Modern.az

Milli Məclisdə yenə mübahisə düşdü

Milli Məclisdə yenə mübahisə düşdü

2 Aprel 2010, 12:18

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. Modern.az xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov Kəlbəcərin işğal günü ilə əlaqədar deputatları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib. Milli Məclis üzvləri şəhidlərin xatirəsini yad edəndən sonra spiker Dağlıq Qarabağ problemi haqda danışıb. Oqtay Əsədov bildirib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ probleminin həlli ilə ciddi məşğuldur və bu istiqamətində müəyyən addımlar atılır.

Spiker Oqtay Əsədov bu kədərli tarixdən 17 il ötdüyünü xatırladaraq məhz Kəlbəcərin  işğalından sonra BMT-nin Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı məlum qətnamə qəbul etdiyini deyib. O, Prezidentin apardığı siyasətin fonunda Dağlıq Qarabağ münaqişəsinin həllinə inandığını bildirib və qeyd edib ki, bu il Kəlbəcərin sonuncu dəfə anılma ili olacaq.

 

Deputat Pənah Hüseyn çıxış edərək deyib ki, Şirvan-Bəhrəmtəpə yolu Qarabağ yoludur. Bu yoldan 1 milyon insan gedib-gəlir. O, yolun vəziyyətinin bərbad olduğunu vurğulayıb: “Adam xəcalət çəkir. Azərbaycana son vaxtlar xeyli qatır-eşşək ixrac edirlər. Heç onlar da bu yolu gedib-gələ bilməzlər. Gedək orda yol çəkək, seçiciləri tökək ora”. P.Hüseyn nəqliyyat naziri Ziya Məmmədovun yarıtmaz fəaliyyətindən də danışıb.

 

Deputat Zahid Oruc işğal olunmuş torpaqlardan danışaraq bildirib ki, BMT öz fəlaiyyətinin iflasa uğramadığını göstəməlidir. Onun sözlərinə görə, Azərbaycan 86,6 min kv.km ərazi çərçivəsində BMT-yə daxil olub: “Biz parlamentarilər olaraq bir daha müraciət edək ki, bu qədər güclü bir qurum Ermənistan qarşısında aciz qalıb ki, onu sülhə məcbur etsin”.

 

Millət vəkili Fazil Mustafa isə qarşıdan seçkilərin gəldiyini xatırladaraq MSK-nın 18 nəfər üzvündən yalnız 15-nin təyin olunduğunu, 3 yerin isə hələ də boş qaldığını deyib. Onun sözlərinə görə, MSK-da hakim partiya, bitərəflər tam tərkibdə təmsil olunur, amma parlamentdə azlıqda olan partiyaların yeri boş saxlanılır. “Bunu anlamaq olmur. Müsavat Partiyasından 2 nəfər MSK-ya getməkdən imtina elədi. Deməli həmin yerlər daimi boş qalmalıdır?” Deputat deyib ki, seçki yaxınlaşır, yenə bu məsələ ATƏT-in və digər qurumların gündəminə çıxarılacaq. F.Mustafa ona görə də bu məsələyə xüsusi diqqət yetirilməsini istəyib.

Deputat Asim Mollazadə çıxışına Bakıxanov küçəsindəki körpüdə yol örtüyünün növbəti dəfə dəyişdirilməsi faktı ilə başlayıb. Bakıda bəzi küçələrin ildə bir neçə dəfə təmir olunduğunu qeyd edən deputat “bəlkə də bu, müsbət haldır, hər dəfə keyfiyyəti artır”.

Deputatın sözlərinə görə Bakıdakı Ağadadaş Qurbanov küçəsində yol örtüyü 2-ci Nikolayın, ya da Çar Aleksandrın cavanlığı dövründə salınıb: “Mən dəfələrlə rayon, şəhər rəhbərliyinə müraciət etmişəm. İnsafən, heç kimdən də “yox” cavabı almamışam. Amma iş görülməyib. Bəlkə mənə məsləhət verəsiniz kimə müraciət edim. Axı belə bir məsələyə görə Prezidentə müraciət etmək ayıbdır. Xarici qonaqların keçdiyi küçələrdə ildə neçə dəfə təmir aparılır. Birdən xarici qonaq çaşıb A.Qurbanov küçəsindən keçdi onda necə olacaq? Asim Mollazadənin konkret tələbi bu olub ki, ya məmurlar “yox” sözünü öyrənməli ya da “hə” cavabına əməl etməlidirlər.

Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə digər aktual məsələdən – vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulmasından danışıb.

A.Səmədbəyli Müsavat başqanı İsa Qəmbərin aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, lakin kütləvi təbdirlərin keçirilməsinə icazə verilmədiyini xatırladıb. Deputat spiker Oqtay Əsədovun məsələyə müdaxiləsini xahiş edib

Bu zaman YAP-çı deputat Siyavuş Novruzov A.Səmədbəyliyə cavab vedib. O deyib ki, Azərbaycanın sərbəst toplaşmaq haqda qanunu Avropa standartlarına tam uyğundur. Deputat aksiya keçirmək istəyən müxalifət partiyalarını ayrı-ayrı ölkələrdən pul almaqda ittiham edib: “ABŞ və başqa dövlətlər ayrı-ayrı partiyalara pul ayıran kimi mitinq, nümayişlərə başlayırlar. Zəfəran suyunun iyi gələn kimi sərbəst toplaşmaq hüquqları yadlarına düşür, meriyaya müraciətlərə başlayırlar”.

Deputat 2010-cu ilin ekologiya ili elan olunmasını xatırladıb: “Ekologiya ilidir, gedin ağac əkin, yaxud başqa aksiya formasından istifadə edin. Əlinizə gələn pulun hesabına Azərbaycanda mitinqlər, nümayişlər keçirməyə başlayırsınız. Özü də bu aksiyaların keçirilməsini elə bir yer tələb edirlər ki, bu da mümkünsüzdür. Biz hamımız Bakıda yaşayırıq və onların tələb etdikləri yerlərdə aksiyanın keçirilməsinin mümkünsüz olduğunu da bilirik. Mümkün olmayanı istəyirlər. Bununla müxalifətdəkilər özlərini pul verənlərə göstərmək istəyirlər. Yəni bildirmək istəyirlər ki, biz aksiya keçirmək istəyirik, amma qoymurlar, beləliklə də verdiyiniz pul bizə halaldır”.

S.Novruzov müxalifətdəkiləri aksiya tələb etmək əvəzinə mətbuatda çıxış etməyə səsləyib: “Sizi bu yolla bəlkə kimsə dinləyər. Nəyə lazımdır adamları parlamentin qarşısına yığıb nəsə demək? Bunlar Azərbaycanda dağıdıcılıq, ayrı-ayrı dövlətlərin təşkil etdiyi təxribatçı qrupların siyasi partiya formasında həyata keçirdiyi tədbirlərdir... Hələ bilmək olmaz ki, siz hansı terrorçu təşkilatlara xidmət edirsiniz. O aksiyalara icazə verilsə, hansı hadisələr baş verə bilər? Müxalifətin aksiya keçirmək tələblərinin qarşısı alınmalıdır. Biz Azərbaycan vətəndaşlarını qorumalıyıq. Siz isə onları təhlükəli sistemə sürükləyirsiniz”.

Bu çıxışdan sonra deputat P.Hüseyn öz etirazını bildirib: “Bu, çox ağır ittihamdır. Xahiş edirəm ki, onun dedikləri olduğu kimi stenoqrama daxil edilsin”. Spiker də yerindən danışdığına görə ona etiraz edib: “Bir dəfə səni cəzalandırmışıq, sən yenə də yerindən danışırsan”.

A.Səmədbəyli və N.Nəsibli də S.Novruzovun dediklərinə etiraz ediblər. Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı