Modern.az

Gözəllik, güc və incəsənət vəhdəti - itirilmiş ənənələr bərpa olunur...

Gözəllik, güc və incəsənət vəhdəti - itirilmiş ənənələr bərpa olunur...

20 İyun 2013, 15:42


Bu günlərdə Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa Çempionatının bağlanma mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib.

Məlum olduğu kimi, 2014-cü il Avropa Çempionatı (AÇ) Bakıda keçiriləcək. AÇ-nin bayrağı rəmzi olaraq Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim edilib.

Gələn ilin yayında, iyunun 13-15-də Bakıda baş tutacaq AÇ hazırda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində keçiriləcək. Çempionatda 240 gimnast və 80 rəsmi şəxsin iştirakı gözlənilir. Bu, Bakıda bədii gimnastika üzrə keçiriləcək sayca III Avropa Çempionatıdır. Və şübhəsiz ki, bu, Azərbaycan Gimnastika Federasiyasının sədri, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın səylərinin nəticəsidir.

Azərbaycanda gimnastikanın uğurlarından, bu idman növünün beynəlxalq qurumlara inteqrasiyasından danışarkən, milli gimnastikanın təşəkkül və inkişaf tarixinə qısa nəzər yetirmək gərəkdir.
Bu, ötən əsrə, 40-cı illərə təsadüf edir. Bədii gimnastikanın qısa müddət ərzində xeyli populyarlıq qazanması tezliklə təşkilatlanmaya təkan verib və 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası yaradılıb. O vaxt federasiya yalnız akrobatika və bədii gimnastika şöbələrindən ibarət idi.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə milli federasiya Beynəlxalq və Avropa Gimnastika Federasiyalarına üzv qəbul olunub. 1998-ci ildə idman akrobatikası, 2000-ci ildə isə tramplinq və tamblinq idman növləri federasiyanın tərkibinə daxil edilib. Haazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibində dörd idman növü mövcuddur: idman gimnastikası, akrobatika, bədii gimnastika, tramplinq və tamplinq.

Azərbaycanda İdman gimnastikası keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. XX əsrin 50-ci illərinin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib. Tofiq Mehtiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi gimnastlar Azərbaycanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqincə qoruyublar. 80-ci illərdə isə Kamran Fərzəliyev, Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycan idman gimnastikasına yeni nəfəs, yeni ruh gəlib.

Azərbaycanın ən məşhur idman gimnastı Valeri Belenkidir. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və Azərbaycan kubokunun sahibi olan V. Belenki SSRİ yığmasının tərkibində 1989-cu ildə dünya çempionu adını qazanıb. 1991-ci ildə Dünya kubokunu qazanan V. Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında MDB komandası tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olub. O, 1995-ci ildə Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanıb.
XIX əsrdə idmanın inkişafı və akrobatika hərəkətlərinin yeni növlərinin meydana çıxması idman hərəkətlərinin bir hissəsini təşkil edib.

Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920-30-cu illərə təsadüf edir. Bu illərdə Q. Səfərov, Q. Becanov, Y. Yurfeld, D. Dvoryankin, İ. Kiselyov və H. Ağayev Azərbaycan akrobatikasının idman növü kimi inkişafında mühüm rol oynayıblar.
1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilib və bu yarışın proqramına ancaq kişilərin qrup halında hərəkətləri daxil edilib. Bundan sonra, Azərbaycan akrobatları ümumittifaq yarışlarında iştirak etməyə başlayıblar.

Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilib və həmin ildən başlayaraq idmançılarımız Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə ediblər.
Ümumiyyətlə, 1993-2003-cü illərdə akrobatlarımız Avropa və dünya çempionatlarında 5 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar.

Azərbaycanda güclü akrobatika ənənəsinin formalaşmasında Bəhram Nərimanov, Arif Əhədov, Adil Hüseynzadə, Elşad Nərimanov, Azər Kərimov, Arif Qafarov, Ağakərim Səlimov, Yuriy Demyanenko, Əvəz Abbasov kimi görkəmli məşqçilərin böyük əməyi olub.

Bədii gimnastika idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb. Azərbaycanda isə bədii gimnastikaının yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır.

Gimnastlarımızın dünya arenasında ilk çıxışı 1961-ci ildə Almaniyada keçirilən 1-ci Ümumdünya Gimnastika Turnirində olub.


İkiqat Azərbaycan çempionu Dinarə Nəbiyeva 1995-ci ildə Antaliyada (Türkiyə) keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanıb. O, 1996-cı ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçüncü nəticə göstərib.
Beşqat Azərbaycan çempionu (1991-95) Natalya Bulanova da bir sıra beynəlxalq yarışlarda iştirak edib və "Miss Press" seçilib.
Akrobatikanın tərkibində olan tramplinq və tamplinq ilk dəfə olaraq 2000-ci ildən etibarən ayrıca idman növü kimi fəaliyyət göstərməyə başlayıb.
2000-2003-cü illər ərzində ölkə tapmlinqçiləri müxtəlif yarışlarda qüvvələrini sınayıblar. 2001-ci ildə Danimarkada keçirilən Dünya birinciliyində Rəvan Yusubov 14-cü nəticə göstərib. 2003-cü ildə Kiyevdə keçirilən beynəlxalq turnirdə Taleh Qazıyev və Abdulla Qasımov finala vəsiqə qazanaraq 6-7-ci yerləri tutublar.
Hazırda Azərbaycanda bu idman növü ilə 150-yə qədər idmançı məşğul olur ki, onların da əksəriyyəti Gimnastika məktəbinin yetirmələridir.
Eyni zamanda, paytaxtın bir neçə idman mərkəzində, həmçinin Dəvəçi şəhərində də tramplinq və tamplinq inkişaf etdirilir.

Azərbaycanda gimnastika formalaşıb inkişaf etməyə başladığı dövrdən bu idman növünə xüsusi maraq hiss olunub. Milli gimnastlar müxtəlif illərdə müxtəlif şəhərlərdə keçirilən beynəlxalq yarışlarda iştirak edərək çoxlu sayda mükafatlar qazanıblar. Azərbaycanda gimnastikanın keçmiş ənənəsini geri qaytarmaq, adıçəkilən idman növünün inkişafını təmin etmək məqsədi ilə 2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildi. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün Azərbaycan gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə gimnastikasının inkişafı istiqamətində fəal iş aparan federasiya idmançıların müxtəlif beynəlxalq turnirlərdə iştiraklarını da təmin etməyə çalışıb.
Milli Gimnastika Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi 2004-cü ildə Dünya kuboku mərhələsinin, habelə 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq veriblər.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2002-ci ilin oktyabrından başlayaraq görülən işlər Azərbaycan gimnastikasını sürətlə irəli apardı. Gələn il Bakıda keçiriləcək Avropa Çempionatı da bu inkişafın növbəti mərhələsi olacaq.

Pərvin Arzuqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı