsa normal?

 - Normal. Yüksək səviyyədə qızım bilir. O rus təhsili alıb. Hətta evimdə də qızımla Azərbaycan dilində danışıram. Ona görə o hər iki dili mükəmməl bilir.

 - Rus dilində tamaşa oynamağınız mümkündür?

 - Yox, mümkün deyil.

 - Hansı baxımdan mümkün deyil?

 - Birincisi, mən Azərbaycanca düşünürəm. Onu yeni bir dilə tərcümə edib oynamaq çətin olar.

 - Sizcə niyə aktyorların əksəriyyyəti Azərbaycan dilində yaxşı danışa bilmirlər?

 - Mən pis danışıram?

 - Söhbət sizdən getmir, ümumiyyətlə.

- Mən o tərbiyəyə malik insan deyiləm ki, hansı aktyor haqqında bu və ya digər fikir söyləyim. Yalnız öz yaradıcılığımla məşğul oluram. Öz tələbələrimə görə cavabdehəm ki, onlar səlis danışsınlar. Kimsə danışa bilmirsə, mən nə deyə bilərəm ki?

- Amma siz həm də pedaqoqsunuz və pedaqoq kimi fikirləriniz yetərincə önəmlidir.

- Pedaqoq olaraq mən ancaq öz tələbələrim haqqında deyə bilərəm. Amma hansısa yetkin aktyor və ya aktrisanın danışığına nə deyə bilərəm ki? Əgər belədirsə, özləri bilsinlər. Səhnə adamları daim öz üzərlərində çalışmalıdırlar, danışıqları səlis olmalıdır. Siz bizim Akademik Milli Dram Teatrının aktyorlarına baxın. Onların elədiyi dublyaj da mənə elə gəlir ki, digər aktyorların səsləndirməsindən çox-çox fərqlənir.

- “Azdrama”dan söz düşmüşkən, bir sual verim: son zamanlar 3 gənc və perspektivli aktyor - Rəşid Səməndər, Sərdar Rüstəmov, İlyas Əhməd teatrdan uzaqlaşdırıldılar. Bəlkə də özləri getdi. Bunu teatrın itkisi saymaq olar?

 - Sizcə onlar perspektivli idilər?

 - Sizdən soruşuram.

- Mən heç kimin tədqiqatçısı deyiləm. Əgər siz elə fikirləşirisizsə, yəqin elədi. Mənə elə gəlir ki, onlar teatrdan elə bir basqı görmədilər. İlyas mənimlə “Kuraj və uşaqları” tamaşasında oynayırdı, seriala çəkilirdi. O paralel gedib gələ bilmədi. Sərdar çox həvəsli gənc idi. Bilirsiz, teatrın işi belədir ki, hər şey oynamalısan. Biz də o mərhələdən keçmişik. Gənc aktyora həm böyük rol verirlər, həm də onu massaya (kütləvi səhnə- İ.V) çıxardılar. Bizim aktyor müqaviləsində belə bir maddə var ki, aktyorların roldan imtina eləməyə hüququ yoxdur. Mənə elə gəlir ki, siz dediyiniz o istedadlı Sərdar kütləvi səhnələrdən imtina elədi, öz imkanlarını çox böyük saydı. Rəşid Səməndər də ki (Səməndər Rzayevin oğlu-İ.V) hansısa tamaşada aktyoru təhqir eləmişdi. Mənə elə gəlir ki, ona görə getdi. Heç bir aktyorun həmkarını təhqir eləməyə, təhdid eləməyə ixtiyarı yoxdur. Biz hansı əsrdə yaşayırıq? Mən kiminsə yaradıcılığını qəbul etməyə bilərəm. Kimsə yaltaq, məkrli ola bilər. Amma mən insanları olduğu kimi qəbul eləməyi artıq öyrənmişəm.

- Bəzi teatrlarda baş rejissor ştatı var, amma “Azdrama”da yoxdur. Sizcə hansı sistem daha doğrudur?

- Mənim fikrimcə baş rejissor olmalıdır. Məsələn, məni teatra gətirən Tofiq Kazımov rəhmətə gedəndən sonra teatr uzun müddət baş rejissorsuz qaldı. Ondan sonra Həsənağa Turabovun bizim teatra bədii rəhbər təyin olundu.

- O vaxta qədər baş rejissor yox idi?

- Ondan sonra Hüseynağa Atakişiyev baş rejissor oldu. Bizim mərhum direktorumuz var idi - Əli İsmayılov. Çox gözəl insan və idarəçi idi.

- Baş rejissorun olmasının teatr üçün nə üstünlüyü var?

- İndi həmin vəzifəni bizim direktorumuz icra edir. O həm təsərrüfat işlərinə baxır, həm yaradıcılıq məsələləri ilə məşğul olur. Mənə elə gəlir ki, bu qədər işlər direktor üçün ağırdı.

- “Azdrama”da Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov kimi rejissorlar çalışır. Onların hansı baş rejissor olaraq teatrın yaradıcılıq işlərini idarə edə bilər?

- Mərahim Fərzəlibəyov bizdə baş rejissor olub. Onların hərəsi uzun müddət bu sahədə işləyən, teatrı bilən rejissorlardı. Hər biri ola bilər.

 - Şəxsən sizə onlardan hansı ilə işləmək daha rahatdır?

- Məsələn, Azərpaşa Nemətovla yaxın dostuq. Amma heç vaxt onunla işləməmişəm. Bu o demək deyil ki, Azərpaşa yaxşı rejissor deyil. Mən istedadlı insanam, istedadlı aktrisayam. Hələlik yaşımın o dövrü deyil ki,  teatra lazım olmayan formada, yaşda olam. Teatrın mənim kimi aktrisaya ehtiyacı var (gülür).

- Teatrda hər zaman nəsillərin mübarizəsi gedir. Məsələn bir zamanlar deyirdilər ki, “Amalya Pənahova gənc aktrisaların qarşısını kəsir”. İndi də sizin yetərincə təcrübəniz var. Belə hal varmı?

- Heç elə bir şey yoxdur. Mən teatra gələndə Amalya xanım teatrın priması idi. İndi də çox böyük aktrisadır və biz belə də qəbul eləməliyik. Eyni tamaşalarda da oynamışıq, müxtəlif tamaşalarda da.

- Məsələn Xudşudbanı Natəvan rolunu uzun müddət Amalya xanım oynadı...

- Elədir. 23 il keçəndən sonra İlyas Əfəndiyevin 90 illik yubileyinə mən oynadım. Burada belə bir düşmənçilik də olmadı. 1996-2010-cu illərdə oynadığım tamaşanı indi başqası oynayır.

- Kim?

- “Hökmdar və qızı”nda Ağabəyim ağanı Məsmə Aslanqızı oynayır. Mərahim Fərzəlibəyov tamaşanı dekorasiya və aktyor baxımından təzələdi. Çoxları dünyadan köçmüşdülər. Burda mən tərəfdən Məsməyə heç bir təzyiq olmadı. Hökumə Qurbanova var idi, sonra Amalya xanımgilin nəsli, sonra biz gəldik. Ardımızca Vəfa Zeynalova, Məsmə Aslanqızı… İndi lap yeni gənclər də gəlib ki, 3 tələbəm də onların arasındadır.

- Məleykə Əsədova da sizin yaş nəsli sayılır?

- (əsəbi şəkildə) Bilmirəm, onu siz bilərsiniz. Baxın internetə. Mən onun yaşını ölçən deyiləm. Nəsə hamı onu məndən soruşur ki, “ay sizin ona münasibətiniz necədir”.

- Mən münasibətinizi soruşmadım.

- Münasibətim yaxşıdır, normaldır. Nə düşmənçiliyim ola bilər ki? Bəzən jurnalistlər qaşınmayan yerdən qan çıxartmağa çalışırlar. Ola bilsin arada paxıllıq olur, don geyindirib rəqabət adlandırırlar. Arada kimsə kiminsə dalınca danışır. Amma sizin inandırım ki, heç kimə qarşı nifrətim yoxdur. Razıyam ki, aktyorlar arasında döyüşlərimiz də olur, vuruşlarımız da, bir-birimizə acı sözlər də deyirik. Kiməsə salam verməyə bilərəm. Amma böyük düşmənçillik yoxdur. Çünki teatrda heç kəs heç kəsin yerini tutmur. Amalya xanım da heç vaxt bizim yolumuzu kəsməyib.

İntiqam Valehoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!