Modern.az

Azərbaycan idmançıları niyə intihar edirlər? - SƏBƏBLƏR

Azərbaycan idmançıları niyə intihar edirlər? - SƏBƏBLƏR

14 İyun 2013, 10:35


Son vaxtlar idmançılar arasında intihar halları artıb. Bunun səbəbləri haqda danışmazdan öncə həmin intiharlar faktlarını xatırladaq.

Son bir həftədə iki belə hadisə baş verib. Belə ki, əvvəlcə tanınmış idmançı, sambo üzrə dünya çempionu  Əhəd Rəcəbli, ardınca isə kiqboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Aşurov özünü asıb. Birinci fakt Sumqayıtda, ikincisi isə Xırdalanda baş verib. Maraqlıdır ki, hər iki intihar eyni üsulla baş verib. Fərhad evin giriş qapısı üzərindəki qaz borusundan özünü asıb. Asılmış meyiti qonşuları görüb. Onlar idmançının qardaşına zəng edərək, dəhşətli xəbəri çatdırıblar.  
Məlumata görə, Aşurov özü idmançı karyerasını məhv edib. Narkotik maddələrə aludəçiliyini bildikdən sonra onu federasiyadan uzaqlaşdırıblar. Bundan sonra o, həbsxanaya düşüb. Keçmiş idmançının sağlamlığı, o cümlədən, psixikası ilə bağlı problemləri yaranıb. Bu səbəbdən, Aşurov nevroloji dispanserdə uçota durub. Aşurov ayağından əməliyyata da hazırlaşırmış.  

Əhəd Rəcəbli isə Aşurovdan fərqli olaraq yetərincə mülayim insan olub. Veteran cüdoçu Səhliman Ağayev Modern.az-a açıqlamasında bildirib ki, Ə.Rəcəbli peşəkar imdançı olmaqla yanaşı, həm də yaxşı insan imiş:

”Heç kimlə işi yox idi. Əhəd müəllim məndən əvvəl güləşib. Amma bildiyimə görə, heç siqaret də çəkmirdi. Özünə fikir verən insan idi. Onlar dindar ailədirlər. Eşidəndə mən də məəttəl qaldım”.   Cüdoçunun digər həmkarı, olimpiya çempionu Elnur Məmmədlinin məşqçisi Ağayar Axundzadə də Rəcəblinin psixoloji durumunda heç vaxt problem olmadığını bildirir:

”İnsan bir il ərzində də dəyişilə bilər. Yəni nəyin necə baş verəcəyi məlum deyil”.

Azərbaycanlı idmançı ilə bağlı növbəti intihar faktı Rusiyanın Krasnoyarsk vilayətində qeydə alınıb. 12 yaşlı  idmançı Rafael Axundov intihar edib. Əlbəyaxa döyüş üzrə vilayət çempionunun da intihar üsulu eyni olub. O, yaşadığı mənzilin dəhlizindəcə özünü asıb. Axundovun meyitini bacısı səhər tezdən məhkəməyə getməyə hazırlaşarkən aşkarlayıb. Oxuduğu sinifdə bildiriblər ki, Rafael böyük və mehriban azərbaycanlı ailəsində böyüyüb. Anası isə övladının tez-tez sinif yoldaşları ilə mübahisələrindən şikayətlənib: “Oğlum bu məktəbdə cəmi yarım ildir, oxuyurdu. Rafael başqa sinfə keçirilməsini istəyirdi. Biz təhsildə ara verilməməsi üçün dərs ilinin sonunadək gözləmək istədik. Amma çatdıra bilmədik”.          

Bəlli olan budur ki, hər üç idmançının psixikasında ciddi problem olub. Amma bu problemlərin hansı səbəbdən yarandığı məlum deyil.
Psixoterapevt Fərqanə Nəcəfli isə hesab edir ki, hər bir idmançı ilə işləyən ayrıca psixoloq olmalıdır:  

“Bildiyimə görə bizim idmançıların psixoloqları yoxdur. Hər bir idmançının psixoloqunun olması vacibdir. Çünki onların da şəxsi  həyatı, şəxsi problemləri olur. Əgər idmançı uğursuzluğa düçar olursa, istər-istəməz əhval-ruhiyyəyə təsir göstərir”.  

Maraqlıdır ki, intihar edənlər adətən titullu idmançılar olurlar. Bəs bunun səbəbi nədir? Ekspertin qənaətinə görə, onlar titul qazanana qədər müəyyən əziyyətə qatlaşırlar, zədələr alırlar:

”Bu uğura görə onların nələri qurban verdiyini bilmirik axı. Onlarda həm fiziki, həm də psixi yük olur. Məşqçi deyir ki, “sən udmalısan, sən udmalısan”. Onlar həyatdan təcrid olunurlar. Belə məsələlərin baş qaldırdığı dövr karyeranın sonuna yaxın baş verir”.   F.Nəcəfli deyir ki, adətən çox gənc, yaxud da 40 yaş həndəvərində olan idmançılar intihara meyl edirlər. Bunun səbəbi isə idmançının itirməkdə olduğu şöhrəti yenidən qazana bilməyəcəyini anlamasıdır:

”Bəzən də idmançılar qalib gələndən sonra gözlədikləri kimi qarşılanmırlar. Söhbət psixoloji anlamdan gedir. Məsələn, onlara deyirlər ki, “qalib gəl, səni hamı tanıyacaq”.
Qalib gəlirlər tanınırlar və sonra yaddan çıxırlar. Bu bir növ eyforiyadır. Səni hər yerdə tanıyırlar və sonradan yaddan çıxdıqca ruh düşkünlüyü yaranır. Normal kişilərdə də 40 yaş depresiyası olur. Çünki təqribən uğurun yekunu da bu dövrə düşür və özlərini lazımsız hiss edirlər. Tədricən idmanla məşğul olmadıqca bədəndə də ağrılar baş qaldırır”.  

Ekspertin dedikləri ilə baş verən son intiharları müqayisə edəndə görürük ki, doğrudan da belədir. Krasnoyarskda baş verən intiharda idmançının cəmi 12 yaşı var. Aşurov və Rəcəbli isə 40 yaş həndəvərindədirlər.  Yəni bu kimi hallar ya karyeralarını bitirmiş, ya da yenicə başlamış idmançılara daha çox aiddir.   F.Nəcəfli çıxış yolu kimi belə insanların daim ictimaiyyət arasında olmasını görür:

”Yəni onlar karyeralarını başa vurandan da sonra ictimai işlərlə məşğul olmalıdırlar. Çünki kənarda qaldıqca özlərini lazımsız hiss edirlər və yekunda intihar baş verir”. 

İntiqam Valehoğlu  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır