Modern.az

Hakiminin adı İlqar, məhbusu Xəlil Rza, vəkili Qabil...

Hakiminin adı İlqar, məhbusu Xəlil Rza, vəkili Qabil...

21 İyun 2013, 22:20

Hörmətli redaksiya, 1990-cı ilin yanvar hadisələrindən sonra Xəlil Rza Ulutürk də həbs olunaraq Moskvaya aparıldı. Lefortovo zindanına salındı. 11 aydan sonra isə Bakıda şairin məhkəməsi başlandı. Hakimin adı İlqar Abbasov  idi.

Burda bir haşiyə çıxım. Günlərin bir günü şəhərdə artıq müstəqil Azərbaycanın Yasamal rayon Məhkəməsinin sədri işləyən İlqar müəllimə rast gəldim. Hal-əhval tutdum. Onun bir hərəkətinə görə xüsusi simpatiyam vardı. Atamın Xəlil Rzanın məhkəməsində ictimai vəkil kimi çıxışından dərhal sonra böyük şairimizi azadlığa buraxdığına görə. Bu indi adi görünə bilər. Amma Sovet dövrü, 11 ay Lefortova həbsxanasında yatan bir adamı məhkəmə zalından azadlığa buraxmaq ağlasığan deyildi. İlqar müəllim atamı soruşdu. Bir gileyin də bildirdi:

-  Mahir, Qabil müəllim o məhkəmədən sonra söz vermişdi ki, mənə şeir həsr etsin. Nə oldu? Gözləyirəm.

Şer dünyaya gəlmədi, İlqar müəllim. Amma Sizin ovaxtkı prizmadan baxsaq,  göstərdiyiniz cəsarət heç vaxt yadımdan çıxmır. Atamın o vaxt bir hakim kimi məhkəmə zalında Sizə etdiyi müraciəti oxucuların da diqqətinə çatdırıram.

22 iyun Xəlil Rza Ulutürkün ölüm günüdür. Allah Xəlil əmimə rəhmət eləsin! 

QABİL

ƏDALƏT TƏLƏB EDİRİK

Mən heç bir şeir yazmasam da,

Arif olan duyur məni.

Şairin şah əsəridir,

Şəxsiyyəti, ləyaqəti.

Vaxt oldu ki, pərt yaşadım,

Bir az ağır, sərt yaşadım,

Fəqət bilən yaxşı bilir

Ömrümün hər qırpımını.

Çiyni uca, mərd yaşadım.

Bu sətrləri mən Xəlil Rzanın kitablarından xüsusi bir səylə axtarıb tapmamışam. Bu motiv, bu ruh onun bütün yaradıcılığına aiddir. Məşhur “Davam edir 37” şeiri də xüsusi, təsadüfi bir ovqatla, sensasiya, reklam xarakterli qəzəblə yazılmamışdı. Bu hələ otuz il əvvəl “Azadlığı istəmirəm qram-qram” deyən gənc Xəlilin mövqeyi, əqidəsi, həyata, tarixə, həqiqətə və yalana olan münasibəti idi, bədii-estetik mövqeyi idi, vətəndaşlıq qənaəti idi.

Alnıaçıq, üzüağ, ürəyi ipək, iradəsi qranit  Xəlil Rzamız! Nəinki qarışqaya, hətta bağda tənəklərin dibini açarkən ilana, əqrəbə də qıymayan bir şairi, alimi, ziyalını millətlərarası nifaqda, iğtişaşda günahlandırıb zindana saldılar.

Ədəbi əlaqələrdən elmi əsərlər yazan, dünya xalqlarının ən gözəl poeziya yarpaqlarını dilimizə tərcümə edib cild-cild kitablar çap etdirən, dahi Nizaminin “Xəmsə”sinin böyük bir qismini Azərbaycanca səsləndirən bir qələm, elm, zəka sahibini, hətta respublika ərazisindəki həbsxanalarda saxlamağa da etibar etmədilər. Axırıncı dəfə onu qanlı yanvarın 23-də Akademiyanın Kommunist küçəsindəki binasının böyük zalında, kürsüdə gördüm. Onda hamı odlu-alovluydu. Sonra çoxunun odu söndü... külü qalmadı. Xəlilin odu sönmədi. Xəlil dediyindən dönmədi. O, hamımızın ürəyindən dedi. Ancaq hamımız, içi mən qarışıq ona xilas əli, məhz xilas əli uzada bilmədik.

Fikir, kin, qəzəb, nifrət ifadə etmək axı heç hüquqi cəhətdən də cinayət, maddi əməl hesab edilə bilməz.

Qoy indiyə kimi və heç vaxt, heç kəsə qıymayan, hamıya havadar olan Xəlil Rza kimi bir şəxsiyyəti vəhşi bir rəftar və amansızlıqla qorxulu bir cani kimi svetoforun qırmızı işığında dayanan maşından yerə salıb, başqa maşına basıb həbsə alanlar, onu mühakimə edəcək möhtərəm hakimlər min dir qana-qırğına bais olmuş, olan və olmaqda davam edən erməni qatil ziyalılarını – şairlərini, alimlərini, məhbəsdə deputat seçilmiş liderlərini də, Xəlil Rzanı da, Azərbaycanın Xəlil Rzalar kimi günahsız müqəssirlərini də gözlərinin qabağına gətirsinlər, müqayisə etsinlər. Hüquqi, ictimai qiymətdə və cəza təyinində insaflı, vicdanlı və obyektiv olsunlar!

Lap axırıncı dəfə isə məhbus (adamın dili gəlmir) Xəlil bəyi Mərkəzi Televiziya ekranında gördük. “Silva xanım...” sözünə görə çoxları ona “dönük” dedi. Lap elə mənim də ürəyimə xal düşdü. Şairin vəkili, qocaman, təcrübəli hüquqqşünas Hacı Rəhmanov deyir ki, bəs Azərbaycanın məşhur ədəbi şəxsiyyəti, elmlər doktoru, qüdrətli, insanpərvər şairi nə deyəydi, necə deyəydi. Bütün ölkə və dünya qarşısında söyüşmü söyəydi, kobudmu danışaydı. Onsuz da mərkəzi mətbuatın və bütün informasiya vasitələrinin iftira və böhtanlar yağdırdığı xalqımızın başını aşağı salaydı?

Tamamilə doğrudur! Xəlil kimi adam yaltaq, qorxaq, laqeyd, ikiüzlü olsaydı, bu qədər bəlalara düçar olmazdı, həbsdə yatmazdı və günahsız müqəssir kimi məhkəməyə gətirilməzdi. Yox,  mən o fikirdən çox uzağam ki,  hamı üçün Xəlil və Xəlil emosiyası etalon, meyar olmalıdır. O da qətiyyən vacib deyil ki, hünər və cəsarət sahibi hökmən həbsxanaya düşməlidir. Bu dünyadır, taledir, min cür səbəb var, şərait var.

Ancaq, qorxaqlıq və cəsarət insanın cövhərində, qanında, canındadır ki, bəd ayaqda o saat üzə çıxır.

Qardaşımız, qələm dostumuz, coşğun, üzügülər, qaya kimi sərt və şirindil Xəlil Rza ilə məhkəmə salonunda görüşmək hamımız üçün çox ağırdır.

Gəlin, bir səslə ədalət məhkəməsindən, haqq divanından ədalət, insaf-mürüvvət tələb edək. Ay camaat, bir məhkəmənin ki, sədrinin adı İlqar, vəkili Qabil ola, Xəlil Rza məhbusluqda qala bilərmi?

XƏLİL RZAYA AZADLIQ!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir