Modern.az

İnformasiya cəmiyyətinin İncə Çiçəyi

İnformasiya cəmiyyətinin İncə Çiçəyi

22 İyun 2013, 16:43

Məti Osmanoğlu

Bu qeydləri qələmə almağa məni vadar eləyən Facebook vasitəçiliyi ilə “İncə günü – İncəgülü saz və söz şöləni”nə dəvət edilməyim və həmin tədbirin tarixçəsini araşdırarkən apardığım müşahidələr, diqqətimi çəkən məqamlar oldu. İnternet şəbəkəsində yerləşdirimiş materiallarla tanış olduqca özüm üçün bir qədər gözlənilməz və gözlənilməz olduğu qədər də maraqlı prosesin şahidi, iştirakçısı olduğum qənaətinə gəldim. Tovuz rayonunda hazırlanıb oradan da efirə yayılan “Türkel TV”nin əməkdaşı Çiçək Mahmudqızının hazırladığı proqramları, təşkil etdiyi, quruluş verib apardığı tədbirləri (hamısını olmasa da) nəzərdən keçirəndə ölkəmizin mədəni həyatında yeni bir istiqamətin formalaşmaqda olduğunun fərqinə vardım. Bu prosesin önünüdə bəzilərini yaxından tanıdığım və  ədəbiyyatda, sənətdə yeni yol açmağa, yeni səviyyə, estetik sistem müəyyənləşdirməyə iddialı olan adamların olduğunu görsəydim, bəlkə mənə o qədər də gözlənilməz olmazdı. İşin sürpriz tərəfi içində yaşadığımız yeni zəmanənin – “informasiya cəmiyyətinin” dolğun mədəni hadisələrindən birinin əyalətdə yaranmağı, saz və ənənəvi söz üstündə meydana gəlməyidir...   

İki ildir Azərbaycanın ən ucqar nöqtələrindən birində, Qazax rayonunun Ermənistanla sərhədində yerləşən İncə dərəsində təşkil olunan “İncə günü – İncəgülü saz və söz şöləni”ni ölkəmizin müasir mədəni həyatının mühüm hadisəsi adlandırmağa heç bir tərəddüd etmirəm. Əslən İncədən olan şairə Çiçək Mahmudqızının böyük zəhmət və fədakarlıq hesabına araya-ərsəyə gətirdiyi bu şölən müasir tarixi gerçəklik kontekstində böyük ictimai məna və əhəmiyyət daşıyır. Tədbirin ən mühüm cəhəti isə “informasiya cəmiyyətinin” yeni bir təzahürü kimi yaranması və “informasiya cəmiyyətinə”  təsir göstərmək, onu hərəkətə gətirmək gücündə olan hadisəyə çevrilməsidir.  

Getdikcə balacalaşan və daralan dünyada gedən qlobal proseslər fonunda bu gün Azərbaycan mədəniyyəti özünün bir keyfiyyət mərhələsindən digərinə transformasiya dövrünü (“keçid dövrü” deməkdən çox ehtiyatlanıram) yaşayır. Dünya boyunca baş verən qlobal proses – “informasiya cəmiyyətinin” formalaşması, ictimai və fərdi münasibətlərin informasiyalaşması, başqa sözlə desək, informasiya texnika və texnologiyalarının  qeyri-adi inkişafı ilə cəmiyyətdə ən kasıbından ən varlısına qədər hər kəsin gündəlik həyatına daxil olması mədəniyyətə köklü təsir göstərir və təbiidir ki, Azərbaycan da bu prosesdən kənarda qalmır. Daha bir əsaslı faktor isə Azərbaycanın özündə milli səviyyədə gedən proseslərlə bağlıdır: müstəqillik qazanandan sonra yeni siyasi, ictimai və mədəni şərtlər daxilində yaşayan ölkədə bir çox keyfiyyətlər zamanın sınağından keçir. Zaman bizim toplum üçün daha sürtətlə ötür, bir çox dəyərlər, dəyərlərə münasibət sürətlə dəyişir. Bu baş gicəlləndirən dəyişmələr içində  nəyi və nələrisə itirir, nəyi və nələrisə qazanırıq. Beləliklə, Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan incəsənət: bədii söz, musiqi, teatr, kono, rəssamlıq yeni dövrün reallıqları ilə yan-yana, çiyin-çiyinə yol gedir və bəzən uçurumun qaşından keçən, bəzən ağzı yoxuşa dirənən yolda nələr baş verdiyni izləmək çox maraqlıdır...

Milli mədəniyyətin başlıca təkamül qüvvəsi olan elitar və ya seçmə sənət bugünkü informalasiyaşma prosesinin önə çıxardığı “kütləvi mədəniyyətə” bir çox cəhətdən ayaq uydura bilmir: KVN ciddi teatrı üstələyir; meyxanaya və dedektivə (bunu da “nəsrin meyxanası” adlandırmaq olar) maraq ciddi ədəbiyyata marağın önündədir (hələ demirəm ki, “Tı kto takoy, davay dosvidaniya” beynəlxalq miqyasda maraqları fəth edir); cəmiyyətin təsəvvüründə “Eurovision” kimi kütləvi mahnı yarışmaları(!) musiqinin etalonuna çevrilir; kinonun, rəssamlığın hansı istiqamətə getdiyi ictimaiyyəti o qədər də maraqlandırmır (və ya qayğılandırmır)... Bu qarışıqlığın içində maraqlı tendensiyalar da müşahidə olunur, ciddi ictimai rezonans yarada biləcək hadisələr baş verir: məsələn, muğam müsabiqəsinin yaratdığı ictimai əks-səda kimi (Bu yerdə mötərizə açıb, diqqəti bir məqama yönəltməyə zərurət duyuram ki, həmin tədbiri daha çox onun məhz müsabiqə, yarışma olması kütləviləşdirir –müsabiqə qalibləri sonradan tədricən ictimai yaddaşın arxa planına keçirlər). Hər il Qəbələdə keçirilən və dünyanın nüfuzlu musiqi xadimlərini bir araya gətirən beynəlxalq musiqi festivalı, Bakıda təşkil olunan rəsm, foto sərgiləri, ayrı-ayrı ölkələrin kino festivalları, görkəmli şəxsiyyətlərə həsr olunmuş rəsmi yubiley mərasimləri... Böyük vəsaitlər qoyulan bu tədbirlər lazımlı olmaqla yanaşı, açıq demək lazımdır ki, hələ öz missiyasını tam doğrulda, necə deyərlər, qoyulan investisiyanı qaytara bilmir. İctimaiyyətin çox vaxt laqeydlik göstərdiyi belə tədbirlər rəsmiyyət çərçivəsindən çıxıb, ictimaiyyətin daha geniş təbəqələrinin marağına yol tapmır, öz elitar çevrəsinə qapalı qalır. Onların AzTV ilə təqdimatı isə rəsmiyyət ruhunu bir qədər də artırır. Bu, bəlkə, Azərbaycanda mədəniyyətin elitar layının “informasiya cəmiyyətinə” daxil olmağa, burada özünə yer tapmağa tərəddüdünün göstəricisi  kimi də yozula bilər: ölkəmizin parlamentində hələ də sosial şəbəkələrə qadağa qoyulması kimi əcaib təkliflər səslənir...       

Belə bir şəraitdə mədəni həyatı daha geniş üfüqlər boyunca dalğalandıra biləcək hadisələrə və həmin hadisələri yaratmağa qadir fədakar insanlara çox böyük ehtiyac duyulur (rəsmi komissiyaya, səlahiyyətli quruma deyil, məhz İnsan(lar)a). Bu baxımdan, Çiçək Mahmudqızının təkbaşına meydana qoyduğu “İncə günü – İncəgülü saz və söz şöləni” müstəsna tarixi məna kəsb edir. Azərbaycanın müasir mədəniyyətində özünəməxsus yeri olan ucqar bir bölgədə zamanla səsləşən, müasir dövrün çağırışlarına cavab verən, ictimai fikrə təsiri olan belə bir tədbirin təşkil edilib ünvanına – ictimaiyyətə çatdırılması, ən mühümü isə ictimaiyyət tərəfindən qəbul edilməsi öz məzmununa və dəyərinə görə ciddi dövlət əhəmiyyəti daşıyır.

Sinəsi üç kəndə ana qoynu olan İncə dərəsində Hacı Mahmud əfəndi Qərani kimi insanların and yerinə çevrilmiş nüfuzlu tarixi şəxsiyyətin, Aşıq Avdı Qaymaqlı kimi nəhəng sənət korifeyinin, Azərbaycanın milli azadlıq mübarizəsində, xüsusilə azad mətbuatın yaranıb formalaşmasında müqayisəyəgəlməz xidmətləri olmuş şair Ağamalı Sadiq Əfəndinin, Azərbaycan ədədbiyyatında və jurnalistikasında bənzərsiz iz qoymuş Akif Səmədin, şair-jurnalist Aslan Kəmərlinin, Aşıq Cəlal, Aşıq Şəmistan, Aşıq Kərəm kimi sənətkarların məzarları başında anılması mənəvi dəyərlərimizə sahib çıxmağın layiqli nümunəsidir.  Məmməd İlqar, Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Rəfael İncəyurd, Məhməmməd Astanbəyli (bu siyahının başında Çiçək xanımın özünü qeyd etmək daha ədalətli olardı) kimi şairlərin, söz adamlarının;  saz-söz sənətimizi layiqincə yaşadan, ona müasir ruh verən istedadlı aşıqların – Şaiqin, Qəribin, Nazimin, İlhamın, Hüsənin, Həsənin ata-ana yurdunun ayağına gəlmələri, doğma insanlar qarşısında çıxış etmələri və buradan dünyaya səslənmək imkanı qazanmaları cəmiyyətin düşüncəsinə müsbət impuls  verən, eyni zamanda geniş ictimai əks-səda doğuran qiymətli təşəbbüsdür.

Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, “İncə günü – İncəgülü saz və söz şöləni” məhəlli (lokal) hadisə deyil, yeni tarixi gerçəkliyin yaratdığı və Azərbaycan Respublikasının coğrafi hüdudlarından çox-çox uzaqlarda əks-səda doğuran milli hadisədir. Yəni bu cür tədbirlərin keçirilməsi yalnız hansısa bir elin-obanın (konkret olaraq, İncə dərəsinin) mənafeyinə deyil, dövlətin və bütövlüklə millətin mənafeyinə xidmət edir.

Əslində, şölən iştirakçılarının, burada çıxış edənlərin coğrafi mənsubiyyəti də təkcə İncə dərəsi  və ya Qazax rayonu ilə məhdudlaşmır: bu il bu şöləndə Cənubi Azərbaycandan Aşıq Məhbub Xəlili kimi nadir istedad sahibi iştirak etdi, Borçalının, Azərbaycanın müxtəlif rayonlarının, xüsusilə də işğal altında olan bölgələrin saz-söz adamları bir araya gəldilər. Türkiyədən Aşıq Maksud Fəryadi tədbirə çağdaş texnologiyanın yaratdığı imkanlar üzərindən qatıldı.  Əli Quliyevin - müasir virtuoz saz ifaçılığı ustadının saz və söz şölənin başında olması məclisə ayrı dəyər gətirdi. Əldə olunan ən yaxşı nəticə isə budur ki, şölən İncə dərəsindən dünyaya yol sala bildi, dünyadakı azərbaycanlılara milli  dəyərlərimizi nümayiş etdirdi. Bu uğurun təminatçısı şölənin özünü “informasiya cəmiyyətinin” üzvü kimi təsdiqləyə bilməsindədir. Çünki “İncə günü – İncəgülü”  yeni “informasiya cəmiyyətinin” qarşısına yeni dəyərlərlə çıxır, belə demək mümkündürsə, “informasiya cəmiyyətinin”  mənəvi tələbatına  yeni tarixi reallıqların meydana gətirdiyi resurslar (mənəvi və texniki) ilə cavab verir. Əslində, “informasiya cəmiyyətinin” ən böyük və qorxunc təhlükəsi ənənəyə güclü rəqiblər (qənimlər) yaratmasıdır. Lakin  “İncə günü – İncəgülü saz və söz şöləni” elə bir enerjiyə malikdir ki, yeni informasiya texnika və texnologiyaları onun timsalında ənənənin, kökə və torpağa bağlılığın daşıyıcısına, ötürücüsünə çevrilir, sabahı əndişə yaradan ənənəvi mədəniyyəti yeni tarixi mənzilə aparır. Təşkilat işlərinin bir çoxu məhz sosial informasiya kanalları vasitəsilə həyata keçirilir: tədbir Facebook vasitəsilə anons edilir, dəvətnamələr sosial şəbəkə üzərindən çatdırılır. Tədbir gedərkən Azərbaycandan kənarda olan insanlar müasir texnologiyaların yardımı ilə tədbirin gedişinə qatılır. Şölən başa çatandan sonra da informasiya texnologiyaları dövrədə qalır, internet üzərindən yayılan “Türkel TV” onun yayılmasını təmin edir. Proqram efirdə yayıldıqdan sonra yenidən sosial paylaşım şəbəkələrinə yüklənir və ona efirdə baxmaq imkanı olmayan hər kəsə çatdırılır. Sosial şəbəkələrdə zəncirvari paylaşımlar edilir. Beləliklə də saza, sözə, sənətə, ən əsası isə torpağa və doğma yurda sevgisi olan hər kəs bu səxavətli şölənin yaratdığı dalğanın enerjisindən bəhrələnə bilir.

Bu həm də daim unudulmaq, yaddan çıxmaq qorxusu yaşayan ənənəvi sənətin və ənənəvi dəyərlərin populyarlaşdırılması, kütləviləşdirilməsi, milli sərvət kimi cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürülməsi baxımından çox önəmlidir.  Bu, tarixin yetişdirdiyi, cəmiyyət qarşısına qoyduğu ictimai sifarişdir.

Şölənin təqdimatı baxımından bir neçə arzumu da ifadə etmədən sözün üstündən keçə bilmirəm. Çiçək xanımın çəkdiyi zəhmətin ağırlığı, fiziki miqyasları nə qədər böyük olsa da, şölənin əhatə dairəsini bir qədər də genişləndirmək mümkün idi: iki gün davam edən tədbir zamanı İncə dərəsində toxunan zərif naxışlı xalçaların yığcam sərgisini təşkil etmək, ən azından bənzərsiz əl işləri olan bu xalçalardan fon kimi istifadə etmək çox faydalı olardı: həm misli-bərabəri olmayan qeyri-adi gözəlliyi nümayiş etdirmək, həm də bazara təqdim etmək cəhətdən –  yaşadığımız iqtisadi şəraitdə İncə dərəsi kimi ucqar bölgələrin bazara açılımına böyük ehtiyac var. Mübaliğəsiz demək olar ki, İncə dərəsinin xalçaları burada yetişmiş aşıq və poeziya sənətindən heç də geri qalmır və əslində, bu üç sənət bir-birini üzvi şəkildə tamamlayır. Yaxud əslən bu torpağın yetirmələri olan istedadlı rəssamların – Nəvai Məmmədoğlunun, Qafar Sarıvəllinin, Məmməd Dərimçioğlunun rəsm əsərlərini, eləcə də dizayn işlərini sərgiləmək işin keyfiyyətini və rəngarəngliyini daha da artıra, işgüzarlıq səviyyəsini yüksəldə bilərdi. Ən istisna halda, şölənin televiziya təqdimatı zamanı həm İncəli xalçalarından, həm də rəssamların əsərlərindən yığcam vernisajların hazırlanıb təqdim olunması onun sanbalına sanbal qatardı və ümidvaram ki, Çiçək xanım gələcək layihələrini hazırlayarkən bu qeydlər üzərində də düşünəcək...  

Mənə elə gəlir ki, Çiçək Mahmudqızının uğurlu təcrübəsindən istifadə edib, sırf ictimai təşəbbüsün bəhrəsi olan bu cür tədbirlərin coğrafiyasını daha da genişləndirmək mümkündür və lazımdır: məsələn, Şuşa, Kəlbəcər, Ağdam, Gülablı, Mərcanlı, Müskanlı... günü  kimi sənət şölənlərinin keçirilməsi həm dünyanın diqqətini işğal altında olan bölgələrimizə cəlb etmək, həm də hər qarış torpağının özünəməxsus dadı olan yurdumuzun mənəvi dəyərlərinin yaşadılması, o torpaqdan kənarda doğulmuş insanlara ötürülməsi baxımından faydalı ola bilərdi. Sadəcə, burada ictimaiyyət arasından təşəbbüskar və fədakar insanların ortaya çıxmasına, xalqın mənəvi tələbatı ilə tamas qurulmasına ehtiyac var.     

İnternet vasitəsilə tanış olduğum daha bir maraqlı sənət hadisəsi də Çiçək xanımın “Bənövşə yaşlar” kitabının təqdimatı oldu. Kəpəzin qoynunda, Göygölün üstündə, Toğana kəndində açıq havada qurulmuş bu meydan tədbiri həm sənət və elm adamlarını bir araya gətirmək, həm də bu mərasimi estetik baxımdan yüksək səviyyədə qurmaq və sonradan yaya bilmək, kütləviləşdirmək baxımından qiymətləndirilməli, təqdir olunmalıdır. Burada təkcə Çiçək xanımın şeirlər kitabı deyil, söz, sənət, sənətə sevgi, eləcə də Azərbaycan təbiəti təqdim və təbliğ olunur. Bu da bir həqiqətdir ki, kitabın təqdimatı və həmin təqdimatın televiziya yayımı kitabın özündən daha böyük təsir yaratmaq gücünə malikdir.

Çiçək Mamudqızının “Türkel TV”də apardığı proqram da daim dəyişən, yeniləşən dünyada saz və söz meydanı kimi milli dəyərlərimizə xidmət edir. Çiçək xanımın televiziya proqramlarının təsir və əhəmiyyət dairəsi, düzənlədiyi saz-söz şölənlərinin ictimai əhəmiyyəti, gördüyü və görəcəyi işlərin miqyasları barədə düşünəndə beynimdə təxminən yüz qırx il əvvəl Xan qızı Natəvanın Qarabağdakı fəaliyyəti, şeir yaradıcılığı ilə müqayisə yaranır. “Özgələri sevən, sevdirən, gülən, Özümü ağlayan gözümdəsənmiş” yazan Çiçək Mahmudqızının şeir dünyası ilə “Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı, Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı” yazan Natəvanın ruh aləmi arasında doğmalıq nəzərdən yayınmır... Lakin həqiqətin əsli budur ki, Natəvan ədəbiyyatda nəzərə çarpan dəyişiklik eləyə bilməsə də, XIX əsrin ikinci yarısında Azərbaycan ictimai fikrinin yeni keyiyyət mərhələsinə daxil olmasında onun böyük rolu oldu. Patriarxal kəndli həyat tərzindən “sənayeləşmə cəmiyyətinə” keçməyə məcbur (məhkum) olan Azərbaycan mədəniyyətinin kəskin keyfiyyət transformasiyası yaşadığı, toplumda milli ideologiya, milli mənafe anlayışlarının bərqərar olduğu dönəmdə Xan qızı öz təşkilatçılıq fəaliyyəti (“Məclisi-üns” ədəbi məclisinin qurulması, xeyriyyəçilik işləri və s.) ilə böyük milli missiya yerinə yetirirdi. Bu səylər nəticəsində yeni yaranmış mühitdə yeni keyfiyyətli mədəniyyətin meydana gəlməsinə yol açılırdı. Məsələn, o dövrdə Qarabağda muğam sənətinin həm ifa texnikası dəyişdi, həm də muğam elitar şərq musiqisindən milli Azərbaycan musiqisinə çevrildi və bu kök üstündə milli operamız yarandı. O mühitdən Nəcəf bəy, Üzeyir bəy, Firudin bəy, Əbdürrəhim bəy kimi milli mədəniyyətimizin yaradıcıları olan şəxsiyyətlər yetişdi... 

Çiçək Mahmudqızının təşəbbüsü ələ alıb böyük fəadkarlıqla təşkil etdiyi saz-söz yığıncaqları və  “Türkel TV”də apardığı proqram bu gün bizimlə informasiya dilində danışan zamanın çağırışına bəzən öz mənəvi ehtiyacını çətin ifadə edən ictimaiyyətin qəlbindən gələn cavabdır və mən gələcəyin üfüqlərində bu azman işlərin incə çizgilərini görürəm...    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu