Modern.az

İdeal

İdeal

12 İyun 2013, 12:25

Qərənfil Xəlilova

Şəxsiyyətlər   millətin tarixində  onun kimliyini  müəyyən edən  zirvələrdir. Uzun illər əvvəl qardaşı Omar  bir qəzet məqaləsində  xalq yazıçısı  İsa Muğannanın haqqında belə demişdi: “Mənim qardaşım dahidir”.  Bu, ilk baxışdan doğma adamın dilində səslənən subyektiv fikir kimi görünsə də, zaman bunu təsdiq etdi. O vaxtlar hələ İsa Hüseynov çox  cavan idi. Amma lap gənc yaşlarından yazdığı əsərlər bədii dəyəri, fəlsəfi yükü ilə seçilirdi və sevilirdi. Əsərlərini acgözlüklə  oxuyurdular, bəyənirdilər, qızğın mümüzakirə edirdilər.. Çünki o, hamının  gördüyü, bildiyi həqiqətləri ustalıqla qələmə alırdı, inandırmağı  və ən başlıcası,  düşündürməyi bacarırdı.. 

İsa  Muğanna Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, daha sonra Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirəndən sonra “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" jurnalında  nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində  çalışıb. Çalışdıqca qələmi püxtələşib, özü kamilləşib. İsa Muğannanın kinossenariləri əsasında çəkilən “Nəsimi”,”Nizami”, “Tütək səsi”,”Ulduzlar sönmür”  bədii filmləri mədəniyyət xəzinəmizin nadir inciləri olaraq qalacaq.

1949-cu ildə “İnqilab və mədəniyyət” qəzetində çap edilən “Anadil oxuyan yerdə” ilk yazısından başlamış,”Bizim qızlar”, “Dan ulduzu”, “Yanar ürək”, “Doğma və yad adamlar”,”Saz”, “Tütək səsi”,”Məhşər” kimi əsərlinə qədər İsa müəllim  söz sənətinə ləyaqətlə xidmət etdi və ədəbiyyatımıza öz möhürünü vurmağa nail oldu. Günlərin bir günü  yazıçının  “İdeal”  əsəri ədəbiyyatımızda ildırım kimi çaxdı. O, özünü cəmiyyətə  İsa Hüseynov kimi yox, İsa Muğanna kimi təqdim etdi və əvvəlki soyadı kimi,  indiyəcən işıq üzü görən bəzi yazılarından da imtina etdi.   Sovet dövrünün ideallarına meydan oxuyan müəllif  onu gözü götürməyənlərin  hücumlarına sözünün, sənətinin, və istedada dəyər verənlərin  gücü ilə qalib gəldi və yolundan dönmədi. İsa müəllim ona   arxa,dayaq olan  xeyirxahlarını bu gün də minnətdarlıqla xatırlayır… Mehdi Hüseyn, Əli Vəliyev, Mirzə  İbrahimov…

 İsa Muğanna  ideal yazıçıdır.  Bunu heç kəs dana bilməz. Yazdığı hər  bir əsər canının-qanının bir parçası, əsrinin, müasirlərinin salnaməsi,  bəşəri dəyərlərin ifadəsidir. İsa müəllim  Cümrünün  iztirablarını, Qılınc Qurbanın amirliyini, Cəbrayılın  könül  çırpıntılarını, Nalənin ağrılı taleyini, Kollu Koxanın  hazırcavablığını oxucuya  çatdırmaq üçün canına qəsd edən,  obrazları ilə bərabər ağlayan, gülən, haldan-hala düşən, oxucuları bütün bunlara kökləməyi bacaran və ona görə də sevilən  nadir istedad sahibidir.  İsa Muğanna ömrünü ədəbiyyat yolunda söz-söz, sətir-sətir əridib, ürəyinin, gözünün etibarsızlığına baxmayaraq, bu gün də  yazmağından qalmır, çünki yazmaya bilmir.

O, ideal müşahidəçi, ideal yaddaş sahibi və olduqca maraqlı həmsöhbətdir. Yaşın və yaddaşın etibarsızlığı nə qədər güc gəlsə də,  düşüncələrini ipə-sapa elə düzür ki, danışığından doymaq olmur. Amma elə azca  danışmağın özü də  ona baha başa gəlir. Dərhal qan təzyiqi öz hökmünü verir. “Bircə bu qocalıq və xəstəlik olmaya “-deyir… amma yaşa da təslim olmaq istəmir. Lap son illərin məhsulu olan “Qəbristan”, “Cəhənnəm”  əsərləri, sağlamlıq imkanları baxımından   iynə ilə gor qazmağa bərabər olsa da,  yazıçı iradəsinin və inadının bariz nümunəsidir.

Onu ideal mütaliəçi, xəyalı Yerlə Göylə əlləşib dünyanı, eləcə də tariximizi    tamam fərqli tərəfdən bilib dərk edən, öz təbirincə desək Odər(Həqiqət işığı) oğlu, Safağ (elm) bilicisi olan  ideal millətsevər  də adlandırmaq olar.

 Bütün bunlarla yanaşı, İsa Muğanna həm də  ideal ailə başçısı və həyat yoldaşıdır. Əməli, əqidəsi  cəmiyyətdə necə dürüstdürsə, ailədə də eləcədir.  Firuzə xanım onun ilk və əbədi məhəbbəti, ən sədaqətli dostu, gözünün ağı-qarası bircə balası Sevinc Muğanna onun həm davamçısı, həm də  hər qayğısını sidq- ürəklə çəkən  cəfakeş övladıdır. Nəvələri İsa və Səma isə onu həyata bağlayan   ən qırılmaz  tellərdir.

İsa Muğanna ideal  şəxsiyyətdir. Özü də, sözü də  bütöv, mövqeyi dəyişməz…  20 yaşında düşüncələrinə görə müdrik qoca,  günü bu gün də saflığına görə məsum uşaq təsiri bağışlayan  85 yaşlı gözəl insan...  Yüz yaşayın , ağrı –acısız yaşayın  İsa müəllim! Sizin kimi  İDEALA həmişə ehtiyacımız  var. 

Sizi sevənlər adından:

Nəzmiyyə Axundova,    Filologiya elmləri namizədi, dosent
Qərənfil Xəlilova,      Siyasi elmlər namizədi, Əməkdar jurnalist
Sərvinaz Eminova,    Jurnalist-politoloq



Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu