Modern.az

Bu gün jurnalistlərdən kim aldatdı, kim aldandı?

Bu gün jurnalistlərdən kim aldatdı, kim aldandı?

1 Aprel 2010, 17:04

1 aprel aldadıb-aldanmaq günüdür. Zarafatla arası saz olanlar həmişə bu tarixi səbirsizliklə gözləyirlər ki, kimisə aldatsınlar. Hərdən kiminləsə zarafat etməyi, loru dildə desək “məzələnməyi” xoşlayanlar arasında heç şübhəsiz jurnalistlər də var. Bəs bu gün necə, jurnalistlərdən kimsə “gülüş toru”na düşübmü?

Modern.az bunu öyrənmək üçün bəzi qələm sahiblərinə müraciət edib.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylini günün ikinci yarısına kimi heç kim aldatmayıb, Heç özü də him kimlə zarafat eləməyib: “Heç keçmişdə də mənim 1 aprellə baglı maraqlı xatirəm yoxdur”.

 

Köşə yazarı Taleh Şahsuvarlını da bu gün aldadan olmayıb: “Əvvəlki tarixləri isə vallah, xatırlaya bilmirəm”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı deyir ki, o da bu gün aldanmayıb: “Bu gün aldanmamışam. Məni aldatmaq istəyən cəsarət sahibi nə gəzir?”.

Köşə yazarı Xanlar Xoca sualıma sualla cavab verdi: “Məni? Yox mən hamıya şübhə ilə yanaşıram. Ona görə məni aldatmaq çətindir. 1 apreldə aldandığım olmayıb. Olmaz da yəqin ki…”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu gün aldanmayıb: “Camaatın yumor hissi elə bil ölüb. Hamı robotlaşıb. Zarafat heç kimə çatmır”. Rəşad müəllimin deməsinə görə, əvvəllər camaatın yumor hissi daha güclü imiş: “Bir dəfə “Daewoo” şirkəti ilə əlaqə qurmaq istədiyimizi onlara demişdik. Onlar isə bizə “oxucularınız azdır”,-deyə cavab vermişdi. O zaman da camaat pulunu banklara yatırmışdı. Sonra elə oldu ki, pulların qaytarıb ala bilmədilər. Biz də 1 apreldə qəzetimizdə belə bir élan verdik: “Sizin faciənizi “Daewoo” şirkəti başa düşür və bütün batan pullarınızı qaytarmağı öz öhdəsinə götürür”. Elanın altından da şirkətin telefon nömrəsin yazmışdıq. Həmin günü zərərçəkən əmanətçilərin bir qismi şirkətə gedib, bəziləri isə “Daewoo”nun  telefon nömrələrinə zəng edib. “Daewoo”dan bizə zəng etdilər ki, “nə edibsiz? Camaat bizdən əl çəkmir”. Sabahı gün biz onlara üzrxahlıq məktubu yazdıq. Dedik ki, bu 1 aprel zarafatı idi. Bu hadisədən sonar biz həmin şirkətə sübut etdirdik ki, oxucularımız var. Onlar da bizimlə əməkdaşlıq əlaqəsi yaratdılar”.

Milli.az saytının redaktoru Zahir Əzəməti isə bu gün aldadan olub: “İş yerində aldatdılar. Dedilər ki, guya işimiz iki növbəli sistemə keçirilib. Yəni səhər 08-00-dan axşam 11.00-a kimi işləməli olacağıq. Elə təzəcə dilxorluq başlamışdı ki, dedilər ki, “zarafatdı…”. Zahir Əzəmətin dediyinə görə, onu əvvəllər də aldadan çox olub: “Bir dəfə yaxın dostlarımdan birinin ölüm xəbərini mənə çatdırmışdılar. Mən də inanmışdım”. Z.Əzəmət 1 aprellə bağlı yadında qalan daha bir əhvalatı da danışdı: “Bir dəfə həmkarlarımla birlikdə şair-dostumuz İlham Qəhrəmanın avtomobilinə "satılır" elanı yapışdırmışdıq. Ona o qədər zəng gəlmişdi ki... Çox sonralar işin nə yerdə olduğunu bildi”.

Müstəqil jurnalist Azər Həsrət bu gün hələ ki, kiminsə toruna düşməyib: “Çünki gecədən tədbirimi almışam. Az adamla ünsiyyətdə olmuşam. Bir şey eşidəndə də xeyli düşünürəm. Ancaq ola bilsin, axşamadək kimsə məni aldatdı”. Azər Həsrət bu günlə bağlı maraqlı bir əhvalatı da xatırlatdı: “Tanınmış qələm sahibi Seymur Elsevər bir dəfə Bakı Mətbuat Klubunun adından jurnalistlərə zəng edib ki, aprelin 1-də şair Zəlimxan Yaqubun mətbuat konfransı olacaq. Jurnalistlər də toplaşıblar Bakı Mətbuat Klubuna. Ha gözləyiblər, amma Zəlimxan müəllim gəlib çıxmayıb. Onda başlayıblar şairə zəng eləməyə ki, “Ay Zəlimxan müəllim harda qalmısınız? Mətbuat konfransı keçirirsiniz, özünüz də gecikmisiniz”.

Şair də deyib ki, “əşşi siz nə danışırsınız, mənim heç nədən xəbərim yoxdur”. Sonra bəlli olub ki, Seymur Elsevər jurnalistləri aldadıb”.

Jurnalist Fərəh Sabirqızı yaradıcı məsələlərdə heç vaxt aldanmayıb: “Ancaq uşaqlıqda aldadıblar. Bu gün isə məni aldadan olmayıb.  Amma “Azadlıq” qəzetində xanım müxbirlərdən biri aldanıb. Ona zəng edib deyiblər ki, “Azərbaycan” Nəşriyyatı yanır. O da inanıb, ürəyi gedib”.

Bu gün aldananlardan biri də “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan oldu. Onu aldadan isə mən oldum. Belə ki, dünən həmkarlarımızla birlikdə Qubaya getmişdik. Bizimlə gedənlər arasında “Mediaforum”un gənc əməkdaşı Elnur da vardı. Bu gün səhər mən Aqil Aslana zəng edib dedim ki, Elnurun telefonunu dünən avtobusda kimsə oğurlayıb. O, da təbii ki, buna inandı. Zəng edib sürücüyə məsələni bildirib. Başıbəlalı sürücü də maşının hər dəlmə-deşiyini axtarıb, amma tapa bilməyib. Aqil yenidən mənə zəng edib, Elnurun telefonuna zəng çatıb-çatmadığını soruşdu. Mən də dedim, “zəng çatmır”. Aqil and-aman etdi ki, sürücü yaxşı adamdır: “Ondan şübhələnməyin. İstəyirsiz bizimlə gedən uşaqlara da zəng edib, soruşa bilərəm”. Doğrudan da Aqil bərk dilxor olmuşdu. Mən onu, o da bilmədən sürücünü aldatmışdı. Bir müddət keçəndən sonra ona bir mesaj göndərdim: “Aqil, bu gün 1 apreldi eee...”. 

Digər aldananlardan biri isə Modern.az-ın kollektivi oldu. Həyəcanla redaksiyanın qapısın açıb, dedim: ““525-ci qəzet”in redaksiyasında nə baş verdiyindən xəbəriniz var?”.

Hamı bir ağızdan: “Nooolub ki?”.

Mən dedim: “Bilmirəm, nə isə dava-dalaş var”.

Redaktor getmək istəyəndə məni gülmək tutdu. Beləcə yalanım ayaq tutsa da, yerimədi...

Günay MUSAYEVA

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər