Modern.az. elektron mediada ilk dəfə olaraq müasir Cənubi Azərbaycan ədəbiyyatının təqdimatına başlayıb. Azərbaycan Yazıçılar Birliyinin Cənub ədəbiyyatı şöbəsi ilə birgə, ortaq layihə çərçivəsində oxucular cənublu yazarların yeni nəsli ilə tanış olmaq imkanı qazanır. O tayla bu tay arasında qarşılıqlı ədəbi körpü yaradan bu layihədə qonağımız bu dəfə AYB-nin Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruzdur.
Sayman Aruz (Həsənzadə) 1977-ci ilin mart ayında, Güney Azərbaycanın Sulduz şəhərində anadan olub. “Sükut kimi sakit”, “Barışıq xətabələri”, “Bahar gəlmədi”, “Paltarlarım adamsızdır” və yenicə çapa verilmiş “A hərfinə uduzmaq” adlı şeir toplularının və eyni zamanda “Yüz il inqilab” və çapa hazırlanan “Bizi öldürməyə gəlirlər” adlı romanların müəllifidir. Dünya Azərbaycanlı Yazarlar qurumunun təsisçisi və rəhbəri, həm də Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiridir.
Aşağıda “A” hərfinə uduzmaq” kitabından nümunə şeirləri təqdim edirik:
Yad ölkə adı kimi tanınan yurd yerimizə
Cəsarətin varsa buyur,
Adımı adının yanına bağlamışam.
Və özümü gün çıxmaz meşələrində qandallamışam qursağına.
Şadlıq evi dolu bağırsağına.
Buyur məni buyur.
Oyna məni, oynad məni,
Keçi keçməz qayalarımdan keç məni nə olar?
Ala sevim səni, sən eylə xəyanət məni nə olar?
Lap gəl apar şəhərdən uzaq dustaqlarda et məni nə olar?
Oynaşın olum eeeyyyy!
Oturduğum yerdə başıma gəldin.
Başına gəlim eeeyyy!
Zindanda gördüyüm qara çarpayıya bənzəyirsən,
Üstüvə çıxdımsa yoxam.
Bəxtəvər olmaq üçün Bəxtavər* olmalıyam
Və damarlarımda qan yerinə
Diktator laxtalanmalıdır.
Tuş gəlmişəm sənə günahın yoxdu.
Bağışlayın! Sizdə bir az azadlıq yoxdu?
Zillə mənə gözlərini.
Qara, qapqara mərmilərini.
Zolla baxışlarını qoy qanayım.
Zolağ aç dərimin üstündə qoy qocalım.
Qəcələ* kimi qocalım səni.
Qəbələ* kimi boylanım səni.
Zolaqlarımda daşıyım Vətəni.
Sevirəm demə, ətim tökülür.
Boynum çiyinlərimə bükülür.
Vətənimsən axı, bədənimsən,
Axı sən Ermənistanda neynirsən?
Oynaşın olum eeeyyy,
Oynaş axtarmayasan.
Özünü hər adamın qucağına qoymayasan.
Vətənimsən axı bədənimsən.
İntihar edəndə səni kəsirəm qollarımda.
Sevəndə səni sevirəm sulu-südlü qızlarında.
İçəndə səni içirəm dimidrollu araqlarında.
Ala daraxla məni darağınla tüfəng!
Qoy darma dağın olum Vətən.
Dırmıxla məni, dara mıxla.
Nə olar gəl məni çarmıxla.
Qoyma Qarabağ yıxıla.
Qoyma Təbrizin sıxıla.
Məni görüm Sulduzun sulu düzlərində boğulum.
Olmaya istəyirsən Xəzərdə doğula-doğula
Gedim Kaspiyində boğulum!?
Özümə çatan yerdə tıxacına ilişirəm
Qırmızı ışıqlarına ilişirəm
Və qadınım da boyasının yerinə qan sürtür dodaqlarına.
İnqilab elə o qanlı dodaqlardan başlayır.
Səni uduram
Səni uduram
Səni unuduram.
Fasiləmiz, yataqdır!
Fasiləmiz, yataqdır!
Özünü tapşırıbsan qan qruplarına.
Onlar da gedib-qarışıblar oynaşlarına.
Üzlərinin ağlığı boyadandır.
Aldanma gülüm, aldanma
Özünü möhkəm saxla.
Vətənimsən axı, papağımsan
Düşürsən yerə abırım gedir.
Axı sən ermənistanda neynirsən?
Bəxtavər: Güney Azərbaycanda milli fəalların biridir. Onu iş yerində, damarına hava vuraraq şəhid etmişdilər
Sən gözəlsən ya azadlıq?
Sən gözəlsən ya azadlıq?
Ey gözəlliyin zindanların darıxmasından da sıxıcı!
Sən gözəlsən ya ölüm?
Divarlarını sürüm-sürüm sürünürdüm zindanın
Adını gəzirdi,
Adını yazırdı çəkilmiş dırnaqlarım.
Kişiliyimi pozurdu zindanbanım
Namus-deyə namussuzluğa bürünürdüm
Səni düşünürdüm
Səni düşünürdüm...
Boy-deyə boylanırdım bağımsızlığa
Bağlı, məftilli, uca pəncərəyə.
Zindanın yeganə ağacına dəxillənirdim
Qan alırdım sulu damarlarından
Asılırdım ucalığından
Vasil olurdum özümə
Cəhənnəmin ortasına.
Səni düşürdüm, səni
Gəl ye məni
Gəl yu məni
Sonra gizli bir qəbirdə quyla məni!
Gül olurdum divarda
Gəl olurdum divarda
İsa olurdum
Musa olurdum
Cadugər olurdum
Açılmırdı qandallarım
Və qanlı azadlığımda
Dibimə çatırdım!
Sənsiz olurdum zindanda
Zindanda olurdum sənsiz!
Soyundurdular
Və sulu bədənlərimizi sillələdilər
Salavat çevirdilər salavat
Saldırırdılar içalatıma
Inancımın ortasına.
Of belə, of belənçi azadlığıma!
Səni düşünürdüm səni
Heç zaman bürünmədiyim kəfəni
Və ürəyim,
Güvəncimin kəffarəsini tullayırdı sifətimə,
İy çəkirdim əllərini
Qıvrılırdım gədələrin qollarına
Için-için ağlayırdım eşiyimi.
Hayqırırdım var-yoxumun qəpik-quruşlarını.
Buraxın deyirdim məni, buraxın!
Məni aparın onun gözəlliyindən asın!
Qulaq asın mənə, qulaq asın!
Ölümümü alıram
Həyatımız ki bir paraya dəymədi!
Sirrimi divarlara yazdım
Və günəşin batmasını gözlədim!
Ağıllı olmaq istəyirsənsə ölü ol,
Ölü ol.
Sabahlar,
Sükut kimi sakit olacaqsan
Və təqvimlər səni daşıyacaqlar
Və balıqlar səndən danışacaqlar.
Kəlmələr edam olunacaq
Kəlmələr edam olunacaq!
Duman Ərdəmə:
Gözəllik,
Sənin canlandırdığın möcüzədir.
Yoxsa bu mənim ağzımda və onun əllərindəki dəmir
Həqiqətin nöqsanıdır qısa-qısa dolanır ağzı-əllərimizə.
Burda
Qanun
ədaləti dilənməyə oturur
və yaşama oxşar bir şey cərəyandadır.
Cərəyan dadı dadır bütün hadisələr.
Sən isə girdə-dolaşıq bu girdabın ortasında qalırsan.
Qablıyırlar sənə həyatı səsin çıxmır
Və Qabili yox səni doğuran qabiləni qaba tutub,
Buyur donbal qabağında deyirlər, təzim elə!
Nə var-nə var səni salıb bu çirkabın kitabına fahişə!
Sonra da qəhbələrin başını kəsib “Ana yasa”ya yapışdırılar,
“Ana yasaq”dır deyirlər.
Gərək tüpürəm amma üfürürəm bu közə.
Qoy alışsın yansın.
Bu cərəyan”cəhrə” c-yı ilə yazılıb dostum!
Qaça-qaçırtdılar bizi ölkəmizdən.
Qurumsağı porsuqnan* qorxudan
Özü qorxudan öləcək
Və zindanların nəmişində Havaii adalarını yadına salıb
“Pox yedim vallah məni buraxın” deyəcək.
Sonra da təvvab* olub Amerikaya gedəcək!
Adamda şərəf olsun gərək
Milli olanda nə olar!
Sözümü deyə bilmirəm axı neynirəm bu həyatı?
Dostum, düşmənimdir divar olubdur damba-damb başıma çalınır,
Qeyrətim Araz kimi axır ortalıqda var yoxumu bölə-bölə sulanır,
Sülənir illər boyudur böyümür, ağıllanmır.
Atana lənət deyirəm Araz!
Səni bizə ürcah eliyəni eləsinlər, eləsinlər, eləsinlər, dura bilməsin üzümüzə.
Üzümüz axı çoxlu üzlər görür “Q”lanır.
Üzü üz görənin başını kəsirlər “Ana yasaqdır” düzəldirlər adamı.
Başımı ayağıma çırpıram,
Tuuuu səin sifətinə məni gətirdin buraya!
Yeri yaraya-xoraya, bir də xatirəyə ,bir də xuxana dolmuş buraya.
Dinmə-danışma lal ol! Laaaaləələəəəər...laaləələər...
Aşıq söz tapanmayanda nanay-nanayım gəlir...
Nanay-nanay aşiqəm
Naşi sevgi, naşi qəm
Gəlin öldürün məni
Mən Mikayil Müşfiqəm!
Dinmə-danışma lal ol deport olarsan ha!
Göyərçini deport edirlər bu qaqaşlar!
Ədə dami dəyişərik amma dəni dəyişmərik biz.
Adam olarıq amma ad-am olmarıq biz.
Nə olsun yaranı-xoranı bir də zəhrimarı uduram amma dinmirəm mən.
Tüpürüm o sözə ki, dilimə yapışıb amma dillənə bilmir.
Vətəni istəyirəm mən, tənlərin tərini.
Zindanların zirramasında böyüyən cücələri.
Zəlimxan, zülümxan, zalimxan
By Elxandı, bu Telmandı, bu Sayman
Bu sənin imarətin o da onların türbələri...
Hardasa Hollivudun filimlərini yada salır.
Öldürürürlər ölürük,
Öldürürürlər ölürük.
ölürük qəhrəman olmuruq, olmur.
Ortamızda vətən boyda fasilə var
Vətən boyda xəyanət.
Hardasa Bollivudun filimlərini yada salır.
Yarı qəhrəman, yarı aşiq, yarı kasıb, yarı heçzadıq biz
Uzağı hardasa ya haçansa
Lirik bir mahnı ola bilərik
Və yazıqyana- yazıqyana hansısa axmağı ağlada bilərik bəlkə də.
Bu həqiqətin nöqsanıdır dostum.
Qarşımda uzun bir yol var.
Səndən hərəkət , məndən bərəkət “Milli hərəkət”!
Yatanı oyadan olar, özünü yuxuda verəni yox!
Şirra-şir vətənin dibinə su qoşurlar
Və yuxularımda cavan uşaqları görürəm ki, ölürlər.
Səidimsən* heeeeyyyyy! Mən burdayam!
Ədalətin nöqsanında
və həyat kimi bir şey cərəyandadır.
Biri alır, biri satır, millət isə qıra batır, qarmağa batır.
Uzaqdan baxırsan döyüşdür,
Yaxına gəlirsən öpüşdür, görüşdür!
Ədə alın bu qara-quruların əlindən millətçiliyi
daşdı bu, dəmirdi bu, oddu bu, Cızdı bu.
Ad deyil ki, anlamdı bu, şərəfdi bu.
Adama verməzlər qazanmalısan, qanmalısan.
Biri alır, biri satır. Biri isə zindanda yatır...
Təbriz, Bakı, Ankara
Düşmən hara biz hara?
Araz axır, Kürd axır.
Isfahandan fars baxır.
Moskvadan Rus baxır,
Qarabağdan erməni.
*
Damarsız yarımın yarasını sarımağa durdum, sarıyanmadım.
Əlim qoluma bağlı idi, qolumsa qanuna.
Mükafatımsa sən idin.
Gözəllik sənin möcüzəndir ,
Ay sənsən
Özünü bu qalmaqaldan bir qırağa çəkibsən
Və bizə baxırsan!
Porsuq: diksindirmək
Səid: Səid Muğanlı və bütün zindanda olan milli fəallar nəzərdə tutulur
Təvvab: tövbə eliyib zindandan canını qurtarana deyərlər
Hazırladı: Elmin Nuri