Modern.az

Bir şeirin tarixçəsi - “Ağrı”

Bir şeirin tarixçəsi - “Ağrı”

18 İyun 2013, 12:28

Mahir Qabiloğlu


Hər hansı bir əsərin, şeirin arxasında böyük bir həyat,  yazıçı müşahidələri durur.  Onun qəhrəmanlarının prototipləri olur. Zaman keçdikcə bunlar açılır, alimlərin tədqiqat mənbəyinə çevrilir. Atamın iki - “Səhv düşəndə yerimiz” və “Davam edir yemək-içmək” şeirləriylə bağlı iki yazımı oxucuların ixtiyarına verdim. Qərar verdim ki, bu missiyamı davam etdirim. Bəzi sirləri Sizə də açım.

“Ağrı” şeirini şair Qabil 1975-ci ildə yazıb. Anam Hacıbəyim Rəhimova müharibə illərindən - 13 yaşından orta məktəbdə müəllimə işləyib. Ömrünün böyük hissəsini isə Bakının 44 saylı orta məktəbində Azərbaycan dili və  ədəbiyyat fənnini tədris edib. Məktəb həyatında baş verən hadisələri evdə də danışırdı.

Günlərin bir günü fikirli halda evə gəlmişdi. Qəmgin desəm, daha düzgün çıxar. Kövrəlmişdi. Özünə yer tapmırdı. Atam soruşdu ki, “axı nə olub?”  Dedi ki, “ bir böyük səhvə yol vermişəm - özüm də bilmədən. İnşa yazdırırdım. Mövzunun adı da “Nə üçün çox istəyirəm mən öz anamı?” idi. Gördüm ki, bir şagird oturub, məəttəl-məəttəl dəftərə baxır. Dedim yəqin fikirləşir. Bir azdan yaxınlaşıb görürəm ki, heç nə yazmayıb. Hirsimi güclə boğdum ki, rübün axırı, inşa yazıya verilən qiymət də əsas götürüləcək. Bu uşaq bunu başa düşmür, “2” alsa nə olacaq? Acıqlanmadım, guya ki, yumşaq demək istədim. İstehzayla “ananı belə çox istəyirsən ki, yazmağa söz tapmırsan?” soruşdum. Uşaq da  “anam yoxdur, müəllim” deyib başladı ağlamağa. Ona görə yaman pis olmuşam”.

Bu əhvalat atamı da yaman təsirləndirdi. Beləliklə “Ağrı” şeiri dünyaya gəldi. 


AĞRI  

“Nə üçün çox istəyirəm mən öz anamı” -

Bu barədə yazı yazır sinifdə hamı.

Xışıldayır kağız-qələm,

Yol çəkir gözlər,

Ehtiyatla sıralanır sadəcə sözlər...

Hamı gərgin, hamı məşğul,

Başlar aşağı,

Bütün sinif yazı yazır, göz qoyuram mən

Bütün sinif... bütün sinif... bəs o uşağı

Lap küncdəki o uşağı görmürəm nədən?

Əllərini niyə vurmur ağdan-qaraya?

Kimi çatır lap axıra, kimi yarıya.

Qəzəbimi, hiddətimi boğub güc-bəla,

İstehzalı təbəssümlə söylədim: - Bala!

Görünür ki, öz ananı çox sevdiyindən

Bu söhbətdən bir kənara çəkilmisən sən?

Uşaq baxdı gözlərimə məlul, mülayim,

Pıçıltıyla: - Anam yoxdur, -

Dedi, - Müəllim!..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı