Modern.az

Gülüstana aparan şifrələr

Gülüstana aparan şifrələr

22 İyun 2013, 14:08

Elmin Nuri

(konspiroloji esse)

Ey bülbüli-qüdsi nə  giriftari qəfəssən
Sındır qəfəsi tazə gülüstan tələb eylə
(İmaddədin Nəsimi)

Neçə vaxt idi ki, ancaq bu misraları dilinin əzbəri edən,   heç kəslə dinib danışmayan Jəmu Dəmunu  artıq heç kəs qəbul etmirdi. Onsuz da kütlə kütlüyünün qurbanı olan  bu müdrik gənc   indi  daha da  özünə  qapanmış və ustadından yadigar qalan,  dağılmaqda olan dərgahda guşənişin həyat keçirirdi.  

Özünü Allahda əritmək istəyirdi və beləcə bütün dünya özü-özlüyündə onun nəzərində əriyirdi.

Həqiqətə tərəf qaçırdı. Geriyə dönəndə görürdü ki, insanlar ona baxır və  gülür. “Bu dəli yenə hara qaçır”  deyirdilər. O,  amma hardasa bir həqiqət görmüşdü və özünü tanıyandan onun arxasıyca qaçmağa çalışırdı.

– “Həqiqətdə  itmək özünü tapmaqdır.

Özünü kəşf həqiqəti zinətləndirir. Çünki kəşf olunan hər bir insan ruhu Həqiqət adlı ümmana əlavə olunur və ona daha çox parlaqlıq gətirir.”

Bu cür fikirləşirdi öz-özünə  Jəmu Dəmun və bir də son zamanlar bu tərəflərə səfər edən Anadolu dərvişinin bağışladığı neyi yanıqlı-yanıqlı dilləndirəndən sonra  öz-özünə elə hey təkrar edirdi:

Ey bülbüli-qüdsi nı giriftari qəfəssən
Sındır qəfəsi tazı gülüstan tələb eylə…

Bir gün neyə o  qədər aludə oldu ki, özünü tamamən  o İlahi sədaya təslim etdi. O səsə qarşıdı, o səs kimi axdı və qəflətən gəlib çölün düzündə çiynində heybə,  əlində əsa başında digər sufi təriqətlərindən fərqli olan  papaq qoymuş biri ilə rastlaşdı. 

– Kimsən sən?

– Kimliyimiz Günəşdəndir, zərrəni bil bizlərdən hali ol!

– Mən hardayam?

– Kamilliklə cahilliyin ayırdığı ağ xəttin üstündə. Əbədiyyətə aparan bir  xətt. Saf elminə, saf ruhuna aparır bu xətt.

– Hara gedəcəyik biz?

–Bax hər şey orda.. Səmalardan o tərəfdə , ağ xəttin bitdiyi nöqtədə başlayır. Ağ xətt bitəndən sonra sən başlayırsan. Deməli bu dünyadakı cismin və fəaliyyətin əslində Əsil Səni formalaşdırmaq üçün bir vasitəçidirlər. Sən olandan sonra artıq onlar olmur. Onlar səni var edir özləri yoxluğa qovuşur, sən əbədiyyət qazanırsan onlar isə  boşluq.

– Kimsən sən?.... Əldən düşmüş Jəmu-Dəmun yalvarıcı nəzərlərlə qarşısındakı kamildən soruşdu.

– “İnsan canı sanki tilsim nurunu Haqq qatmış ona

 Kim özünü belə görə bir mələkdir deyil bəşər.
 Hər bir zərrə yaranmışdır, bircə nurun şöləsindən
 Bir dəryanın suları da yağış olar dürrə bənzər.

Son yazdığım hikmətlərdir . Özündə xeyli gizli şifrələri qoruyub saxlayır.  Gizli kainat, kiçik kainat və böyük kainat həmçinin onların arasında qarşılıqlı işıq alveri bu beytlərin cövhəridir (əsrlər keçəcək,  XX əsr gələcək və yalnız bu zaman alimlər, özü də ən böyük alimlər biləcək ki, mikrokosmos və makrokosmos əlaqələri bəşəriyyətin ən böyük elmidir. Mikrokosmos – insan və makrokosmos kainat bir birilə daima enerji mübadiləsində olur. İnsan  kainatdan hər saniyə müsbət və mənfi yüklü ionlar alır, həmçinin özü də eyni tərkibli ionları kainata ötürməkdədir. Onu da qeyd edək ki,  insanın kainata ötürdüyü bu informasiyalar müxtəlif kodlar şəklində oun yaddaşında qorunub saxlanılır. Kainat öz gizli elmlərinə insandan,  yəni mikro formasından keçərək çatır.  Qərb alimlərinin XX əsrin sonunda kəşf edə biləcəkləri bu qənaətlərə Nəsimi hələ XİV əsrdə yiyələnmişdi . E. N). Jəmu- Dəmun bu misraların sahibinin böyük Nəsimi olduğunu anladı və ağzın açmağa cəsarət belə etmədi. Nəsə demək onun üçün ən ağır cəzaya çevrilmişdi az  qala,  Nəsimi bunu görüb heybəsindən bir kağız bağlaması çıxardı və ona uzatdı .

– Al burda səni sıxıntıdan çıxara biləcək xeyli sirlər var. Bu sözlərdəki hikmət və gizli cövhərlər səni aludə olduğun kimsəsizlikdən qurtaracaq. Sənə zərrələrin böyüklüyü və Günəşə varmalar barədə cövhərlər verdim. Bu cövhər sənin qəfəslərini sındıracaq. Öz içində özünü həbs etdiyin  yeddi qəfəs var. (yenə XXİ əsr gələcək və yenə alimlər, özü də ən böyük alimlər müəyyən edəcək ki, insanın ruhi inkişafı 7 mərhələdən keçir. Bütün informasiya mübadilələri ümumdünya şəbəkə toru bu yeddi məqamın mahiyyətini əks etməkdədir Nəsimi isə bunu öz dövründə deyə biləcək qədər dahi idi – E.N.). 

Jəmu Dəmun təəccüb içində qaldı. Nəsimidən nəsə soruşmaq istəyirdi. Filosof heç nə demədi. əlini onun çiyninə vurdu və ahəngdar səslə dedi:

Ey bülbüli-qüdsi nə  giriftari qəfəssən
Sındır qəfəsi tazə gülüstan tələb eylə

Jəmu-Dəmun hiss etdi ki vaxtdı. Ney sədası bitən kimi o da yenidən özünə qayıtdı. Amma beynindəki hücrələrə nə isə yapışıb qalmışdı. Ney onun ustadı Nəsimi ilə görüşdürmüşdü.  O,  çəkisizlik halını yaşayırdı, uçmaqda idi artıq. Ney həm də ona kağızdakı bilgiləri beyninə yığmışdı.

Jəmu-Dəmun artıq kütlənin içinə çıxmaq vaxtı olduğunu hiss etdi. Həmişə çıxış etdiyi meydan və meydandakı kürsü artıq onun çün darıxmışdı…

Nəsimin verdiyi  kağızdakı gizli şifrələr və xüsusi hikmət kodları həmçinin onların insanı qəfəsdən qurtarmaq, sıxıntıdan xilas etmə qabiliyyəti Jəmu-Dəmun öz nitqində insanlara çatdırır:

 I  gövhər

Bahar gəldi, bahar gəldi, yaşıl geydi bahar gəldi
Uzaqlaş qüssədən ey dil, əlində mey nigar gəldi.

– Nəsimi Allahın hikmət dəryasından bir-çox damlaları ruhunda yaşadırdı. O öz ruhundan 3 gövhər ayıraraq bizlərə sovqat yolladı. O damla-gövhərlərin içində üzə bilmək xilasımız. ! Mənəvi,  ruhi xilasımız.  Dediyim beyt ilk gövhərin evidir. Özü yox,  evi ,yaxud da  libası. Həqiqət orda yaşayır.  Bahar gəldi deyir, böyük ustad. Hamınız onu mövsümlə əlaqələndirərsiz. Əsla elə deyil! Qədimdə bir hind müdriki varmış. Şagirdlərinə deyərmiş. “Ruhunuza toxumlar səpmişəm. Baharın yetişməyinə az qalıb. Sakitliyimə və müdrikliyimə qərq olun,  könlünüzdə günəş   olsun!”

Ustad Nəsiminin də dediyi bu!  Ruhumuzda yetişəcək bahar  yaşıllaşmaqda olan çiçəklər əvvəlki halımıza dönməkdə bizlərə yardımçı olacaq. İnsan övladı yer üzünə gələndə öz baharından ayrılıb gəlir. Amma hamı gedəndə öz baharına qovuşmayacaq. Yer üzü ruhu yaşıllaşdırmağın çox üsulunu  insana göstərir amma səd heyf ki, hamı bu yaşıllığı yetişdirə bilmir. (sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük   Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi  artıq onun üzərinə fəna aləminin qapılarını açır. O, öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz,  buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki , real həyatda mart ayının sonlarında bahar gəldikdən sonra təbiət  qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhi aləmində də bu hallar baş verir. Belə ki, fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma,  bu ayılmadan sonra bədəninə yayılan enerji və bu enerjinin dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilası halları baş verir. Bir sözlə İlahi aspektə doğru hərəkət edərək insan bioloji varlığı ilə ruhi varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz,  bu vahid İlahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində Bahariyyə adlanır. E.N.) 

Ustad sizlərə bahar göstərir. Uzaqda olmayan baharı. Ruhunuz  çoxqatlı yaşıllıqları özündə gizlədir. Ondan xəbərsizsiniz , öz qışınıza bürünmüsüz. Ruhi soyuqluq sizi məhv edəcək, ruhi soyuqluq sizi məhv edəcək... Son cümləni təkrar edə-edə halı dəyişən Jəmu-Dəmunə hamı məftunedici nəzərlərlə baxırdı. Artıq o özündən keçmişdi və özü də bilmədi ki,  nə vaxt Nəsimidən aldığı ikinci qızıl damlanı insanların üzərinə səpdi... 

II cövhər

Fanilikdən keçən kimi taparsan
 Vasitəsiz sən cövhəri- bəqanı... 

İlahi həqiqətə çatmaq uğrunda çox əziyyətlər çəkən ilk sufi xanım Rəbiyyə əl- ədəviyyə deyir:
-“Kim bizə sevdiyimizi göstərə bilər?”

Köməkçisi deyir: - “Sevdiyimiz bizimlədir amma dünyəvi həyat onu bizdən uzaqlaşdırır.”
Yenə hind müdriklərindən biridən danışacam. Onun da çoxlu tələbələri var idi. Hamısına bu fikri öyrədirdi: “Əgər biz Allahın içərisində  yaşayırıqsa, dünya yox olur, əgər dünyanın içərisində yaşayırıqsa demək Allah yox olur”. Biz öz məkanımızı itirəndə xoşbəxtliyə uzaqdan baxırıq. Hər bir insana xoşbəxtlik öz məkanında - vətənində bəxş  edilib. (Bu vətən Azərbaycan deyəndə yada düşən  vətən sözü deyil. Sırf fəlsəfi məna daşıyır. İnsanın yaşadığı,  yaxud yaşamalı olduğu nur aləminin ümumi adıdır.  Hər bir insan bir vətənə malikdir.  Bütün vətənlərin isə ümumi bir vətəni var. E. N) Sevginizi özünə vətən seçən insan çox dəyərlidir. Mən Jəmu-Dəmun, uzun müddət sizlərdən ayrı yaşadım. Sizlərlə qaynayıb-qarışmadım. Evimdən kənara çıxmadım. Əslində öz vətənimdən kənara çıxmırdım. Ruhumun yaşadığı məkandan çox kənarda idiniz. Ona görə də sizlərə çox uzadan baxırdım. Amma sizlər məni çox yaxından görürdüz. Bəlkə də elə bu idi məni sizin gözünüzdə kiçildən. Uzağa baxmağı bacarmayan insan hər şeyi yaxınında zənn edir. (Nəsiminin ikinci cövhəri də çox dəyərlidir. Belə ki, burada istər Şərq,  istərsə də Qərb fəlsəfəsinin mübahisə mövzusu olan məsələlər çox böyük ustalıqla öz həllini tapır. Azadlıq məfhumu məhz, bu konteksdə öz əsil mahiyyətinə çatır. İndi hamısı istər real həyatda , istər elektron aləmdə, sosial şəbəkələrdə Azadlıq, azadlıq!” deyərək qışqırır. Amma azadlıq deyilən məfhum bir neçə fəlsəfi qatların keçilməsi, qaranlıq divarların yıxılmasından sonra insana qonaq olan məfhumdur. Əslində o insanın ruhundadır. Sadəcə olaraq bəzi divarlar onu görməyə qoymur. Fəna aləminə yolçuluq əslində azadlıq axtarışı deməkdir. İnsan ruhunda  azadlıq baharda yaşıllıq deməkdir. Yaşıllıq olmasa  bahar olmaz E. N)

III gövhər

Bəxtim Günəşi doğduğu uyqudan oyandı
Mənisi bu ki, dövləti bidarımı buldum.

– Axı siz niyə ölümdən qorxursuz? Bir işi ki,  gündə yüz kərə görürsüz. Ondan niyə qorxursuz?  Ölüm başqasına nifrət etdiyin vaxt səni tapır. Çünki həmin an artıq sən olmursan. Həmin vaxt nifrət deyilən bir qoca, ifritə qarı timsallı məxluq var ki,  sən onun içində nəfəs alan ölüsən. Ölüm şəhvani hisslər yaşayanda sizi tapır. Öz içində hərəkət edən ölü kimi sizi saxlar. Və siz də o nə desə onu edərsiz. Madam ki,  gündə bu qədər ölürsüz, onda, ölüm adı gələndə niyə qaçırsız. ? Niyə simanızı dəhşət bürüyür. ? Axı siz ölməyi çox gözəl bacarırsız. Ustadımız Nəsimi də üçüncü gövhərdə ölümdən qurtulmanı sizə təlqin edir. Eşidin dünyanı dəyişmək ölüm deyil. Siz aləmləri dəyişirsiz. Ölüm deyilən zad ancaq yer üzünün işidir. Günəş sizi gözləməkdə,  ona doğru varın. Hər birinizi ruhunuzun ucqarlarında qat-qat divarlardan o tərəfə bir Günəş gözləyir. Onu bulun. Orda bahar da var, azadlıq da var, Günəş də var...

Jəmu-Dəmun. Bu sözləri deyərək kürsüdən düşdü. Adamların bəziləri ona həsədlə baxırdı. Dəli saydıqları bu adam onlara Günəşə çatmağın yollarını öyrədirdi. Amma bəziləri hayana vurnuxurdularsa başlarının üstündə qaranlığı görürdülər. Və bilirdilər ki, Günəş onlardan çox uzaqdadır, çooooxx uzaqda...

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir