Modern.az

Akademiyada Elçinin əsərlərini Eynşteynin tapmacasına bənzətdilər

Akademiyada Elçinin əsərlərini Eynşteynin tapmacasına bənzətdilər

12 İyun 2013, 16:20

Modern.az xəbər verir ki, Bu gün AMEA-da baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin 70 illiyinə həsr olunmuş elmi sessiya keçirildi. Tədbiri AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi, professor Teymur Kərimli açıq elan edib. O, məruzəçilərdən qabaq çıxış edərək E. Əfəndiyev barədə maraqlı fikirlər səsləndirdi.

“Elçin ədəbiyyat aləmində bir tənqidçi  və yazıçı kimi yalnız Mir Cəlal şəxsiyyəti ilə müqayisə edilə bilər”. Daha sonra T. Kərimli yubilyarın çoxqatlı məna yükünə malik ədəbiyyatını Eynşteynin tapmacasına bənzətdi.

“Onun yaradıcılığındakı dərin qatlar Eynşteynin məntiq tapmacasına bənzəyir”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Kiçik adamların böyük ədəbiyyata gətirilməsi” mövzusunda məruzə etdi. Bu məruzədə akademik yubilyarın böyük ədəbiyyatda qəhrəman  səviyyəsinə qaldırdığı obrazlardan, həmin obrazların daxili-mənəvi aləminə nüfuz edərək  mübariz şəxsiyyət formalaşdırmaq meyllərindən danışdı.

“Düzdür, kiçik insanlar ədəbiyyatımızda Mirzə Cəlilin, Haqverdiyevin əsərlərində qəhrəmana çevrilmişdi. Amma onlar çox məhdud, sosial baxımdan heç bir imkanlara malik olmayan, heç nəyi dəyişə bilməyən qəhrəmanlar idi. Amma Elçinin əsərlərində olan xalq nümayəndələri artıq həyatın keşməkeşlərindən çıxmış, mübariz, bir çox tabuları dəyişə bilən qəhrəmanlardır. Bu qəhrəmanlarla yazıçı sovet dövründə gerçək milli ədəbiyyatı yarada bildi”.

Filoloq alim Elçinin ədəbi tənqidini ədəbiyyatşünaslıq hadisəsi adlandırdı.
  Növbəti məruzəçi isə filologiya elmləri doktoru, professor Şirindil Alışanlı oldu. O, “Xalqın və sənətkarın obrazı” mövzusunda çıxış etdi. Professor səbəbkarın bəzi  hekayələrindən çıxış edərək onun obraz yaratmaq və obrazlılığı əks etdirmək qabiliyyətini vurğuladı.

“Heç kim deyə bilməz ki, yazıçı kimi Kutuzov daha böyük şəxsiyyətdir ya Tolstoyun “Hərb və sülh“ əsərində Kutuzov obrazı. Elçinin “Qırmızı ayı balası” hekayəsindəki Səlimov obrazı da çox böyük bir şəxsiyyətdir”. 
Ş.Alışarlı isə Elçin əsərlərinin coğrafiyasını da xüsusi vurğuladı.

Növbəti şəxslər –filologiya elmlər doktorları Tehran Əlişanoğlu, Bədirxan Məmmədli və Sara Osmanlı “Nəsrin və əsrin yaddaşı”, “Milli dramaturgiyada Elçin ənənəsi”, “Ədəbiyyatşünas və ədəbi tənqidçi Elçin “ mövzularında məruzə ilə çıxış etdilər.

Məruzələr bitəndən sonra növbə çıxışçılara verildi. İlk çıxış edən professor Tofiq Hacıyev artıq ağırlaşmaqda olan  tədbirə əlavə rəng qatdı. Professor Qəzənfər Paşayev çıxışında maraqlı bir detala toxundu:
“Füzulnin 500 illiyi ilə əlaqədar  İraqa getmişdik. Qayıdandan sonra prezident Elçini qəbul etməli idi. Bilirdik ki , sonda prezident hansısa istəyimizin olub-olmamasını soruşacaq. Elçinə dedim ki, deyərsən ki , bu dəfə Kərkükə gedək. Düzdü Səddam Hüseyin vaxtında ora getmək təhlükəli olsa da, prezident buna icazə verdi. Ordan da qayıdandan sonra Elçinə dedim ki, bu dəfə Təbrizə gedək. O birilərin heç biri razılaşmadı. Dedilər ki, getsək bizi öldürərlər. Amma Elçin dedi ki, öldürərlər, qoy öldürsünlər, amma biz Təbrizə getməliyik“.

Ən sonda çıxış edən xalq yazıçısı E. Əfəndiyev bütün qonaqlara ürəkdən təşəkkür etdi. 

Elmin Nuri    
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi