Modern.az

Əkrəm Əylisli və Rəşad Məcid jurnalistləri qınadılar: "Neçə dəfə demişik ki...”

Əkrəm Əylisli və Rəşad Məcid jurnalistləri qınadılar: "Neçə dəfə demişik ki...”

13 İyun 2013, 13:43

Son zamanlar ədəbi mühitdə baş verən proseslər ölkə gündəminə birbaşa təsir etməkdədir. Şərif Ağayar və Fikrət Qoca konfliktindən sonra AYB-də gedən kütləvi istefalar ədəbiyyat aləmində gərginliyi daha da artırdı. Ən sonda isə yazıçı Əkrəm Əylisli ilə AYB katibi Rəşad Məcidin arasında söz dueli ədəbiyyat aləminə diqqəti yenidən yönəltdi. Bəs görəsən gərginliyin bu səviyyəyə qalxmasında jurnalistlərin rolu nə qədərdir?

Son konfliktdə tərəflərin hər ikisi – həm Rəşad Məcid, həm də  Əkrəm Əylisli öz açıqlamalarında Modern.az-a bu məsələni  xüsusi olaraq vurğulayıb.

  Rəşad Məcid: “Ədəbi aləmdə gərginliyin bu dərəcəyə gəlib çatmasında jurnalistlərin birbaşa rolu var. Müəlliflə telefonda söhbət edirsənsə ona bunu mətbuat üçün yazdığını deməlisən. Amma bir çox hallarda belə olmur. Nəticədə də bu kimi problemlər yaranır. Mən bu barədə məsələ də qaldırmışam. Saytlar da Mətbuat Şurasına üzv olmalıdır. Peşə etikası  qaydalarına onlar da qanunlar çərçivəsində əməl etməlidir. Əgər bu hallar olsaydı, nə Şərif Ağayar məsələsində, nə də digər məsələdə mübahisələr baş verərdi. Bir neçə dəfə olub ki, kiminləsə Facebook-da sadəcə olaraq söhbət etmişik. Sonra soruşmuşam ki, bunu nə üçün soruşursuz? Cavab verib ki, saytda yazmaq üçün. Mən də elə bilirdim ki, biz elə-belə söhbət edirdik. Belə olmaz axı. Biz səmimi, dostyana söhbət edirik amma o sonradan deyir ki, bunları sayta verəcək. Bu etik qaydalara uyğun deyil”.

Əkrəm Əylisli: “Elə jurnalistlərimiz var ki, onlarla öyünə bilərik və onları qorumalıyıq. Amma müstəqillik illərində jurnalistikaya mütəmadi axın olduğundan bəzi məqamlarda səviyyə aşağı düşüb. Mən jurnalistlərin özünə nə qədər demişəm ki, yoxlanmamış informasiyanı verməyin bu sizin öz mətbu orqanınıza pis  təsir edir. Bu gün yazırlar ki, filan naziri işdən çıxardılar, amma sabah məlum olur ki, heç kəsi işdən çıxarmayıblar. Bu zaman qəzet yaxud sayt özü-özünü gözdən salır. Təcrübəli jurnalistlərdən bəziləri mənə hansısa orqanı misal gətiriblər və deyiblər ki, onlar yalan deyəndə olar, biz yalan deyəndə yox? Mən də dedim ki, sizin elə onlardan fərqiniz odur ki, onlar yalan deyir amma siz yox. Bu gün yoxlanmamış, mənbəyi olmayan informasiya mətbuatda çox yer alır. Bunun da səbəbi ictimai şüurun mərkəzləşdirilmiş bazasanın olmamasıdır”.  

Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir