Modern.az

“Kimisə aşağılamaq istəyəndə deyirlər, filankəs qaçqındır” - Jurnalist RƏYLƏRİ

“Kimisə aşağılamaq istəyəndə deyirlər, filankəs qaçqındır” - Jurnalist RƏYLƏRİ

20 İyun 2013, 17:29

20 iyun günü bütün dünyada Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. Azərbaycanda da rəsmi statistika 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını göstərir. Onların bur qismi jurnalistika peşəsi ilə məşğul olur.

Modern.az Azərbaycan jurnalistikasında təmsil olunan belə jurnalistlərin bu günlə bağlı münasibətini öyrənib.   “Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı: “Bu gün dünyada milyonlarla insan qaçqın vəziyyətindədir. Onların əksəriyyəti çox ağır şəraitdə yaşayır. Bu məsələ bizim də ağrılı yerimizdir. Doğma torpaqlarımıza geri qayırmaq hər bir məcburi köçkünün arzusudur. Çünki bu çox ağrılı problemdir. Həm də bu bur ləkədir. Bu ləkəni biz silməliyik. Torpaqlarımızı azad etməklə buna nail ola bilərik”.

Jurnalistlərin Araşdırma Mərkəzinin sədri Seymur Verdizadə: “Qaçqın adını daşımaq özü əzablıdır. Son illərdə “qaçqın” sözü üstdən aşağı mənada işlənir. Kimisə aşağılamaq istəyəndə zarafatla deyirlər ki, filankəs qaçqındır. Odur ki, bu adı üstümüzdə daşıyırıq. Qaçqın adının ağırlığını bizdən əvvəl atalarımız daşıyıb, babalarımız daşıyıb. Sonra da biz daşımışıq. Çox təəssüf ki, bu yükü indi də bizim övladlarımız daşıyırlar. Ona görə də bu günü qeyd etmək mənim üçün çox ağırdır. Mən istərdim ki, ümumiyyətlə dünyada qaçqınlar günü qeyd olunmasın. Dünyanın heç bir yerində, o cümlədən Azərbaycanda qaçqınlar qalmasın. Heç kim qaçqın adını daşımasın. İşğal olunmuş torpaqlarımız geri qaytarılsın”.

“Ədalət” qəzetinin əməkdaşı Əbülfət Mədətoğlu: “Dünyada qaçqınlığı ifadə edən sanballı rəqəm var. Biz onlar içərisində bir damlayıq. Beynəlxalq təşkilatların nümayəndələri gəzirlər. Gedib Yerevanda yeyib-içirlər. Mən də qalmışam baxa-baxa ki, bunun axırı necə olacaq. Qaçqınlıq bir-iki il olar. Münaqişənin yaşı artıq gəlib oğlumla yaşıd olub. Qaçqınlığı canımızdan çıxartmaq üçün ya qazi olmalıyıq, ya da şəhid. Amma biz hələ tərədüddəyik. Düşünürəm ki, nə vaxtsa cəsarət tapıb qərar verəcəyik. Qaçqın doğulmadıq ki, qaçqın da ölək. Bakının ətrafında neçə qaçqın şəhərciyi var. Çox təəssüfləndirici bir şeydir. Mən istərdim ki, tezliklə torpaqlarımızın azadlığı məsələsi ilə məşğul olaq. Qaçqın üçün nə qədər şərait yaradılır yaradılsın, yenə də bilirsən ki, aldığın nəfəs sənin deyil, evinin divarında sənin əl izin yoxdursa o doğma yer ola bilməz. Döyüşək, ölək amma doğma yurdumuzu azad edək. Mən belə düşünürəm”.

Musavat.com-un redaktoru Xalid Kazımlı: “Dünən saytlarda gördüm ki, belə bir Beynəlxalq Qaçqınlar günü var. Orda BMT-nin yaydığı bir məlumat gözümə dəydi. Hazırda dünyada 45 milyon qaçqın var yəni ölüm, qorxu, işgəncədən qaçan insanlar. Orda bir qeyd də var idi ki, dünyada hər 4 saniyədə bir nəfər məcburən öz yaşadığı yeri tərk etməyə məcbur olur. Bu çox acınacaqlı bir statistikadır. XXI əsrin bu günündə dünyada 45 milyon insan dünyanın ən ağır yaşayış vəziyyətində yaşayır. Bu onu göstərir ki, cəmiyyət kamilləşməyə getmir. Günü-gündən aqressiya artır. Təəssüf ki, 1 milyon qaçqın da bizim ölkəmizdədir. Belə görürəm ki, BMT və qüdrətli dövlətlər nəhayət bu qaçqın kütlələrinin qarşısı almaq üçün despotlara, diktatorlara öz təzyiqlərini göstərməlidirlər ki, bunlar öz istədikləri dövlətlərə hücum edib əhalini evlərindən qovmasınlar. Deportasiya genosidə bərabərdir. Əgər günümüzdə genosid həyata keçirilirsə, deməli, bu məsələni beynəlxalq birlik həll etməlidir”.  

 

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır