Modern.az

Sən mənim anamsan!

Sən mənim anamsan!

Ədəbi̇yyat

22 İyun 2013, 16:34

Afaq ŞIXLI

...Artıq 20 ilə yaxındır ki, doğum günüm mənimçün qəribə duyğusallıq, kövrəklik və hətta göz yaşları ilə müşayət olunur. Artıq 20 ilə yaxındır mən bu günü sevmirəm. Bunun nədənini ilk dəfə olaraq yazmaq, oxucularımla bölüşmək ehtiyacı duyuram. Və bu il həmin günü anamla, əzizlərimlə keçirmək arzumu boğa bilmədiyimi hiss edirəm. Sabah Bakıya yola düşürəm. Buna bir az da sevimli yazar dostum Əkbər Qoşalının Dünya Gənc Türk Yazarlar Birliyinin 15-ci yubiley Qurultayına və Türk Dünyası Şeir Şölənində iştirak və çıxış etmək təklifi təkan oldu, deyə bilərəm. Amma necə olur-olsun, bu il doğum günümdə Vətənimdə olacam.

Hər Bakıya gəldiyimdə ilk görmək istədiyim insan – bibimdir. Qəribənizə gəlməsin, çünki bibi dediyim qadın – mənim Anamdır! Hər kəs öz anasına “Ana” deyə müraciət edir, mənsə “bibi” deyirəm. Nədən? Çünki, ömrümün 25 ilini bu fədakar, qayğıkeş, cəfakeş insanın mənim bibim olduğunu düşünmüşəm. “Dünyada heç kəsin bibisi onu belə çox sevə bilməz”,- demiş və körpəliyimdən içimdə ona qarşı izahı mümkün olmayan sonsuz, incə duyğular bəsləmişəm. 25 yaşımda isə, məni böyüdən və “ana” dediyim insanın - bibim, “bibi” dediyim qadınınsa məni dünyaya gətirən anam olduğunu öyrənmişəm.

Bu xəbəri necə qarşıladığımı soruşan olsa, filmlərdə baxdığımız və romanlarda oxuduğumuz əhvalatlarla heç bir oxşarlığı olmadığını deməliyəm. Yəqin ki, mənə məlum əsərlərin yazarları belə bir halı yaşamayan insanlar olduqları üçün, romantik və duyğulu epizodlar qələmə alaraq qəlbləri riqqətə gətirməyə çalışmışlar. Əslində isə, bu - bir neçə anda bir həyatın başqa bir həyatla əvəz olunması, hisslərin uçurum başında dayanması, sonradan isə qalan ömrün “bəlkə”lər və “nədən”lər içərisində yaşanması deməkdir. Filmlərdə, adətən, bunu öyrənən övladlar inciyib küsür, təkliyə qapılır..., onu başa salmağa və könlünü almağa çalışırlar. Həyatda isə tamam başqa səhnələr yaşanılır.

Azərbaycanın baş geoloqu, alim, mühəndis Arif Şərif bəy oğlu Şixlinsikinin ailəsində dünyaya gələn beşinci övlad mən olmuşam. Övladı olmayan bibimin himayəsinə verilərək böyümüş, ali təhsil almış, ailə qurmuş və yalnız iki övlad anası olduğum zaman əsil ata-anamın kim olduğunu öyrənmişəm. 40 illik müəllimlik təcrübəsi olan (Azərbaycan dili və ədəbiyyatı) olan ana dediyim müdrik insan – rəhmətlik Afitab xanım Şıxlinskaya - mənə həyatda çox şey vermişdir. Ədəbiyyata vurğunluğum və şeirə olan ölməz sevgim, irsiyyətdən əlavə, bəlkə də onun tərbiyəsinin məhsuludur. Lakin, hər necə olur-olsun, insan öz doğma anasının kimliyini öyrənərkən, hələ bu ananın onun ta körpəliyindən bəri bütün çətin anlarında yanında olduğunu, hər zaman, hər an öz varlığı ilə ona dayaq olduğunu xatırlayarkən, onu nədən bu qədər dərin, həsrətli məhəbbətlə sevməsinin səbəbini anlayarkən, istər-istəməz dərindən ANAM deyib boynuna sarılmaq istəyini boğa bilmir... amma boğmağa məcbur olur. Və bu məcburiyyət insanın ruhunu anbaan, günbəgün sarsıdır, kimsənin anlaya bilməyəcəyi hüzünlərə səbəb olur.

Atamı – doğma atamı, həqiqətləri bildiyimdən 2-3 il sonra itirdim. Onu doyunca əzizləmək mənə nəsib olmadı. Və bu bir neçə il ərzində də gözlərini gözümə baxdırmadı atam. Səbəbini heç zaman bilməyəcəm... Amma anam ki, sagdır. Onu ki, əzizləyə bilərəm?!

Beləcə, hər Bakıya gəldiyimdə, körpəliyimdən bəri məndən və ondan asılı olmayan səbəblər üzündən, səsinə, özünə, nəfəsinə həsrət qaldığım, indi isə qürbət həyatı ucbatından ildə yalnız bir-iki dəfə görə bildiyim anamı görməyə can atıram. Amma mən onun görüşünə getmək əvəzinə, qapını açıb içəri girdiyimdən cəmi bir neçə dəqiqə sonra, o mənim görüşümə gəlmiş olur. ...Və hər dəfə qapının zəngi çalınanda, ürəyimdə “sənə qurban olum, ana” desəm də, qapını açdığımda, illər vərdişi ilə “bibi” deyib boynuna sarılıram.

Bir neçə gün ürək sözlərimiz bitib-tükənmir. Hətta gecələri belə danışmaqdan, bir-birimizin söhbətini dinləməkdən doymuruq. Anamın nəfəsini, səsini, kövrək əllərilə saçlarıma çəkdiyi

sığalı, bişirib qarşıma qoyduğu yeməyin ləzzətini dünyanın bütün var-dövlətinə dəyişmərəm. Bu elə bir sərvətdir ki, onun yerini verəcək heç nə ola bilməz.

Sevimli şairimiz Məmməd İsmayıl tez-tez mənə mərhum anasından danışır, kövrəlir, gözləri dolurdu... Bir-birinin ardınca anası Gülzar xanıma həsr etdiyi şeirlərdən söyləyir... lakin yenə də ürəyi boşalmırdı. Əksinə, ana yoxluğunun yerinin sızım-sızım sızladığının hiss edirdim... Belə anlarda anamı görmək ehtiyacı duyurdum. Onun, uzaqda olsa da, dünyada olması mənə güc verirdi, Allaha min şükür edirdim.

Anam – Mirvari xanım Şıxlinskaya - bütün ömrünü balalarına, həyat yoldaşına və evinin sonsuz sayda qonaq-qarasına həsr edib. “Bibingilə gedirik” deyəndə, sevincimin həddi-hüdudu olmurdu. Bibi sözünün arxasında - məni hər kəsdən daha artıq sevən, dadlı-duzlu yeməkləri bir siniyə düzüb mən yeməyincə arxamca gəzən, sahil parkında ürəyim istədiyi bütün yelləncəklərə mindirən, ağrıyanda, xəstələnəndə yatağımın yanından çəkilməyən, bütün günü yorulub əldən düşməsinə rəğmən, yenə də maraqlı nağıllar və əhvalatlar danışıb bizi əyləndirməyə özündə güc tapa bilən bir insan dururdu. Və bu insanı görmək mənimçün ən böyük sevinc idi. Bibi uşaqları bildiyim, canımdan artıq sevdiyim bacı-qardaşlarımdan, bu get-gəlli, qonaq-qaralı, hay-küylü evdən və ən əsası da müdrik nənəm Məsumə xanımdan ayrılıb yalnız kitablarımla baş-başa qaldığım evə getmək hər zaman ağrılı olurdu. Bəzən, “niyə bizim evdə də nənə yoxdur, niyə mənim bacım, qardaşım yoxdur” deyə ağladığım da olurdu. Sonra isə, bacılı-qardaşlı həyatları əsk etdirən macəra dolu, canlı həyatlar yaşanan kitablara sarılar, gecəni sübhə kimi gözlərim qapanınca oxuyardım.

Bəlkə də bu sətirləri oxuyunca anam kövrələcək, ağlayacaq. Ona heç zaman demədiyim və bundan sonra da sözlə deməyəcəyim bu hisslərim onun qəlbinin başına od salacaq. Amma, mən tək böyüməyimin ağrı-acılarının səbəbini anamda görmürəm. O öz həyat yoldaşının bacısına övlad bağışlayaraq bir ailənin dağılmasının qarşısını almışdı. Anam böyük ürək sahibi olduğu üçün bu fədakarlığı etmişdi. Heç zaman heyifsiləndiyini söyləməsə də, mən onun içindən nələr keçdiyini anlamamış deyiləm. Bircə dəfə, yaxın günlərdə, mənə “sən bizə gəlib gedəndən sonra ətrin burnumdan getmirdi” demişdi, sonra isə söhbəti dəyişmişdi anam.

Ana, ay ana! Sən məndən daha xöşbəxt olmusan! Sən mənim ətrimin necə olduğunu bilmisən, mən isə bacı-qardaş ətrinin necə olduğunu heç zaman bilməmişəm. Gəlinciklərimə ad qöyub, onlara bacı deyib yatağımda yatırtmışam. Qardaşlar bacılarını qoruyarkən, hətəydə, məktəbdə müdafiə edərkən, axşamlar institutun qarşısında qarşılayarkən – hər dəfə gözlərim dolub.

Ana, sənin böyük ürəyində hər kəsə yer olub, amma nə yazıq ki, isti qucağında mənə yer olmayıb. İndi isə, hər məın Bakıya gəldiyimdə mənimlə yatır, əlinlə yedirir, saçımı tumarlayırsan... körpə kimi. Halbuki mən artıq körpə deyiləm. Lakin əllərinin istisinə hər zaman möhtac olacam.

Məni dünyaya gətirdiyin üçün sağ ol! Sağ ol ki, qanımda axan misralarla sənə olan sevgimi izhar edə bilirəm. Əlirza Həsrətin dediyi kimi, “Mən sənin ən duyğulu əsərinəm!” Sən də mənim şeir dolu dünyamsan, ana!

Anama “Səni çox sevirəm, ana!” demək istəyirəm. Bunu dəfələrlə desəm belə, hər zaman sevərək oxuduğu bu qəzetin səhifələrindən bir də öz gözlərilə oxumasını istəyirəm.

Ana, səni çox sevirəm! Hər dəfə yanılıb “bibi” dediyimdə məni bağışla. Sən mənim Anamsan və bu həqiqəti dəyişməyə bir daha kimsənin gücü yetməyəcək!

Sözlərimi adətim üzrə bir şeirlə bitirir və bizi dünyaya gətirən, bizə can verən, həyat verən analarımıza uzun ömür diləyirəm!

Bir insan var dünyada,

bilirsən ki, o səni hər kəsdən çox istəyir!

Nə qədər yorulsa da,

sən gəlib çıxmayınca, yollarını gözləyir!

Bir insan var dünyada,

öz ömrünü-gününü sənə qurban eləyir!

Bir dəfə çağıranda dilinə şəkər qatıb

yüz dəfə “can” söyləyir!

Bir insan var dünyada,

nəfəsilə isidib, canına can qatır o!

Həzin laylalarıyla

sən yuxuya gedəndə, bəlkə bir az yatır o!

Bir insan var dünyada,

gəncliyi solsa belə yenə tərdi, gözəldi!

Onun adı səninçün

hər bir addan şirindi, hər bir addan əzəldi!

Qoruyur mələk kimi,

min bir dərddən hifz edir, kömək olur insana!

Bütün kainat bilir,

bu müqəddəs varlığın adı – ANAdır! ANA!

06.13.

Moskva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir