Modern.az

Sənətçilərimizin Rusiya və Türkiyə şou-biznesinə qatılmaq üçün xərclədiyi pullar - ARAŞDIRMA

Sənətçilərimizin Rusiya və Türkiyə şou-biznesinə qatılmaq üçün xərclədiyi pullar - ARAŞDIRMA

12 İyun 2013, 10:32


Azərbaycandakı bəzi müğənnilərdə bir xəstəlik var - şöhrətpərəstlik. Belə sənətçilərin maddi imkanı artan kimi ya Türkiyədə ya da Rusiyada, bəzi hallarda isə Gürcüstanda bir mahnı yazdırır, ardınca da həmin mahnıya ortabab klip çəkilir. Təbii ki, yerli rejissor tərəfindən.

Bu, məsələni görünən tərəfi. Bəs görünməyən tərəflərdə nələr var? Niyə yerli sənətçilərimiz xarici şou-biznesdə uğur qazana bilmirlər?

Bəlkə bunun üçün xərclənən pulların miqdarı yetərli deyil yaxud başqa bir səbəb var?

Modern.az sözügedən məsələni araşdırıb.

Xalq artisti Mübariz Tağıyevin fikrincə, ilk baxışda hər şey qaydasındadır. Yəni “Eurovison” kimi ünlü yarışmada qələbə və sair. Sənətkarın özü demişkən, intəhası nəsə çatışmır. Amma getdikcə görürsən ki, çatışmayan nələrdir:

““Eurovision”da qalibiyyətlərimiz var. Amma oradan uzaqlaşdıqca görürsən ki, heç nəyimiz yoxdur. Lazım olan məqamda kimisə müsabiqəyə göndərməklə bu aləm bəzənmir. Altmışıncı illəri vərəqləsək, görərik ki, estrada musiqisində canlanma çox güclü olub. Təkcə Bakıda altı rok qrup fəaliyyət göstərib. Emin Sabitoğlu, Fikrət Qoca kimi insanlar münsiflər heyətində oturublar. Amma illərdir bizim pop musiqi aləmimizdə müəyyən boşluqlar var. Bunun səbəblərindən biri canlı səsdən uzaqlaşmağımızdır. Tədbirlərin əksəriyyəti fonoqramla keçir. Tamaşaçı da cilalanmış təmizlənmiş səsə alışıb. Rusiyada, Türkiyədə, Gürcüstanda, belə deyil. Rusiyada əksər konsertlər canlı keçirilir. İkinci səbəb odur ki, bizdə o səviyyə yoxdur. Bizdə müğənnilər var, amma bunlar səhnədə bişməlidirlər. Bizim biznesimiz toy biznesidir. Səhnə və toy başqadır”.

Bəs ən azı Rusiya və Türkiyə səhnəsində uğur qazanmaq üçün hansı vəsait tələb olunur? Sənətkar deyir ki, istəyirsən 10 milyon ya da 20 milyon manatlıq avadanlıq olsun, işin axırı gəlib ona çıxacaq ki, səhnədə olan müğənni tamaşaçını ələ ala bilməli, təmasa girməyi bacarmalıdır:

“Prodüserlər, menecerlər bu işin içində olmalıdırlar. Çox yaxşı oxumaq şərt deyil. Səhnə davranışı da şərtdir”.

Mübariz Tağıyevə görə, yaxşı sənətçini geniş publikaya təqdim edərkən, onun yaşına da diqqət eləmək lazımdır:

“Biz hər şeyi pulla ölçməyək. Mən demirəm ki, sənətçi səhnədə oynasın. Amma xoreoqraflar müğənninin üzərində işləməlidirilər, onun rəqqaslarla təması olmalıdır. Bu çox əziyyətli bir işdir. Siz Fərid Məmmədovun “Eurovision”dakı çıxışına və verilən quruluşa baxın. Fərid səhnədə oynamadı ki. Ancaq çox gözəl effekt var idi”.

Sənətkar deyir ki, hazırda Gürcüstanda 12 rok qrupu, 30 peşəkar müğənni var ki, bunlara azacıq əl gəzdirib dünya çapına çıxarmaq olar:

“SSRİ-ni caz aləmində tanıdan bizim cazmenlər olublar. Hər gün Vaqif Mustafazadə və Rafiq Babayevin adını çəkməklə iş bitmir axı. Onların yerinə gələn insanlar olmalıdır. Yetərincə yaxşı musiqiçilər var. Onların arxasında dayanmaq lazımdır. Burda səhnədən qazanmaq absurd bir işdir. Səsyazma çox bərbadır. Hamısı həvəskar səviyyədədir. Bütün bunlar zəncirvari problemlərdir. Ona görə də yekunda ölkədən kənara çıxmaq olmur”.

Bir vaxtlar “Eldar” adı ilə Rusiya şou-biznesinə qoşulmağa cəhd edən müğənni Nadir Qafarzadə isə hesab edir ki, əsas puldur. Ondan sonra isə özünəməxsusluq:

“Rusiya və Türkiyə kimi ölkələrdə yenilik axtarırlar - yeni səs, yeni sima, yeni imic və hərəkət. Təkrarlanmayan müğənni istəyirlər. Mən Rusiya şou-biznesinə qoşulanda 2006-cı il idi. Boyum, görkəmim və istedadım buna imkan verirdi. Sadəcə pul söhbəti var idi. Məni bizim həmyerlimiz olan İlqar adlı iş adamı maliyyələşdirirdi. O burda bir neçə nəfərə də sponsorluq eləmişdi. Onunla aramızı elə vurdular, xəbərim olmadı. Son dəfə Yalta festivalına gedib qayıtdım və İlqar müəllimin üzünü görmədim. Amma biz avqustun 30-da Filip Kirkorovun prodakşnı ilə müqavilə bağlamalıydıq. 200 min avro ödəyib bir il ərzində onun məhsulu olan ifaçı Anastasiya ilə duetlər etməliydik. İndi həmin müğənni Rusiyada ulduzdur və Kirkorovun məhsuludur. Qadan alım, ağacı içindən qurd yeyər. Mənə də burdan badalaq vurdular. Bakıda mahnılarımın təqdimatı və “Blestyaşie” qrup ilə konsertim oldu. Bütün bunlar müqavilə çərçivəsində idi”.

Nadir Qafarzadənin dediyinə görə, həmin vaxt ona xərclənən maliyyənin məbləğindən xəbərsiz imiş. Amma bildiyi odur ki, təxminən 200-300 min avro pul xərclənibmiş:

“İndi həmin pulla Rusiyada ulduz olmaq mümkün deyil. Bütün işlər yarımçıq qaldı. Yenidən 2011-ci ildə özüm cəhd elədim. Klip çəkdirib Rusiyanın bir neçə telekanalına təqdim elədim. Həmin işə də 80 min avro pul xərclədim və ardı gəlmədi. Burda milyonlar lazımdır. Əgər ağılla çalışsan, 1 milyon da bəs edər. Buna illər lazımdır, insan bir gündə ulduz olmur. Böyük ölkələrdə tanınmaq üçün 1 klip yetərli deyil. Heç olmasa 2-3 il orda çalışmalısan, albomun çıxmalıdır ki, səni tanısınlar. Rusiya və Türkiyədə qiymətlər demək olar ki, eynidir”.

Sənətçi hesab edir ki, həmkarları üçün Türkiyə şou-biznesinə qatılmaq daha əlverişlidir:

“Çünki oxşarlıqlarımız çoxdur. Amma Türk şou-biznesində azərbaycanlıları qəbul etmirlər, paralarımızı yeyirlər. Ortada da heç nə yoxdur. Gedənlər də boşuna gedirlər. Sizə bir söz deyim ki, onlar bizə pul dağarcığı kimi baxırlar. Deyəndə ki, “biz Bakıdan gəlmişik”. Deyirlər ki, “oo sizdə para çok”. Yəni onlar bizim haqqımızda belə düşünürlər. Türkiyədə bir kliplə tanınmaq istəyi çox gülüncdür. Çünki təkcə İstanbulda 20 milyon insan yaşayır. Heç Azərbaycanda bir kliplə tanınmaq olmur, nəinki Türkiyədə. Yenə də hər şey gəlir pulun üzərində dayanır. Mən istəməzdim ki o qədər pul xərcləyib Türkiyədə tanınım. Oranın müğənniləri bura pul qazanmağa gəlirlər. Türk müğənnilər ildə 2-3 dəfə gəlib yaxşı pul aparıb dolanırlar. Oranın şou-biznesində pul yoxdur. Onları da dolandıran bizik”.

Bu da nəticə. Deməli, yerli sənətçilərin Rusiya və Türkiyə şou biznesinə qatılmaq cəhdi şöhrətpərəstlikdən başqa bir şey deyil. Hər halda bir zamanlar buna cəhd etmiş birinin dediklərindən belə nəticəyə gəlmək olar. Bir halda ki, onların qazanc yeri buradır, bizimkilər niyə ora can atırlar? Ortada daha bir “əmma” var. Digərlərindən fərqlənmək. Necə ki, indi üç tanınmış sənətçimiz (Aygün Kazımova, Brilliant Dadaşova, Röya Ayxan) illərlə burda qazandıqlarını oralarda havaya sovururlar.

 İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı