Modern.az

Göz yaşı içində kitab - Zindan xatirələri - Rəy

Göz yaşı içində kitab - Zindan xatirələri - Rəy

8 İyun 2013, 15:36


Modern.az
ədəbi tənqid silsiləsindən ikinci  yazısını təqdim edir. Bu dəfə gənc yazar Fərid Hüseynin zindan xatirələrindən bəhs edən “Qandalı görməsin“ kitabından danışılacaq.

Çox yox, cəmi bir damla göz yaşının içindən çıxarıblar bu kitabı... Gərək mağazaya girəndə satıcıya deyəydim ki, mənə bir damla göz yaşının içindən çıxan kitabı ver. Amma demədim. Əvəzində dedim ki, mənə Fərid Hüseynin “Qandalı görməsin” kitabını ver...
 
Nə isə, “göz yaşı məhlul”unu, yəni, bu kitabı artıq 2 dəfə oxumuşam. Yox, siz deyən də nə çox vaxtı olan biri, nə də mütaliə fanatikiyəm. Sadəcə iki dəfə oxudum ki, mən də o damlanın içinə daxil ola bilim. Beləcə başlayaq, həmin o göz yaşının qapılarını açıram və sizləri ora dəvət edirəm. Zəhmət olmasa içəri keçin.

“Göz yaşı” hücrəsi...

Qapıları açdım artıq. Bu göz yaşı dörd ayın içində həyatın məşəqqəti ilə üzləşən Fərid Hüseynin ürəyində böyüyüb, formalaşıb. Amma ağrısı, yanğısı indi də qalır. Təbriz zindanına düşdüyü ilk gündən, ta azad olunduğu dəqiqəyədək Fəridin bütün yaşantıları, qarşılaşdığı dəhşətli məqamlar, acı səhnələr, faciəli insan taleləri hamısı yığışaraq bir damla göz yaşını yaradıblar. Kitabı da müəllif anasının göz yaşlarına ithaf edib. Düzgün qərardır. Çünki həmin məqamda Fərid üçün bu acı və “kitab müəllifi” olan göz yaşından daha dəhşətli anasının göz yaşları idi...

Zindanda “süni soba”

Təbriz elə bir yerdir ki, oranın küçələri insana həsrət yedirər. Oranın zindanı isə dəhşət qəsridir. Ora ümumi görünüşü və mahiyyəti ilə bədbəxtliyin palitrasıdır. Hər adam da bu rənglər dünyasına öz rəngini qatır. Bura hərə bir rəngdə bədbəxtlik gətirib. Nəticədə isə Təbriz zindanının müdhiş palitrası yaradıcı gəncin bütün xəyal dünyasını var gücü ilə bir rəngə - qaraya bürüyüb. Fərid həm də bağlanmış pəncərənin elegiyasını əks etdirir. Burada insan öz pəncərələrini hər kəsə, hamıya bağlayır. Bədbəxtlər öz içlərində “üşüyürlər”. İnsan qışı, həbsxana qışı onları üşüdür və ən pisi də odur ki, isitməyə heç nə yoxdu. Çox kiçik arzular onlara “süni soba” rolunu oynayır. Müəllifin ustalığı bu “süni soba”nı, eləcə də onun “süni yanacağ”ını mükəmməl şəkildə əks etdirməsidir. Bu simvolik “süni soba” insan acizliyini, alçaldılmış insan taleyini ifadə edən vasitədir. O kimlərin daxilində yanır (guya yanır)? Həbsxanadan çıxacağı təqdirdə bara gedib əylənmək istəyənin, gecələrini cəhənnəm içində keçirən, fiziki tələbata - qadına möhtac olan və bu istək səbəbindən səhərədək qıvrılanların, edam cəzasına məhkum olsalar da da ən son anda belə nəyəsə ümid edənlərin içində yanır. Və nə qədər çox yanırsa həmin adamı bir o qədər də acizləşdirir, bədbəxtləşdirir.

Ümidsizlikdən boğuluram, mənə saman çöpü at”...

Ora həm də ümidsizlikdən boğulanlara saman çöpü atılan yerdi...
Fəridin bu kitabı da göz yaşının məhsulu olmaqla bərabər, bir növ həmin saman çöpü, eləcə də o çöpdən yapışmaq üçün bir-birini itələyən, sonda isə əlləri havada qalan insanların faciələri barədədir. 
Bəlkə də belə deyil. Bu kitab o dünyadakı cəhənnəmin bu dünyadakı kiçik reklam çarxı olan zindanda həmin çöpdən belə, uzaq olan dəqiqələrin və o dəqiqələrin öldürücü gücü barədədir.

Dustaqxanada “dustaqxana”

Müəllif dustaqxanada olarkən ora və ordakılara öz dustaqxanasından baxıb. Özünə həm öz, həm də Təbriz dustaqxanasından baxır. O, Təbriz dustaqxanasında günahsız və müvəqqəti saxlanılan gəncdir. Amma öz dustaqxanasından özünə baxanda isə gəncliyinin, həyatının və ən əsası anası Tahirə xanımın ruhunun müəyyən qədər də olsa qatilidir. Təbriz dustaqxanasından da çox ona dörd ay ərzində bu ruhi dustaqxana daha çox əzab verir. Təbriz dustaqxanasında müstəntiq bir müddət sorğu-sual aparsa da, o dustaqxanada Fərid öz-özünü 24 saat ittiham edir. Özü də bilir ki, günahsızdı, amma əlahəzrət Sözün və bir neçə cüt kədərli gözün qarşısında özünü suçlu hiss edir. 

Epizodlar, yaxud hərə bir rəngdə bədbəxt...

“Qandalı görməsin” adlı zindan xatirələri təkcə bir şəxsin yaşantıları ilə məhdudlaşmır. Burada həmçinin bəşəri ideyalar, fərqli insanlıq lövhələri Fəridin düşüncəsindən keçərək bizlərə çatdırılır. Gördükləri, yaşadıqları əvvəlcə müəllifin daxili aləminə yüklənib. Daha sonra onun yaradıcı süzgəcindən keçərək kitabı vərəqləyən hər kəs üçün təsirli, lazımlı materiala çevrilib. Fərid gözünün qarşısındakı xatirələri vərəqlədikcə o xatirələrin mahiyyətində yatan və bütün insanları bir-birinə bağlayan ortaq dərdləri, faciələri təsvir edir. Dörd ay içində yaşananlar təkcə müəllifin kədəri deyil, bu yaşantılar bütün insanlığın və insanların tarixi faciəsidir. İosif Brodskinin “Yazıçı həbsxanada”, F. Dostoyevskinin “Ölü evdən qeydlər”, Lev Tolstoyun “Dirilmə”, Jan-Pol Sartrın “Divar”, Leonid Andreyevin “Yeddi məhbusun hekayəsi” və digər əsərlərdən, eləcə də Marina Svyateyevanın şeirlərindən, Tarık Akının zindan xatirələrindən sitatlar gətirməsi onun yaşantılarına bəşərilik elementini əlavə edir. Fərid, bəzi yazarlar kimi intellektini nümayiş etdirmək naminə bu əsərlərdən bəhs etmir. O, məhz, öz fikrini təsdiqlətmək, insanları bir-birinə birləşdirən faciələrin mahiyyətini daha dərindən açmaq üçün bu üsula əl atır. Məsələn, J. P. Sartrın “Divar” hekayəsində qəhrəman bilir ki, sabah onu ölümə aparacaqlar, ölüm haqqında düşünmək istəyir, amma düşünmür. Çünki sonuncu dəfə yatan bu insan yuxusunu qarışdırmaq istəmir. Təkcə bu nümunə zindanda edam cəzasına məhkum olunmuş insanların faciəli aqibətini çox gözəl əks etdirir. Burada müxtəlif insan portretləri bədbəxtlik anlamını müxtəlif insana cür çatdırır. Burada həbsxananın “gözü” olan gey Rza Əzimzadə, buqələmun kimi şəraitə uyğun dəyişən Hafiz, edam cəzasına məhkum olunmuş, xilasının bir addımlığında taleyin gərdişi ilə ondan məhrum olmuş Sabir, öz dünyasına qapılan və bu dünyanı Allahın nurunun bir damlasına çevirmək istəyən Əmin Bəxtiyari və s. Bunların hərəsi bir rəngdə bədbəxtdir. Bədbəxtlik isə bəşəri anlayışdır. Fərid bu anlayışa gah Marinanın dili ilə (“mənim əvvəldən axıra it quyruğuna düyünlənmiş ömrüm”), gah Tolstoy, gah da Andreyev və Dostoyevskinin qəhrəmanlarının dili ilə açıqlama gətirir. Fəridin daxili yaşantıları ilə bu nümunələr çox gözəl sintez olunur və lazımı ideyaları insanlara çatdırır. “Fərid süzgəcindən” keçmiş xatirələr “Qandalı görməsin” kitabı şəklində istənilən oxucuya insanlıq və azad yaşam duyğularını sevdirməyə qadirdir. 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər