Modern.az

Şərif Ağayar, şair bilirsən nə vaxt ölür?

Şərif Ağayar, şair bilirsən nə vaxt ölür?

Ədəbi̇yyat

11 İyun 2013, 18:47

Mahir Qabiloğlu


Bu suala ilk cavabım heç kimə sirr deyil. Xəstələnir, qocalır, ya sağlam şəkildə yatır, səhər durmur. Ölür. Bu xəbər tez yayılır. Əgər şair xalq şairidirsə, bu ölüm bir az da ictimai rezonansa səbəb olur. Xüsusi vida mərasimi, fəxri qarovulun təşkili, əklillər, prezident və dövlət, hökumət nümayəndələrinin, bütün xalq yazıçısı və şairlərinin imzaladığı, birinci və ya ikinci Fəxri xiyabanda basdırılmaq haqqında qeydin, vida mərasiminin yerinin və vaxtının müəyyən edildiyi və “Xalq qəzeti”ndə çap olunan nekroloq. Göz yaşları, ürək sözləri, gül dəstələri. Vəssalam.


Fikrət Qoca xalq şairidir. Amma, yuxarıda qeyd etdiklərimi (iraq olsun) eşitməmişəm.  


Şərif Ağayar, deməli Fikrət Qoca sağ-salamatdır.
 


1959-cu ildə  “Tülkü həccə gedir” kimi klassik əsərlərin müəllifi Abdulla Şaiq 78 yaşında rəhmətə gedir. Çox böyük hörmətlə yerdən götürürlər. Cənazəni küçəylə aparanda insan axınını görən  bir köhnə bakılı yanaşır atam Qabilə:

-   Rəhmətlik kim olub?

-    Abdulla Şaiq. Böyük yazıçımız.

-  Hə? Doğurdan?  Mən isə elə bilirdim ki, o  çoxdan ölüb.


Şərif Ağayar, əgər Siz yada salıb, onun haqqında bir-iki cümlə “xoş söz” demisinizsə, deməli Fikrət Qoca yaddan çıxmayıb.


Şərif Ağayar, şair sağ ikən yaddan çıxanda ölür.
 


Mən uşaqlıqdan yazıçı və şairlərin arasında böyümüşəm. Hamısı yadımdadır. Yadımda yox, yaddaşıma həkk olunub. Bəzilərini oxumasam da belə, həyatlarından nə qədər istəyirsən unudulmaz canlı kadrlarım var. İndi qarşıma bir məqsəd qoymuşam. Atamı yaşadım. Çünki bu dövrdə heç kim heç kimin kitabını oxumur. Gənc şairlər və yazıçılardan bir qismi atamı prezidentin ona bağışladığı evlə yadda saxlayırdılar. Deyəsən mənimlə şəxsən tanış olandan sonra bu tendensiyaya da (deyə bilmərəm mənfi və ya müsbət, öz fikirləridir - mən də hörmətlə yanaşmalıyam) son qoyuldu. Ara-sıra atam haqqında xatirələr yazanda onun şair və yazıçı dostlarını da yada salıram. Amma... hanı Əhməd Cəmil, Osman Sarıvəlli,  Həsən Seyidbəyli, İmran Qasımov, Zeynal Xəlil, Əliağa Kürçaylı, Salam Qədirzadə, Bayram Bayramov, Hüseyn Abbaszadə, Balasadıq. Siyahını uzatmaq olar. Unudulublar.


Şərif Ağayar, şair unudulanda ölür.


Modern.az saytında qəribə bir məlumat oxudum. 2005-ci ildən bu yana bir nəfər də xalq şairi adına layiq görülməyib. Səhv etmirəmsə atamdan sonra – 2006-cı ildən bəri ən yüksək “İstiqlal” ordeninə də heç kim layiq görülməyib.  Modern.az saytının yazdığına istinad etsəm, “Xalq şairi” fəxri adına layiq olanlar var. Etiraz da etmirəm, mübahisə də. Bir söz demək istəyirəm.


