Modern.az

Son 5 ildə 15 tərtərli dinc sakin minaya düşərək həlak olub

Son 5 ildə 15 tərtərli dinc sakin minaya düşərək həlak olub

Qarabağ

31 Mart 2010, 18:36

 

Tərtər rayonunda ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)  həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması” layihəsi çərçivəsində inşa olunan Tərtər Regional Peşə Təlimi Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, layihənin rəhbəri Umud Rəhimoğlu bildirib ki, təlim mərkəzini yaratmaqda məqsəd müharibədən zərər çəkən insanları və onların ailə üzvlərini, mina qurbanları və təqaüdə çıxmış minaaxtaranları, aztəminatlı ailələri, qaçqınları və məcburi köçkünləri yeni iş yerləri ilə  təmin etməkdən, PTM məzunlarına gəlir əldə etmək üçün dayanıqlı vasitələri yaratmaqda yardımçı olmaqdan, onları cəmiyyətin bütün sahələrinə və inkişaf proseslərinə cəlb etməkdən ibarətdir. Tərtər Regional Peşə Təlimi Mərkəzində təlimlərə cəlb olunacaq 64 nəfər ilkin mərhələdə 4 istiqamətdə - xalçaçılıq, reklam-dizayn və mənzil-dekorasiya, çörəkbişirmə və tingçilik peşələrinə yiyələnəcəklər və təlimlər başa çatdıqdan sonra BAMF onların işlə təmin olunmasına dəstək verəcək. Mərkəzdə 3 təlimçi, 1 beynəlxalq məsləhətçi, 2 menecer fəaliyyət göstərəcək. Digər tərəfdən, peşələrə yiyələnmiş müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlər sahibkarlıq fəaliyyətinə başlamaq üçün BAMF-ın təsisçiliyi ilə yaradılan “Avrasiya-Kredit” MMC-nin güzəştli kreditlərindən də yararlana biləcəklər.

 

ABŞ Dövlət Departamentinin açılışa qatılan nümayəndəsi xanım Katerin Beyker çıxış edərək, bundan  əvvəl də təmsil etdiyi qurumun Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə BAMF tərəfindən bir neçə layihə həyata keçirdiyini deyib. K.Beyker ABŞ Dövlət Departamentinin belə layihələri maliyyələşdirməkdə əsas məqsədinin müharibədən və minadan zərərçəkən insanlara kömək etmək olduğunu deyib. O, layihə çərçivəsində 3 mərtəbəli  təlim mərkəzinin  inşa edilməsindən məmnun qaldığını bildirib və gələcək fəaliyyətində layihənin rəhbərinə, işçi heyətinə uğurlar diləyib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqşin Əliyev BAMF-ın fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, təşkilatın Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Regional Peşə Təlimi Mərkəzinin yaradılmasına maliyyə dəstəyi verən Dövlət Departamentinin nümayəndəsinə və bu işdə zəhməti olan hər kəsə minnətdarlığını bildirib. V.İsayev Tərtər rayonu haqqında danışarkən deyib: “Cəbhə bölgəsi olan Tərtərin erməni təcavüzündən müdafiəsi zamanı 307 nəfər şəhid, 241 nəfər əlil olmuşdur. Tərtərdə 250 nəfər minadan zərərçəkən var. Son 5 ildə 15 nəfər tərtərli dinc sakin minaya düşərək həlak olub”. Sonra binanı açılışını bildirən qırmızı lent kəsilib. Amerikalı qonaqlara kiçik ölçülü xalça hədiyyə verilib.

 

Tədbirdə 4 aprel Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Tərtər rayonunda yaşayan mina qurbanlarına yardım paylanıb.

 

Qeyd edək ki, sonda K.Beyker tərəfindən Umud Rəhimoğluna ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvlük nişanı-xüsusi sikkə təqdim edilib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı