Modern.az

Mühacirətdə yaşayan şairə - Türkan Urmulu - Cənub ədəbiyyatı

Mühacirətdə yaşayan şairə - Türkan Urmulu - Cənub ədəbiyyatı

Ədəbi̇yyat

12 İyun 2013, 12:08


Modern.az
elektron mediada ilk dəfə olaraq müasir Cənubi Azərbaycan ədəbiyyatının təqdimatı gerçəkləşdiri. Azərbaycan Yazıçılar Birliyinin Cənub ədəbiyyatı şöbəsi ilə birgə, ortaq layihə çərçivəsində oxucular cənublu yazarların yeni nəsli ilə tanış olmaq imkanı qazanır. O tayla bu tay arasında qarşılıqlı ədəbi körpü yaradacaq bu layihədə növbəti qonağımız güneyli şairə Türkan Urmuludur.

Türkan Urmulu 1985-cı ildə Azərbaycanın ən əski mədəniyyət ocaqlarının biri olan Urmuda anadan olub. 2005-ci ildə Urmuda “Yaz” nəşriyyatı tərəfindən “Gördüm” adlı ilk şeir kitabı nəşr edilib. Hüquq üzrə bakalavr təhsilini Urmuda tamamladıqdan Türkiyəyə gedib və Ankara Universitetində beynəlxalq özəl hüquq üzrə yüksək “master” səviyyəsinə yüksəlib.

2011-ci ildə “Özgə Toz” adlı ikinci şeir kitabı Bakıda “Qanun” nəşriyyatında nəşr edilib.

Türkan Urmulu hazırda şeir yazmaqla yanaşı, Türkiyədə Güney Azərbaycan ədəbiyyatı ilə bağlı dərgi üzərində də çalışır. Həm də ədəbiyyat əsərlərinin tərcüməsi ilə məşğuldur. 

Həyat yoldaşı Ramin Cabbarlı ilə birlikdə çevirdikləri əsərlər 2013-cü ildən etibarən Türkiyənin “Kayak” nəşriyyatı tərəfindən işıq üzü görməyə başlayıb.   Təxminən 20 cilddə çap olunacaq kitablar sırasına Səməd Behrənginin ədəbi və tənqidi əsərləri, Abdulla Şaiqin, uşaq ədəbiyyatına aid əsərlər və bir sıra başqa əsərlər daxildir. 

Türkan xanım həm də Türkiyədə yayımlanan “Ban” dərgisinin yazı işləri müdiridir. “Ban” çağdaş Güney Azərbaycan ədəbiyyatını Güneyin xaricində tanıtmaq məqsədi ilə fəaliyyət göstərir. Bu dərginin redaksiya heyətində Hadi Qaraçay, Ramin Cabbarlı və Toğrul Atabay şeir, məqalə və hekayə bölümlərinə cavabdeh şəxslərdir. 

Türkan xanım həm də Güney Azərbaycanda qadın məsələləri ilə bağlı fəaliyyət göstərməkdədir. 

Hazırda Türkan Urmulu həyat yoldaşı Ramin Cabbarlı ilə birlikdə Türkiyədə siyasi mühacir olaraq yaşayır.

Türkan Urmulunun bəzi şeirlərini sizlərə təqdim edirik:

1.

Nə bir kağaz imzaladıq birlikdə
nə bir ayə oxundu
o kutsal kitabın hökmlərindən
məhrəmiyyətimizə dair
şahidlərin məhzərində

adım yazılmadı

ərkəklik kimliyinin namus səhifələrində

bilirəm

ağıllı qadınam hə

sezirəm

görürəm

mən sənin heç bir zaman

heç bir kəsin olmadım

olmayacağımı da

çox yaxşı bilirəm!

yalnız

sevgimi?

sevdamı?

Tutduğum o çılğın şeyin adı?

Bilməyirəm ...

düşdü gözlərindən canıma

dəp dəli bir doluluq!

 deyirlər yanlış

sonu boşluq!

duymayıram ...

çünki həyatımın tək gərçək sözcüyü

sən!

Görən suçlasın məni

dışlasınlar

daşlasınlar

razıyam

axı səndən vaz keçmənin yollarını mən

nə bilirəm

nə də bilmək istəyirəm ...

2.

Soruşmayın

Səsszilikdir yanlız bu hikayənin adı

Məndən də çarəsizdir çünkü

əlindən siqarası düşməyən

o ucaboylu adamın

kədərli sevdası

soruşmayın

sonsuzluqdur yalnız bu hikayənin adı

məndən də çarəsizdir çünkü

gözlərinin hüznünə dalıb getdiyim

o çılğın

o yorğun

o sevda soylu adamın

sehirli sevdası

3.

Sevgi toxumunu üreyimə

 bir baxışınla əkdin

 sonrada getdin

 gəbə qaldı yalnız ürəyim

 bilmədin!

 yeriklədim dodaqlarına

 yeriklədim əllərinə

yeriklədim gülüşünə

 baxışına

 səsinə

yeriklədim

 yeriklədim

 yeriklədim

 gecələr boyu erkək qoxuna

nəfəsinə ...

 bilmədin!

 dəfələrcə qusdum

 bulandım

yoruldum

 gündən günə ağırlaşdım

 hərdən də bir yıxıldım

 amma qalxdım

çünkü söküb ata bilmədim ürəyimdən

 qıya bilmədim ona

 o ən məsum yasağıma!

 nəysə qərarlıyam mən

 toxunmayacayam ona

 qalsın dursun elə orda

 mənə haram olsa da

 onu doğammasam

 qucağıma alammasam da...

4.

Nə əsrinizin filosofunun

ən yeni kitabını sunun

mənim bu qorxunc yanlızlığıma!

Nədə rəngli qədəhlərlə şaqqıldayan

Təntənəli bir eyləncəyə çağırın

Yorulmuşam

Həm bütün dərin görünən anlamları anlamaqdan

Həm də anlamsızlıqlara anlam verməyə çalışan

Bom boş ışıltılardan

Özləmişəm yanlız

yenə şairliyim ön pilanda

Məni sevən varsa aranızda

Bir baxış gözlərindən günəş gətirin lütfən

Bir sətir də yağış 

Səsindən

Sözlərindən

Bir toxunuş da torpaq

əllərindən

Möhtəşəm yetər

Artıq yaşaram mən ...

5.

İnamlarımla dolu çantam hazır

Geymişəm

Yolların daşlarından, tikanlarından qorxmayan

 başmaqlarımı

Tut artıq əllərimi

Sevdaliyam

         Sevdaliyam ...

Gözlərindəki ışığa inandırdın məni

Mən səninlə

Yola çıxmağa

Qərarlıyam

         Qərarlıyam ...

 

Hazırladı : Elmin Nuri

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!