Şərif Ağayar, şair qiymətləndirilməyəndə ölür.


Şərif müəllim, Yazıçılar Birliyinin rəhbərliyini son 6 ayda bir neçə dəfə “qamçılamışam”. Atamın dilindən yazdığım “O dünyadan məktublar” silsiləsində. Onlar tərəfdən (konkret  Anar, Fikrət Qoca, Çingiz Abdullayev və Elçin) bir dəfə də ünvanıma kobud cavab nədir, səs də eşitməmişəm. Bəlkə də yazılarımdakı yumor güclü olub. Ya da dediklərimdə həqiqət var. Bəlkə də “Mahirdir də, öz uşağımızdır. Neyləyək... Qabilin yadigarıdır da. Qoy nə danışır danışsın” deyiblər? Bilmirəm. Amma onu bilirəm ki, təhqirə yol verməmişəm.  Onlardan bir abzasını diqqətinə çatdırmaq istərdim.
“Şair Qabilin o dünyadan birinci məktubu” adlı yazımda belə bir fikir var:


“Anara, Elçinə, Fikrət Qocaya, Çingiz Abdullayevə məndən salamlar. Qəbirüstü abidəmi ucaltmağa kömək etmədiklərinə görə incimirəm. Başlarına gələndə onsuz da başa düşəcəklər. Amma mən olsaydım, 4 nömrə Hökumət telefonunun yanından kənara çəkilməzdim. Onlara iki heykəli birdən qoydurardım. Birini Fəxri Xiyabanda, birini də doğulduqları rayonda”.


Şərif Ağayar, bu nə deməkdir? Sizcə ölüm arzulamaqdır? Amma bu sözü ilk olaraq mən, Fikrət Qocaya – “Fikrət əmi” müraciət edərək kabinetində şəxsən demişdim. Razılaşdı, kövrəldi. Əlimdən tutub dedi ki, gedək Anarın otağından hara lazımdır zəng edim. Amma xəbəri yox idi ki, artıq qəbirüstü abidə hazırdır. Mən ürəyimi boşaltmışdım. O da qəbul etmişdi. Əmi qardaşoğlu kimi. Amma yenə ürəyim soyumayıb “Şair Qabilin o dünyadan birinci məktubu” adlı yazını çapa vermişdim.


İndi Siz də, Şərif müəllim, dediyinizi şəxsən desəydiniz, ürəyiniz dözməyib üstəlik  bunu şair kimi həcvlə ictimailəşdirsəydiniz Fikrət Qoca bunu  qəbul edərdi.


Şərif Ağayar, şair ürəyini boşaltmayanda ölür.


«Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb”. Şərif müəllim, icazə verin Sizin bu yazınızdakı ölüb sözünə xırda bir durğu işarəsi – dırnaqcıq əlavə edim:  “Mən elə bilirdim ki, o çoxdan “ölüb””.


Şeirləriylə oxucuların görüşünə getməyən, yaradıcılıq gecələri keçirməyən, televiziya ekranlarında görünməyən, köhnələriylə gündəmdə qalmaq istəyən şairə, yazıçıya məcazi mənada ölüb demək olar - dırnaqcıqda. Bu şair Şərif Ağayarın şair Fikrət Qoca haqqında subyektiv şair sözü kimi qəbul edilə bilərdi. Düz deyərdiniz, yalan deyərdiniz? Bu  başqa söhbətin mövzusudur.


Şərif Ağayar, şair oxucularının yadına düşməyəndə ölür!


Şərif müəllim, Yazıçılar Birliyində bir tendensiya artıq köhnəlib. Mənzillər Yazıçılar Birliyinə yox, yazıçıya verilməlidir. Özü də nəyinə görə verilməlidir? Əsas sual budur.  O ki qaldı Sizin sitata - “Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, “sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi”. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir”  fikrinizə….


Fikrət müəllim məncə bunu düz etməyib. Mənzilə Fikrət Qoca özü layiqdir. Əsərləriylə, Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətləriylə, adı-sanı, vəzifəsiylə. Mənzili özü almalıydı, sonra kimə bağışlamaq şəxsi işidir.


Fikrət əmi, Qabil o dünyaya heç nə aparmadı. Mənzili mənə, nəvələrinə qaldı. Adı amma üstündədir.


Şərif Ağayar, maddiyyat mənəviyyatı üstələyəndə şair ölür!


Yenə Sizdən sitat: “Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı, pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın».
Şərif müəllim, fikrinizə hörmətlə yanaşıram. Amma burda deyəsən ünvanı səhv salıbsınız. O ki qaldı “tövbə”yə? Nədənsə atamın “Nəsimi” poemasından bu misralar yadıma düşdü:


Oğurluq edənlər tövbə eliyər,
Səhv yola gedənlər tövbə eliyər,
Yaxşıya “pis” deyən tövbə eliyər,
Qızıla mis deyən tövbə eliyər.
Quru böhtançılar tövbə eliyər,
Qara yalançılar tövbə eliyər,
Namusu satanlar tövbə eliyər,
Südə su qatanlar tövbə eliyər.
Yetimə dil verən tövbə eliyər…
Bəs mənim tövbəmin nə olsun adı,
Hansı xəta çıxıb əlimdən, deyin?


Yazıçılar Birliyinin iki üzvünün, iki şairin bu didişməsi məni çox da  heyrətləndirmədi. Çünki ilk deyil. Başqalarının “yazıçılar aləmi şou biznesə dönüb” fikirlərinə mən də qoşuluram. Belə getsə, ərindən boşananlar şou-biznesə yox, Yazıçılar Birliyinə üzv olmağa can atacaqlar.


Şərif müəllim, Sizin üzvlükdən çıxarılmağınızı düzgün addım saymıram. Sizin şair Fikrət Qoca haqqında dediklərinizi də şair sözü saymıram.


Amma bir neçə məqam və  təəssüf hissi məni bu yazını yazmağa vadar etdi.  Birincisi təqaüdü başına vururlar. Düz etmirlər. Bu təqaüd Yazıçılar Birliyinin yox, dövlətimizin ayırdığı təqaüddür. Necə deyərlər xaricə satılan neftimizdən bir damcı da sənin boğazına düşüb. Yəni ki, təqaüd almısan. Yəqin yazına-pozuna, istedadına görə.


O ki qaldı sənin haqqında ”içki düşkünü” fikrinə, Mədəniyyət və Turizm Nazirliyindən işdən çıxarılmağına? Mey əhli, gözəllik vurğunu, yeyib-içən adamdan əsl şair olar. Əgər buna görə səni işdən çıxarıblarsa, fəxr elə. Mənəvi və fiziki impotentlərdən cəmiyyət də, arvadları da bezardır.


Amma bir təəssüf hissi məni boğur. Şərif Ağayar, 37 yaşınız var. Birliyin bel sütunu olan orta yazıçı nəslinin nümayəndəsi idiniz. Cavansınız. Mən bilmirdim ki, həmkarlarınız arasından Sizi bu qədər  istəyən varmış. Onlar Sizə görə Yazıçılar Birliyindən protest verib çıxdılar. Gözəl birlikdaxili qruplaşma yarada bilərdiniz. Necə ki, Yazıçılar İttifaqının tarixində heca vəznində, sərbəst vəzndə yazanlar, qazaxlılar, “60-cılar” kimi qruplar olub. Vuruşublar, əlbəyaxaya da çıxıblar, bir-birlərini, özlərindən əvvəlkiləri inkar da ediblər. Amma bütün bunlar ədəbiyyatımızın daha da inkişafına xidmət edib. Heyf bugünəcən çəkdiyiniz zəhmətdən. Ədəbiyyatımızın “60-cılar” nəslinin payız vaxtında… yarpaq tökümünün başlanğıcında…

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır