Modern.az

Mütləq mənada yalan, həqiqət yoxdur - Totalitarizmin haqsızlığı bundadır

Mütləq mənada yalan, həqiqət yoxdur - Totalitarizmin haqsızlığı bundadır

19 İyun 2013, 17:52

Rafiq Əliyev, professor

Qeyri-səlis məntiq haqqında poetik düşüncələrim

Elm, bilik sənətkara ağlın gözü ilə görünən aləmin üfüqlərini açır. Sənətin inkişafı isə dünya elminin tərəqqisini insanlığın xeyrinə yönəltmək üçündür. Elm-duyğu çalarlı fikir, sənət-fikir çalarlı duyğudur.

Əvvəlcə qeyri-səlis məntiq nəzəriyyəsi barədə qısa bir məlumat verək. Min illərlə qərarlaşmış elmi dünyagörüşün əksinə olaraq, Lütfi Zadə öz nəzəriyyəsini əvvəlcə bir fərziyyə olaraq irəli sürmüş, sonra isə sübut etmişdir ki, təbiət və cəmiyyətdə baş verən mürəkkəb prosesləri, xüsusən də, müxtəlif kataklizmləri Aristotelin binar məntiqinə əsaslanan klassik məntiq, riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil. Qeyri-səlis məntiqə görə, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə - 1 (doğru) və 0 (yanlış) ilə deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu məntiq mütləq hesab olunan nə varsa, hamısını rədd edir (Tanrıdan başqa) - mütləq mənada ağ rəng yoxdur, mütləq mənada qara rəng yoxdur, mütləq mənada sıfır yoxdur. Mütləq mənada vahid yoxdur. Mütləq mənada qəm, mütləq mənada sevinc yoxdur. Mütləq mənada yalan yoxdur, mütləq mənada həqiqət yoxdur. Ekstremizmin, mütləqiyyətin, totalitarizmin haqsızlığı və əsassızlığı bundadır. Beləliklə, binar, - ikili məntiq və çoxluqlar nəzəriyyəsinə əsaslanan riyaziyyat qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi sayəsində genişlənərək, yeni məzmun kəsb etdi. Bununla da, riyaziyyatın klassik (mücərrəd) və qeyri-səlis (gerçək, çoxçalarlı, müasir) riyaziyyata diferensiasiyası baş verdi. Beləliklə elmlərin dili olan riyaziyyat real həyata bir addim da yaxınlaşdı.

Zəmanəmizin böyük şairi Ramiz Rövşən bir  şerində yazır:

Dərd dərdi əridir, udur,

Dərd dərdin dibinə çökür.

Dərd dərdin əlindən tutur,

Dərd dərdin ipini çəkir.

 

Nə uzundu dərdin ipi,

Dolanır dörd bir tərəfi,

Dünyanın dərdli tərəfi

Dədrsiz tərəfini çəkir.

 

Dünyadan bezmir yenə də,

Şükür deyir bu günə də,

Adam lap öz dərdini də

Sevinə sevinə çəkir. 

Şair demir ki, bu sevgi ya təmiz qəmdə, ya təmiz sevincdə yaşadı. O, göstərir ki, qəmin tərəfi var, dərəcəsi var. Bu real həyatın qeyri-səlis məntiqə söykəndiyini göstərmirmi?

Konseptual əsaslarda belə ciddi tədqiqatlar, təbii ki, elmdə, texnikada və hətta incəsənətdə də inqilabi dəyişikliklərə gətirib çıxardı. Qeyri-səlis çoxluqlar nəzəriyyəsi praktiki olaraq bütün təbiət elmlərinə, tibbə, ictimai elmlərə, sosiologiyaya, konfliktologiyaya "implantasiya" olundu. Praktiki elmi tədqiqatlarda qeyri-müəyyənliyin qeyri-səlis ölçüsünün daxil edilməsi təbiətdə, cəmiyyətdə, mikro və makro aləmdə baş verən proseslərə adekvat olan qeyri-müəyyənliyin nəzərə alınmasını mümkün etdi. Məhz buna görə də, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi nəinki dialektik təsdiqini tapmış yeni elmi istiqamətin yaranmasına, həmçinin daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni fəlsəfi dünyagörüşün əmələ gəlməsi və başa düşülməsinə səbəb oldu.

Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə “Xeyirlə şər arasında” şerində yazır:

Vaxt gəmirir hər binanı
Tavanla tir arasında.
Bir rəqəm də, demə, varmış
İkiylə bir arasında.

Ucaldıqca biz ucaldıq,
özümüzdən qisas aldıq,
O gündən ki, körpü saldıq -
Göy ilə Yer arasında.

Düşünmürəm ki, Bəxtiyar Vahabzadə kimi nəhəng bir şair qafiyə və ya uyarlıq xatirinə deyir ki, "Bir rəqəm də, demə, varmış, ikiylə bir arasında...."

Yox, bu, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin və Lütfi Zadənin söykəndikləri dünyanın kəsilməzlik fəlsəfəsinin poeziya dilində təcəssümüdür.

Bu kəsilməzlik fəlsəfəsinin mahiyyətini, belə demək mümkünsə, elmi-poeziya dilində açaq.

Real dünyamızda Tanrıdan başqa (O mütləqdir) hər şeyin, hər kəsin şəriki var, dünyada hər bir rəng, hər bir səs, hər bir hadisə digərinə sərhədi kəsilmədən, ehmalca, qeyri-səlis (bu termini Azərbaycan elmi ədəbiyyata mən daxil etmişəm. Türkiyə elmi ədəbiyyatında qeyri-səlis məntiq "bulanıq mantıq" adlanır) sərhədlə keçir. Elmi baxımdan yanaşsaq, formal riyazi dil ilə desək, qeyri-səlis çoxluqlar üçün klassik riyaziyyatın 2 əsas qanunu ödənmir. Birinci, "ziddiyət" qanunu, ikinci, "üçüncünü istisna" qanunu.

Bu, onunla əlaqədardır ki, klassik Aristotel məntiqində termlərin (məsələn, rənglərin, münasibətlərin, ovqatların) bir-birinə keçidi sərtdir, itidir, səlisdir (guya qırmızı ilə yaşıl arasında, dost və düşmən münasibətləri, sevinc və kədər arasında heç bir şey yoxdur, tükdən də nazik olan bir sərhəd var). Qeyri-səlis məntiqdə dediklərimiz termlər arasında uzun, mütəmadi bir keçid və kəsişmə var. Bax bu kəsilməz keçidin mövcudluğunu nəzərə ala bilmədiyinə görə də klassik məntiq real həyatı düzgün əks etdirə bilmir. Amma Ramiz Rövşən məşhur “Ayrılıq” şerində bu kəsilməz keçidin xoşbəxtlik, zaman konteksində təsvirini necə adekvat verib:

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Bəxtiyar Vahabzadə isə poeziya dilində dünya reallığını qeyri-səlis məntiqə həmahəng olaraq görün necə əks etdirir.

Qarışıb dünyanın yaxşı-yamanı,
Əzabı, ləzzəti, sevinci, qəmi.
Göründüyü kimi gördüm dünyanı,
çox vaxt görəmmədim olduğu kimi.

Bəxtiyar müəllim dünyanı çox vaxt olduğu kimi görə bilmədiyindən şikayət etdi. Ramiz Rövşən də real dünyanı görə bilmədiyindən gileylənir, hətta görə bilsəydi belə “Başımıza hava gələr”di deyir:

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
aglımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu müəmmalarla, qeyri-müəyyənliklərlə dolu dünyanı görmək, dərk etmək üçün yeni fəlsəfə, qeyri-səlisliyə söykənən fəlsəfə lazım idi. Bu fəlsəfə prizmasından hörmətli şairlərimiz Bəxtiyar Vahabzadə və Ramiz Rövşən sevincdə qəmi görür, qəmdə sevinci, axı onlar real dünyamızda çulğaşıbdır.

Böyük düha sahibi Bəxtiyar Vahabzadə bu min "sifəti", "rəngi" olan dünyanı dərk etməyin lazımlığı, vacibliyi haqqında təbil vurur. O, "Hara gedir" şeirində yazır:

İnsan oğlu qazananda uduzar,
Qədərinə yazılanı kim pozar?
Bu dünyanın min sifəti, rəngi var,
Qismətimiz - ağından çox, qarası!

Bəyəm dünyanın bu min sifətini, min rəngini klassik Aristotel məntiqi güzgüsündə görmək mümkündürmü, yox (axı o məntiq dünyanı iki rəngdə görür: ağ, qara).

Bəs necə olur ki, həmahəng fəlsəfi fikir və çalarlar bir tərəfdən riyazi simvollarla yazılmış düsturla, o biri tərəfdən isə təbii poetik dildə əks olunur?

Təbii dilin imkanları son dərəcə böyükdür. Riyaziyyat yaranan vaxt təbii dilin gücü çatsaydı fizika, iqtisadiyyat, sosial həyat, ümumiyyətlə, yaşadığımız dünya indiki ideallaşdırılmış düsturlarla yazılmazdı. Bizim elmi tədqiqatlarımızın bir qolu təbii dilin imkanlarını müasir texnologiyalar vasitəsilə daha da genişləndirməkdir. Burada linqivistika alimləri üçün böyük elmi perspektivlər var. ümumiyyətlə, təbii dilin vasitəsilə biz istənilən informasiyanı təsvir edə bilərik. Riyazi linqivistikanın köməyi ilə avtomatik tərcümə, yaradıcılıq proseslərinin modelləşdirilməsi, o cümlədən nağılların, hekayələrin, melodiyaların düzənlənməsi və s. məsələləri həll edə bilərik. Hesablamanı, məntiqi nəticə çıxarmanı təbii dildə apara bilərik. Sadaladığımız problemlərin həllinin açarı yenə də qeyri-səlis məntiqdir. Niyə?

İntellektual maşınlar dövrünə, yeni bir inqilabi sıçrayışa keçdikcə təbii dilin  inkişafına, ağılı, hissi modelləşdirmək üçün "qəliblənmiş" təbii dilin formallaşmasına daha çox ehtiyac duyulacaq.

Qrammatik formalizm və sintaktik təhlil prosedurların tərtibatı məqsədilə son illərdə təbii dilin emalı vasitələri meydana gəlmişdir. Hesablama cəhətdən mümkün semantik yanaşmanın və adekvat semantik interfeys vasitəsilə qrammatik səviyyəyə zəruri bağlantının əldə edilməsi böyük əhəmiyyət kəsb edir. Semantik interpretasiya prosedurlarının formallaşması çox vacib bir elmi məsələdir ki, bu prosedurlar vasitəsilə, sintaktik strukturlar semantik təsvirə əks olunur.

Klassik Aristotel məntiqi semantik təhlilə imkan vermədiyindən bu günki internetin (onu axtarış mexanizmi klassik məntiqə əsaslanır) intellekt səviyyəsi “Əhməd hardadır” filmindəki Zülümov səviyyəsindədir, bütün Əhmədləri yığan Zülümov səviyyəsində. Yeni nəsil internet axtarış maşını qeyri-səlis məntiqə söykənəcəkdir.

Semantik interpretasiya üçün metodologiyanın yaradılması təkcə nəzəriyyə baxımından deyil, həmçinin real həyat problemlərin müxtəlifliyi ilə üzləşən sistemlərin tərtibatı üçün yüksək praktiki əhəmiyyətə malikdir.

Təbii dil qavramanın (persepsiyanın) təsviri sistemidir. İndi klassik (Aristotel) məntiq sistemləri təbii dilin emalı və biliklərin inikası üçün istifadə olunur. Lakin qeyd etməliyik ki, qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii dilin modelləşməsində və formallaşmasında istifadəsi biliklərin inikası üçün daha ifadəli dil və təfəkkür və hesablama üçün daha çoxtərəfli imkan təmin edir.

Persepsiyanın, qavranılmış, duyulmuş informasiyanın, fikrin, sözün çoxçalarlığı, həmişə birmənalı olmaması, qeyri-dəqiqliyi təbii dilə ötürülür, bu da nəticədə semantik qeyri-dəqiqliyə, qeyri-müəyyənliyə gətirir. Beləliklə, təbii dilin semantik qeyri-müəyyənliyi təbii dilin modelləşdirilməsində bir maneə kimi görünür. Bax bu maneəni aradan qaldırmaq baxımından, təbii dilin semantik təhlili baxımından qeyri-səlis məntiqin əhəmiyyətli rolu var. Qeyri-səlis məntiq təbii dilin səciyyəvi xüsusiyyəti olan qeyri-müəyyənliyi, natamam məlumatları və məhdudiyyətləri nəzərə ala bilən güclü bir vasitədir.

Qeyri-səlis məntiqin tətbiq sahələrindən biri də (bəlkə ən başlıcası) nağıllardan, hekayələrdən, rəvayyətlərdən, bədii əsərlərdən semantik (fikir) nəticə çıxarmaq, xülasə çıxarmaqdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı