Modern.az

Eldar Həsənov Azərbaycan Respublikasının həm də Serbiyadakı səfiri oldu

Eldar Həsənov Azərbaycan Respublikasının həm də Serbiyadakı səfiri oldu

Ölkə

31 Mart 2010, 16:43

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov öz etimadnaməsini Serbiya prezidenti Boris Tadiçə təqdim edib. Bu barədə Azərbaycan Respublikasının Rumınıyadakı səfirliyindən Modern.az-a məlumat verilib. Qeyd edək ki, E.Həsənov

Azərbaycan Respublikasının həm də Rumınıyadakı səfiridir.

Belqraddakı təqdimat mərasimindən sonra E.Həsənovun B.Tadiçlə təkbətək görüşü keçirilib. Görüşün əvvəlində B.Tadiç Azərbaycan Respublikasının Serbiyada Səfirliyinin açılması və fəaliyyətə başlaması, eyni zamanda E.Həsənovu yeni təyinatı ilə bağlı təbrik edərək, ilk növbədə, səmimi salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Yaxın zamanda Azərbaycana səfər edəcəyini xatırladan B.Tadiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Serbiyaya səfərindən çox məmnun olacağını bildirib. Həmçinin səfər zamanı Serbiya və Azərbaycan münasibətlərini tənzimləyən bir neçə müqavilə və sazişlərin imzalanacağını qeyd edib.

B.Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib. Görüşdə həmçinin Serbiya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinə toxunan B.Tadiç, bu əlaqələrin dostluq və əməkdaşlıq münasibətlərinin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin üzərinə mühüm vəzifələr  düşdüyünü və məsələ ilə bağlı Serbiyanın bir sıra dövlət qurumlarına artıq müvafiq göstərişlər verdiyini bildirib. Ölkəmizin mühüm geostrateji  əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən B.Tadiç Azərbaycanın xarici siyasətdə və enerji sahəsində tarazlaşdırılmış siyasət yeritdiyini və Serbiyanın bu sahədə də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

E.Həsənovun eyni zamanda Azərbaycanın Rumıniyadakı səfiri olduğunu nəzərə alaraq, Azərbaycanın Rumıniya ilə strateji tərəfdaşlıq münasibətləri və sıx iqtisadi əlaqələr qurması barədə məlumatlı olduğunu bildirən B.Tadıç, Rumıniya ilə Serbiya arasında strateji əməkdaşlıq münasibətləri və infrastrukturların mövcud olduğunu söyləyib.

B.Tadiç Serbiyanın Azərbaycanla siyasi münasibətləri və iqtisadi əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu və E.Həsənova Serbiya Parlamentinin sədri, xarici işlər naziri, iqtisadiyyat naziri, enerji naziri və prezidentin iqtisadiyyat məsələləri üzrə müşaviri ilə görüşlər keçirməyi, ikitərəfli münasibətlərin inkişafına təkan vermək üçün onun daha çox Serbiyada olmasını xahiş edib.

E.Həsənov öz növbəsində B.Tadiçə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırdıqdan sonra ölkəmizdəki siyasi, iqtisadi, sosial vəziyyət, aparılan demokratik islahatlar barədə məlumat verib.

Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə toxunaraq  1 milyondan çox  qaçqın və məcburi köçkünün olduğunu qeyd edib. O, deyib ki, işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin tələbləri Ermənistan  tərəfindən hələ də yerinə yetirilmir. E.Həsənov Serbiya prezidentinə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Madrid prinsipləri, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verib. Görüşün sonunda E.Həsənov B.Tadiçin cari ilin may ayında Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərin bütün sahələrinin inkişaf etməsi üçün mühüm zəmin yaradacağını vurğulayıb.

E.Həsənov həmçinin iqamətgahları Serbiya ilə qonşu ölkələrdə yerləşən və Serbiyaya yeni təyin olunmuş səfirlər üçün təşkil edilmiş konfransda çıxış edib. O, Azərbaycan rəhbərliyinin Serbiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini  vurğulayıb. Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Azərbaycan Mədəniyyət Mərkəzinin təsisi barədə qərar qəbul edilib.

Qeyd edək ki, bu il mayın 28-də Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi